MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Niyə ona "Qədir ağacı" deyirlər?

Yəqin "qədir ağacı əkəcəm" ifadəsini eşitmisiniz. Adətən insanlar arasında istehza ilə deyilən bu ifadə qədir-qiymətin bilinməməsi anlamını daşıyır. Bəs bu qədir ağacı nədir, həqiqətən mövcuddurmu?

Bu ifadənin dilimizə Sibir və Tayqada yaşayan türklərdən keçməsi ehtimal olunur. Çünki sözügedən qədir ağacı əsasən bu ərazilərdə bitib və sonra digər coğrafiyalara yayılıb. Qədir ağacı ifadəsi möhkəmlik və uzun ömür rəmzi olan kedr (sidr) ağacının (latınca cedrus) təhrifi nəticəsində yaranıb. Kedr ağacı 40-50 metr hündürlüyə malik həmişəyaşıl ağacdır. Qiymətli və ətirli oduncağından mebel istehsalı və gəmiçilikdə istifadə edilir. Bu ağacdan tikilən taxta evlər çox davamlı olur.

Qozalarından dadlı mürəbbə bişirilir. Bundan əlavə, iynəyə bənzəyən yarpaqlarından və qozalarından hazırlanan şərbətlərlə müxtəlif xəstəliklər müalicə edilir. Yağlı toxumları yeyilir və müalicəvi xüsusiyyəti var. Çox qədim bitkilərdən sayılan və eroziyaya qarşı xeyirli olan kedr ağacı 500, bəzən 3000 ilə qədər yaşayır.

Qədimdə türklər bu ağacdan büt yonub, ona Tanrı kimi ibadət edib. Bundan əlavə, türk hökmdarlarının böyük qələbələr qazanması, taxta çıxması və yeni şahzadənin dünyaya gəlməsi münasibətilə kedr ağacı əkilib. Beləcə, şahları, hökmdarları şərəfləndirmək üçün əkilən kedr ağacı zamanla istehzalı bir ifadəyə çevrilib.

Sən demə, bəşəriyyət bu dövrdə...

Afrika və Avrasiya ərazilərində arxeoloji qazıntılar aparan elm adamları təxminən 930 il bundan əvvəl bəşəriyyətin sürətlə azaldığını müəyyən ediblər. Alimlər belə qənaətə gəliblər ki, həmin dövrdə bəşəriyyət "darboğaz"dan ("darboğaz" effekti - müəyyən müddət ərzində müxtəlif səbəblərdən genetik müxtəlifliyin, populyasiyanın sayında kritik azalma) keçib.

"Sözcü" saytında yayımlanan araşdırmanın nəticələri artan insanların sayının təxminən 77 dəfə azaldığını və nəticədə 1280 fərd təşkil etdiyini göstərib. Məhz bu səbəbdən ehtimal olunur ki, bəşəriyyət yox olmaq təhlükəsi ilə üzləşib. Alimlərin fikrincə, "darboğaz" bəşəriyyətin genofonduna (populyasiyada genlərin cəmi) o qədər təsir edib ki, genetik müxtəliflik baxımından insanlar hələ də bəzi primatlardan geri qalır. Populyasiyanın bu dərəcədə kritik azalması "Buz dövrü" kimi tanınan "Pleystosen" dövründə ciddi iqlim dəyişiklikləri, eləcə də sonrakı növlərin əmələgəlmə prosesi ilə üst-üstə düşüb.

Xoşbəxtlik mifdir, yoxsa reallıq?

Cənubi Koliforniya Universitetinin alimləri xoşbəxtliyin reallıqla heç bir əlaqəsi olmadığını iddia edirlər. Onların fikrincə, xoşbəxtlik mifdir və sadəcə təxəyyülümüzün məhsuludur.

50 min nəfər üzərində aparılan araşdırmanın nəticələri göstərib ki, insanlar 100 faiz xoşbəxtlik hissi keçirməyə qadir deyil. Əgər bir insan özünü hansısa məqamda sevincli, xoşbəxt hiss edirsə, həmin anda o, bir neçə hiss keçirir: təəccüb, narahatlıq, qorxu və kədər emosiyaları. Alimlərin fikrincə, məhz bu baxımdan insan üçün xoşbəxt olmaq əsl problemdir. Təcrübələr göstərir ki, insanın yaşı nə qədər artırsa, onun özünü xoşbəxt hiss etmək şansı bir o qədər azalır. Hətta həyatın hansısa anında xoşbəxtlik hissini keçirsə belə zamanla bu hiss tamamilə başqalaşır və sonralar normal qarşılanır. İnsan anlayır ki, dünyada heç nə 100 faiz pozitiv və ya neqativ ola bilməz. Məhz bu səbəbdən də xoşbəxtliyin mif olduğuna inanılır.

Onlar da bizi səsimizdən tanıyır

Amerikalı elm adamları evdə saxlanan pişiklər kimi pişikimilər fəsiləsinə aid olan digər vəhşi heyvanların da onlara qulluq edən insanların səslərini tanıya bildiyini müəyyən ediblər. Qeyd edək ki, əvvəllər bu qabiliyyətin yalnız ev pişiklərində olduğuna inanılırdı.

Miçiqan ştatının Oakland Universitetinin tədqiqatçıları hətta evdə saxlanan vəhşi pişiklərin də insan baxıcılarının səslərini digər səslərdən ayırd edə bildiyini ortaya çıxarıblar. Araşdırma çərçivəsində alimlər qəfəsdə saxlanılan şir, boz bəbir, qar bəbiri, serval və digər ekzotik pişik növlərini tədqiq ediblər. Səs yazılarından istifadə edən mütəxəssislər bu heyvanların tanış və tanış olmayan insan səslərinə reaksiyasını yoxlayıblar.

Tədqiqatın nəticələri göstərib ki, pişiklər tanımadığı səslərə nisbətən tanış səslərə daha aktiv və intensiv reaksiya verirlər.

Tədqiqat müəllifi Cennifer Vonk qeyd edib ki, vəhşi pişiklərin müxtəlif insan səslərinə köklənmə qabiliyyəti əhliləşdirmə sayəsində deyil, daha çox insanlarla müntəzəm ünsiyyətdən qaynaqlanır. O, həmçinin vurğulayıb ki, bu kəşf heyvanların heyrətamiz qabiliyyətlərinə işıq salır və adətən tək yaşamalarına baxmayaraq, onların sosial bacarıqlarını önə çəkir.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".