İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

"Zaqreb Open" turnirinin ilk günündə 3 medal

Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open" turnirində kişilərdən ibarət Azərbaycan millisi yarışın ilk günündə üç medal qazanıb. 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Qadjiyev bürünc medal uğrunda görüşdə isveçrəli rəqibini məğlub edib. Əliabbas Rzazadə və Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) fəxri kürsüyə qalxıblar. Bununla da Azərbaycan millisi reytinq turnirinin ilk gününü üç medalla başa vurub.

Naxçıvanda beynəlxalq şahmat turniri

Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq reytinqli şahmat turnirinə start verilib. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil olan yarış Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikasının gənclər və idman, təhsil nazirlikləri və Naxçıvan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. 63 şahmatçının qatıldığı turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Yarışda qadın qrossmeyster Zeynəb Məmmədyarova, Fariz Əhmədov, Türkiyədən Efe Kul Özdəmir, paytaxt Bakı və muxtar respublikanın müxtəlif regionlarından şahmatçılar iştirak edirlər. Yanvarın 15-də yekunlaşacaq turnirdə ilk üç yerin sahibləri və müxtəlif nominasiyaların qaliblərinə diplom, eləcə də pul mükafatı təqdim olunacaq. Yekun nəticələr beynəlxalq reytinq hesablamaları üçün FIDE-yə göndəriləcək.

Atletimiz rekorda imza atıb

Azərbaycan atleti Anna Yusupova Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay marafonunda qüvvəsini sınayıb. Finişə 2 saat 42 dəqiqə 32 saniyəyə çatan idmançı 12-ci yeri tutub. O, mükafatçılar sırasına düşə bilməsə də, qadınlar arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekorduna imza atıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".