İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Avropa çempionatında bir gümüş, bir bürünc medal

Polşada III Avropa Oyunlarına dəstək məqsədilə şahmat yarışları keçirilib. Avropa Şahmat İttifaqının təşəbbüsü ilə Krakovda cütlüklərin blits üzrə Avropa çempionatı təşkil olunub. Şəhriyar Məmmədyarovla Günay Məmmədzadədən ibarət Azərbaycan millisi qrup mərhələsində Niderland komandasına məğlub olub, ardınca İsrail komandası ilə heç-heçə edib, Polşa, Rumıniya, Ukrayna və İspaniya idmançılarına qalib gəlib. Son turda komandamız Ermənistanla heç-heçə oynayıb. Qrupda ilk dördlükdə qərarlaşan şahmat duetimiz pley-offa yüksəlib. Dairəvi sistemlə keçirilən yarışın yekununda Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medal qazanıb. Yekun sıralamada komandamız turnir cədvəlində üçüncü yeri tutaraq daha bir mükafata - bürünc medala layiq görülüb.

 

Gimnastlarımız Misirdə üç qızıl medal qazanıblar

Misirin paytaxtı Qahirədə keçirilən "Pharaohs Cup" beynəlxalq turnirə yekun vurulub. Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri üç qızıl medal qazanıblar. Böyüklər arasında Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlükdə, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva üçlük proqramında birinci yeri tutublar. Yeniyetmələrin yarışında isə Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova (üçlük proqramı) qızıl medala yiyələniblər.

 

Üzgüçülük üzrə çempionat start götürüb

İyunun 20-də Bakı Su İdman Sarayında üzgüçülük üzrə Açıq Yay Çempionatına start verilib.  Yarışlarda bölgələrdə fəaliyyət göstərən komandalar da daxil olmaqla 16 komandanın iştirakı gözlənilir.  Açıq Yay Çempionatı Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyi və Bakı Su İdman Sarayının birgə təşkilatçılığı ilə reallaşıb və iyunun 22-dək davam edəcək.

 

Badmintonçularımız beynəlxalq turnirdə iştirak edəcəklər

Yeniyetmə və uşaq badmintonçularımız iyunun 22-dən 25-dək Serbiyanın Novi Sad şəhərində keçiriləcək "Serbian Youth International" turnirində iştirak edəcəklər.  Həbibə Quliyeva U-11, Qəndab Niftəlizadə, Ömər Teymurlu və Fərəc Kərimli U-13, Əli Gözəlov, Aysu Kərimzadə və Leyla Camalzadə isə 15 yaşadək badmintonçuların yarışında şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında ölkəmizi təmsil edəcəklər.  Qeyd edək ki, badmintonçularımız daha öncə İsrail və Estoniyada keçirilən beynəlxalq turnirlərdə iştirak edərək mükafatçılar sırasında yer almışlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".