Vətənin igid oğlu
Region

Vətənin igid oğlu

44 günlük haqq savaşımızda hünər göstərərək adını Azərbaycanın şanlı tarixinə yazan, ölümündən sonra "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda" medalına layiq görülmüş Qardaşxan Elxan oğlu Əhmədlinin canından əziz tutduğu torpağa tapşırıldığı gündən 3 il ötdü.

Xəzər rayonu, Binə qəsəbəsində qəhrəman Vətən sevdalısının əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu. Mərasim iştirakçıları - Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısı aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri onun Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanındakı məzarını ziyarət edib, üstünə təzə güllər düzdülər.

Qardaşxan Əhmədli 1996-cı ildə Lənkəranda dünyaya göz açıb. 6 yaşından sonra ata-anası ilə birgə Binə qəsəbəsinə köçüblər. Vətənə məhəbbət, cəsurluq, kişilik, düşmənə nifrət uşaq vaxtlarında Qardaşxanın qəlbində özünə yer etmişdi. Odur ki, 2015-ci ildə SHXÇDX-nın Lənkəran Şəhər Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə yola salınanda içdiyi and birinci növbədə erməni dığalardan qisas almaq olub. Cəbhə bölgəsində doğma Azərbaycana oğulluq borcunu ləyaqətlə yerinə yetirib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib və sözün əsl mənasında, göstərdiyi şücaətlə adını tarixə yazıb. Həmin ilin iyul ayında xidmətini başa vurduqdan sonra ehtiyata buraxılıb. 2019-cu ilin noyabr ayında ailə həyatı qurub.

İkinci Qarabağ müharibəsi başladığı zaman Qardaşxan Füzuli, Ağdam, Murovdağ istiqamətində gedən döyüşlərdə Vətən naminə alovlardan keçib. Düşmənə sarsıdıcı zərbələr endirib, xeyli sayda canlı qüvvəsini məhv edib, eləcə də yaralı döyüşçüləri ağır müharibə meydanından çıxarıb. Qardaşxan noyabr ayının 7-dən 8-nə keçən gecə Xocavənddə yerləşən Nərgiztəpə istiqamətində gedən savaş zamanı itkin düşüb. Bir müddət Qardaşxandan xəbər çıxmayıb. Nəhayət, dekabr ayının 19-da Qardaşxanın şəhid olduğu bilinib. Sonra isə indiki uyuduğu torpağa əmanət edilib.

Zəfər ORUCOĞLU.