Ağdamın inkişafına həmişə diqqət göstərilib
Region

Ağdamın inkişafına həmişə diqqət göstərilib

Mənalı həyatı, siyasi fəaliyyəti ilə tarixin və zamanın fövqündə dayanan, Azərbaycanın çoxəsrlik taleyində xüsusi yeri olan ulu öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində respublikanın bölgələrinə mütəmadi səfərlər edir, əmək adamları ilə görüşür, onları narahat edən problemlərin həll edilməsinə nail olur, respublikada kənd təsərrüfatının, sənayenin, elmin, təhsilin inkişafına böyük qayğı göstərirdi.

Bu dahi şəxsiyyət Ağdam rayonundan da diqqətini, qayğısını əsirgəməyib. Həmin dövrdə rayonda 100 min tondan çox üzüm, bir o qədər də pambıq istehsal olunub. Keçmiş sovet dönəmində Ağdamda istehsal olunan şərabların sorağı ölkənin hər yerinə yayılıb, bu şərablara tələbat günü-gündən artırdı. Məhz buna görə də Ağdamda onlarla şərab emalı zavodları fəaliyyət göstərirdi. Bu sahənin işçiləri, bir sözlə, üzümçülər yüksək əməkhaqqı və mükafat alırdılar. O dövrdə Ağdama milyonlarla pul daxil olurdu. Təbii ki, bu da adamların güzəranını yaxşılaşdırır, ikimərtəbəli yaraşıqlı evlər tikilir, minik maşınları alınırdı.

Bu barədə Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində "Heydər Əliyevin Azərbaycan elminin və mədəniyyətinin inkişafında rolu" mövzusunda keçirilən tədbirdə məlumat verilib. Ağdam Rayon İcra Hakimiyyəti və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz ruhuna ehtiramlarını ifadə ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və digər çıxış edənlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyevin hər zaman fəxrlə yad ediləcəyini, qürur hissi ilə xatırlanacağını bildiriblər. Çıxış edənlər ulu öndərin Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərdiyindən bəhs edərək Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdaraq qarşıdurmaya, siyasi hərc-mərcliyə son qoyduğunu, respublikada siyasi sabitliyə nail olunduğunu diqqətə çatdırıblar.

 Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ağdamlıların da ürəyindən xəbər verib. Ağdamda ümummilli liderin həyat və fəaliyyətinə həsr edilən tədbirlər planı hazırlanıb.

Salman ALIOĞLU,

"Respublika".