Fransa mediasında Praqadakı “Natəvan” Cəmiyyətinin fransız ictimaiyyətinə açıq məktubu dərc olunub
Diaspora

Fransa mediasında Praqadakı “Natəvan” Cəmiyyətinin fransız ictimaiyyətinə açıq məktubu dərc olunub

Fransanın https://www.lagazetteaz.fr xəbər portalında Praqada fəaliyyət göstərən “Natəvan” Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Leyla Begimin görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Evian-lö Bən şəhərindəki heykəli ilə bağlı Fransa ictimaiyyətinə ünvanlanmış açıq məktubu yayımlanıb.

Müraciətdə azərbaycanlı şairənin abidəsinə qarşı nümayiş etdirilən vandal münasibətin dünyanın müxtəlif ölkələrində yaşayan maarifpərvər və yaradıcı insanlarda çaşqınlıq doğurduğu nəzərə çatdırılıb.

Azərbaycanın xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin həmmüəllifləri olduqları abidənin Evian-lö Bən şəhərindəki “Azərbaycan Parkı”nda 6 il ərzində mövcud olduğu, nəfis sənət əsərinin təkcə multikultural dəyərlərə malik çoxmillətli Azərbaycanı deyil, həm də ümumbəşəri dəyərləri təmsil etdiyi vurğulanıb. Azərbaycanda bütün dini məbədlərin və tarixi abidələrin qorunduğu, görkəmli avropalılara – Volfhanq Amadeo Motsart, Nikola Tesla, Şarl de Qoll və başqalarına heykəllər və barelyeflər qoyulduğu bildirilib.

Qeyd edək ki, Leyla Begim Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiyadakı koordinatoru və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Respublika”.