Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Koronavirus pandemiyası"nı oxuculara təqdim edirik.

"Respublika".

 

Koronavirus pandemiyası

Dünya yaranandan bəri insanların törətdiyi saysız-hesabsız dəhşətli müharibələrə şahidlik edib. Ancaq dünyanı qana çalxalayan insan oğlu bu aləmdəki ali qüdrətin özü olmadığını unutmuş və nəticədə də bunun cəzasını çəkmişdir. Canlı təbiətin ayrılmaz hissəsi olan viruslar müxtəlif dönəmlərdə planetdəki həyatı süqutun bir addımlığına gətiriblər. İnsanlar qədim dövrlərdən bu yana daim "gözəgörünməz düşmənlər"in hücumuna məruz qalaraq onlara qarşı mübarizədə aciz duruma düşüb və yüz milyonlarla itki veriblər. Onlardan biri də 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində yayılan, dünyanın düzənini dəyişdirən koronavirus (COVID) pandemiyasıdır. 2020-ci ilin ilk həftəsindən etibarən yayılaraq dünyanın təbii axarını dəyişən koronavirus pandemiyası elmi-texniki tərəqqinin indiki yüksək səviyyəsində belə bəşəriyyət üçün böyük təhdid yaratdı. Bu pandemiya bəşəriyyətin bu günə qədər üzləşdiyi ən dəhşətli virusların xronikal "hücum tsikli"ni yenidən aktuallaşdırdı.

COVID-19 pandemiyasının miqyasına və təsir gücünə görə İkinci Dünya müharibəsindən sonra bəşəriyyətin üzləşdiyi ilk və qlobal miqyaslı bəla olduğunu desək, yanılmarıq. İki ildən çox müddətdə davam edən bu pandemiya bütün Yer planetində hər kəsin həyatına təsir göstərdi. İnsanlar ağla gəlməyən tərzdə yaşamağa alışdılar - evdən bayıra çıxmaq qadağan olundu, maskasız gəzmək mümkünsüzə çevrildi. Məktəblər, iş yerləri bağlandı...

Bütün dünya bu günə qədər görünməyən bir şəkildə planeti bürümüş koronavirusa qarşı səfərbər olundu. Demək olar ki, bütün dünya ölkələrində karantin elan olundu, xəstəxanalar, dövlət qurumları xüsusi rejimdə çalışdı, hətta bəzi ölkələrdə virusa qarşı ordudan da istifadə edildi. Mübaliğəsiz demək olar ki, planet  bu mövzu ətrafında cəmləşdi. Hökumətlər iqtisadi xilas üçün qanunvericilik zərfləri hazırladı, karantinin yetirə biləcəyi maddi zərərləri minimuma endirmək, insanların həyatına təsir edəcək problemləri aradan qaldırmaq, həmçinin paralel olaraq xəstəliyin yayılmasının qarşısını almaq, onu lokallaşdırmaq, daha çox insanın yoluxmaması üçün təcrid tədbirlər planı həyata keçirdi.

2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Virus yayılmağa başlayandan təxminən 1 il sonra isə ona qarşı peyvənd tapıldı və bütün dünyada yoluxmaların sayı get-gedə aşağı düşdü.

Koronavirus sanki biznes, təhsil, sosial mühiti yenidən nizama saldı. Yüz illərdir bütün  dünyada qurulan sistemi dəyişdirən koronavirus epidemiyası, milyonlarla insanı evinə "həbs etdi", iş dünyasına yeni normalar gətirdi və sosial həyatımızı gözləmədiyimiz nöqtəyə gətirdi. Artıq kontaktsız onlayn alış-veriş, internet üzərindən konfrans rejimində təmaslar, uzaqdan təhsil gündəlik həyatın normasına çevrildi. Beləliklə, gələcəkdə geniş yayılması gözlənilən texnologiyalar da sürətlə həyatımıza girdi. Xatırladaq ki, tədqiqatlar pandemiya dövründə dünyanın 5,3 il irəlilədiyini göstərir. Hətta rəqəmin 10-a qədər artacağı gözlənilir. Bu da o deməkdir ki, pandemiyadan əvvəl rəqəmsal alətlərin, alqoritmlərin iqtisadi səmərəliliyinə şübhəylə yanaşanlar üçün də bu təsirlər, dünyanın hər yerində, yeni reallığın sübutu oldu.

Belə olan halda insanlar kompüterlərdən və cib telefonlarından daha çox asılı vəziyyətə düşdü və əvvəlki həyatla müqayisədə pandemiya dövründə sosial media hesablarında daha aktiv oldular. Dünyanın alqoritmləri ilə daha yaxın münasibətlərə başladılar.

2 ildən çox davam edən COVID-19 pandemiyası bu günə qədər dünyada milyonlarla insanın ölümünə səbəb olub. Ancaq pandemiya zərərləri təkcə insan həyatı ilə kifayətlənmir. İnfeksiyanın qarşısının alınması məqsədilə tətbiq edilən məhdudiyyətlər dünyada bir çox sahələrə, xüsusilə iqtisadiyyata ciddi ziyan vurub. Pandemiyanın mənfi təsirləri dünya üzrə ən çox kənd təsərrüfatı, eləcə də sənaye və turizm sektorunda müşahidə olundu. Pandemiya, həmçinin iqtisadiyyatın yeni sahələrinin inkişafına şərait yaratdı.

Xoşbəxtlikdən koronovirus bəşəriyyətin üzləşdiyi ən ölümcül xəstəlik deyil. Dünyadakı epidemiyaların və pandemiyaların tarixi daha kədərli səhifələrə malikdir. Bəşər tarixində bir çox ölkələri əhatə edən, minlərlə, milyonlarla insanın həyatına son qoyan qlobal epidemiya və pandemiyalar əvvəllər də olub. Gəlin indiyə qədər dünyada baş verən buna bənzər epidemiyaların tarixinə qısaca da olsa  nəzər yetirək...

Bəzi mənbələrə görə, təxminən 5000 il əvvəl yenə Çində qəribə pandemiya yayılmağa başladı. Tarixlər e.ə 3000-cü ili göstərəndə bu xəstəlik bütöv bir kəndi məhv etdi. Bu xəstəlikdən ölənlərin cəsədləri bir evin içərisinə yığıldı və bu ev yandırıldı. Arxeoloji qazıntılar zamanı tapılan skeletlər də bu hadisənin dəhşətindən xəbər verir. Bu gün həmin ərazi Hamin Manqa adlandırılır. B.e. ə 430-cu ildə isə  Afina və Sparta müharibəsi zamanı Afina vəbası ortaya çıxdı. Vəba təxminən beş il davam etdi. 100.000-ə yaxın insan bu virusdan həyatını itirdi. Yüksək temperatur, göz qızarması, qanlı öskürək və s. bu xəstəliyin əsas əlamətləri idi. 451-452-ci ildə yayılan Yustinian vəbası isə Bizans İmperatorluğunun tənəzzülünü  daha da sürətləndirdi. Bəzi ehtimallara görə bu vəbadan dünya əhalisinin 10 faizdən çoxu həyatını itirdi. Bu vəba adını Bizans imperatoru Yustiniandan alır. 250-271-ci ildə yayılan Kipr vəbası da tarixdə baş verən dəhşətli viruslardan sayılır. Bu virus  Kiprdə meydana çıxdı. Kipr vəbasından gündə 5000-dən çox insan həyatını itirdi. Bu vəbaya tutulan şəxslərin bağırsaqları güclü təzyiqlə boşalır və sümük iliyində çatışmazlıqlar baş verirdi. Nəticədə, həmin yerlərdə güclü ağrılara səbəb olan yaralar yaranırdı. Dünyada təhlükə saçan pandemiyalardan olan qara ölüm virusu isə 1346-1353-cü illərdə Asiyada yayıldı. Bu vəba daha sonra Asiyadan Avropaya da keçdi. Bəzi mənbələrə görə bəhs edilən pandemiya Avropa əhalisinin yarıdan çoxunu məhv etdi. Qurbanların cəsədləri kütləvi məzarlıqlarda basdırıldı. Vəba Avropa tarixinin gedişatını dəyişdi və cəmiyyət yenidən qurulmağa başladı. 1545-1548-ci illərdə yayılan Kokoliztli epidemiyası da belə epidemiyalardan hesab edilir. Meksika və Amerikanın 15 milyon sakinini öldürən bu qızdırmalı xəstəlik bölgədə insanlar üçün fəlakətə çevrildi. Qurbanların skeletlərinin DNT-sini tədqiq edən alimlər bağırsaq qızdırmasına səbəb olan yoluxucu bir xəstəlik müəyyən etdilər. Bağırsaq qızdırması yüksək hərarət, susuzluq və mədə-bağırsaq problemlərinə səbəb olurdu. Həmin xəstəlik bu gün də insanlar üçün təhlükə olmaqda davam edir. Böyük London vəbası. 1665-1666-cı illərdə İngiltərədə yayılan pandemiya belə adlanırdı. Vəba 1665-ci ilin aprelində yayılmağa başladı və isti yay aylarında sürətlə artdı. Gəmiricilər virusun əsas yayılma səbəblərindən biri idi. Vəba bitəndə London əhalisinin 15 faizi daxil olmaqla ətraf ölkələrdə 100 minə yaxın insan öldü. Xəstəlik tam bitdiyi vaxt Londonda daha bir faciə baş verdi. 2 sentyabr 1666-cı ildə Böyük London yanğını başladı. Bu yanğın dörd gün davam etdi və şəhərin böyük bir hissəsi yanaraq kül oldu. 1770-1772-ci illərdə Rusiyanı bürüyən  Rusiya vəbası da  bütün  ölkənin altını-üstünə çevirdi. Xəstəliyin yayıldığı Moskvada karantin elan olundu. Ancaq insanlar buna etiraz etməyə başladılar. İğtişaşlar bütün şəhərə yayıldı. Hadisə nəticəsində çox sayda ölənlər və yaralananlar oldu. İspan qripi də dünyada ən təhlükəli həddə çatan epidemiyalardan biri idi. Bu qrip 1918-1920-ci illərdə H1N1-in alt qrupu olan bir virusun səbəb olduğu qrip epidemiyası idi. Virus dünyada təxminən 550 milyon insana və ya dünya əhalisinin 29,5 faizinə təsir edə bildi. İspan qripi nəticəsində 50-100 milyon arasında insanın dünyasını dəyişdiyi ehtimal edilir. Birinci Dünya müharibəsinin sonlarına yaxın xəstəlik demək olar ki, bütün dünyanı öz təsiri altına almış və bəzi tarixçilərə görə 4 il davam edən müharibənin yekunlaşmasının əsas səbəblərindən biri olmuşdu. Asiya qripi 1957-ci ildə Çində başlayan Asiya qripinin ördəklərdə formalaşan və insanlara keçən bir xəstəlik olduğu ehtimal olunur. Asiya qripi təxminən 4 milyon insanın həyatına son qoydu. Honq-Konq qripi. 1968-1969-cu illərdə Honq-Konqda meydana gələn bu epidemiya H3N3 adlandırıldı. Bu virus 1 il ərzində dünyada 1 milyon insanın ölümünə səbəb oldu. QİÇS pandemiyası ilk dəfə 1976-cı ildə Konqo Demokratik Respublikasında aşkar edildi. 1981-ci ildən bu yana 36 milyondan çox insanın ölümünə səbəb oldu.

Son olaraq qeyd edək ki, yeni növ koronavirusun yayılmasından bir neçə il keçsə də, virus bu gün də dünyada yayılmaqda davam edir.  Ancaq koronavirus əleyhinə peyvəndlərin kəşf olunması yoluxmaların azalmasında mühüm rol oynayır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".