DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDEN ƏLAVƏ MALİYYƏ AYRILMASI İLƏ BAĞLI QANUN LAYİHƏSİNİ DƏSTƏKLƏYİB

ABŞ prezidenti Cozef Bayden Senatın əlavə maliyyə ayrılması üçün təklif etdiyi sərhəd nəzarətini gücləndirmək, Ukrayna və İsrailə dəstək üçün vəsaiti birləşdirən qanun layihəsini dəstəkləyib. “Report” agentliyinin məlumatına görə, bu barədə ABŞ liderinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında qeyd olunur.

“Biz artıq onilliklərin ən sərt və ədalətli sərhəd islahatlarını özündə əks etdirən milli təhlükəsizliklə bağlı ikitərəfli razılaşma əldə etmişik. Mən bu razılaşmanı qətiyyətlə dəstəkləyirəm”, - deyə Bayden vurğulayıb.

Cozef Bayden həmçinin qanunvericiləri təşəbbüsü tez bir zamanda təsdiqləməyə çağırıb: “Konqresi bir araya gəlməyə və ikitərəfli sazişi gecikdirmədən qəbul etməyə çağırıram. Qoy sənəd masama gəlsin ki, mən onu dərhal imzalaya bilim”.

Qeyd edək ki, əlavə ayırmaların ümumi məbləği 118 milyard dollardan çox olub. Senatorlar bunun 60,06 milyard dollarını Ukraynaya, 14,1 milyard dollarını İsrailə, 20,23 milyard dollarını isə Meksika ilə sərhədin təhlükəsizliyinin təminatına sərf etməyi təklif edirlər.

QAZAXISTAN PREZİDENTİ HÖKUMƏTİ İSTEFAYA GÖNDƏRİB

Qazaxıstan prezidenti Kasım-Jomart  Tokayev fevralın 5-də hökuməti istefaya göndərib. Bu barədə “TRT” telekanalı məlumatı yayıb. Tokayev konstitusiyanın 70-ci maddəsinə uyğun olaraq hökumətin istefası ilə bağlı qərarı imzalayıb və Alixan Smailovun rəhbərlik etdiyi hökumətin istefası qəbul edilib.

Xəbər verilir ki, hökumətdə baş nazirin birinci müavini olan Roman Sklyar müvəqqəti baş nazir vəzifəsinə keçib. Qazaxıstan hökumətinin üzvləri hökumətin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini yerinə yetirməyə davam edəcəklər.

Qeyd edək ki, Alixan Smailov 2022-ci ilin yanvarında baş verən hadisələrdən sonra baş nazir olmuşdu. 2023-cü il martın 19-da keçirilən parlament seçkilərindən sonra da baş nazir olaraq qalmışdı.

Eyni zamanda, bildirilir ki, Qazaxıstan prezidenti fevralın 7-də hökumətin geniş iclasını keçirəcək və ölkənin son bir ildə sosial-iqtisadi inkişafının yekunlarını müzakirə edəcək.

“G7” ÖLKƏLƏRİNDƏN RUSİYA AKTİVLƏRİNİN İSTİFADƏSİ İLƏ BAĞLI PLAN

“G7” ölkələri Rusiyanın dondurulmuş aktivlərindən girov kimi istifadə etməklə Ukraynaya maliyyə yardımı üçün borc vermək niyyətindədir. “Report” agentliyinin xəbərinə görə, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, Ukraynanı dəstəkləyən koalisiya rəsmi Moskvadan borcun ödənilməsini tələb edəcək və bunu etməsə, Rusiyanın dondurulmuş suveren aktivləri müsadirə olunacaq. Vəziyyətlə tanış olan rəsmilərin sözlərinə görə, belə bir təklif “G7” ölkələrinə Belçikadan daxil olub.

Bununla yanaşı, qeyd olunub ki, iki dövlət artıq razılıqlarını ifadə edərək, bu metodun Rusiya Federasiyasının dondurulmuş əmlakının Ukraynanın xeyrinə açılmasının əsas variantı olduğunu bəyan ediblər. Digər tərəfdən təklif olunan plan Qərb ölkələrinə zərərin ödənilməsi ilə bağlı Kiyevə verdikləri vədləri yerinə yetirməyə kömək edəcək.

Məlumat üçün qeyd edək ki, nəşrin xəbərini Belçikanın baş naziri Aleksandr De Kronun ötən ay verdiyi açıqlamalar da təsdiqləyir.

ABŞ SAKİNİNİN QARAJINDA NÜVƏ RAKETİ TAPILIB

ABŞ-da polis evin qarajında köhnə nüvə raketi aşkar edib. “TRT” telekanalının “BBC” agentliyinə istnadən verdiyi xəbərə görə, ABŞ Hərbi Hava Qüvvələrinin Ohayodakı Milli Muzeyi qeyri-adi ianə təklifi barədə məlumat vermək üçün Belvyu şəhər polisinə zəng etdikdən sonra tədbir görülüb.

Məlumata əsasən, raketi muzeyə hədiyyə etmək istəyən şəxsin evinə bombaların zərərsizləşdirilməsi üzrə qrupu göndərən polis boş vəziyyətdə olan raketin əslində nüvə başlığı daşıyan raket olduğunu bildirib.

Polis tapılan cihazın əvvəllər “MB-1” kimi tanınan “Douglas AIR-2 Genie” tipli nüvə başlığı daşımaq üçün nəzərdə tutulmuş “hava-hava” tipli raket olduğunu müəyyən edib.

Verilən xəbərə görə, raket heç bir döyüş başlığı olmadığı üçün təhlükə yaratmayıb. Qaraj sahibi polisə bildirib ki, raketi mərhum qonşusundan alıb.

Məlumat üçün qeyd edək ki, raket Soyuq müharibə dövründə ABŞ və Kanada tərəfindən istifadə edilib. İlk və yeganə atışı 1957-ci ildə olmuş bu raketin istehsalı 1962-ci ildə dayandırılıb.

İRAN XİN-DƏN ABŞ VƏ BÖYÜK BRİTANİYAYA XƏBƏRDARLIQ

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Yaxın Şərq dövlətləri ərazisində hərbi əməliyyatlar aparan ABŞ və Böyük Britaniyanı regionun qəzəbinə tuş gəlməməyə çağırıb. Bu barədə “TASS” agentliyinin məlumatında qeyd olunur.

“ABŞ və Böyük Britaniyanın Yəmənə hərbi hücumlarını, eləcə də ABŞ-ın İraq və Suriyaya təcavüzünü qətiyyətlə pisləyirik. Rəsmi Tehran İraq, Suriya, Yəmən və Fələstinin təhlükəsizliyini bütün regionun təhlükəsizliyi kimi nəzərdən keçirir”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, fevralın 4-də İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Şafi bildirib ki, ABŞ və Böyük Britaniya Yəmənin “Ənsar Allah” hərəkatının mövqelərinə hücumları davam etdirərək, bütün regionda təhlükəsizliyi təhdid edir. O, ABŞ-ın İraq və Suriyaya zərbələrini strateji səhv adlandırıb.

Məlumat üçün qeyd edək ki, fevralın 5-də ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə husilərin mövqelərinə yeni zərbələr endirib. İtkilər və dağıntılar barədə məlumat verilməyib.

ABŞ “F-35”LƏRƏ TEXNİKİ XİDMƏTƏ GÖRƏ TÜRKİYƏDƏN ÖDƏNİŞ İSTƏYİR

ABŞ Rusiyadan zenit-raket komplekslərinin alınması səbəbindən ölkəyə verilməyən “F-35” qırıcılarının saxlanması üçün Türkiyədən ödəniş almaq istəyir. “Report” agentliyinin xəbərinə görə, bu barədə “Aydınlıq” qəzeti məlumat yayıb.

Bildirilir ki, Türkiyə ödəniş etməsinə baxmayaraq Amerika tərəfi 6 ədəd “F-35A Lightning II” qırıcısını 6 ildir ki, anqarda saxlayır.

Nəşr qeyd edir ki, bu təyyarələrin hazır vəziyyətdə saxlanılmasını təmin etmək üçün hər ay texniki xidmət göstərilir. ABŞ da təyyarələrin saxlanması, anqar və texniki xidmət xərclərini ödəmək üçün Türkiyədən vəsait tələb edir.

Eyni zamanda, Vaşinqton hesab edir ki, “F-35”lərin tədarük zəncirində iştirak edən Türkiyə şirkətlərinin proqramdan kənarda qalması səbəbindən fasilələr və artan xərclər yaşanır. Bu səbəbdən, ABŞ Türkiyədən əlavə ödənişlər almaq istəyir.

Məqalə müəlliflərinin sözlərinə görə, Türkiyə hakimiyyəti də öz növbəsində ABŞ-dan Ankaranın Amerikanın beşinci nəsil “F-35” qırıcılarının alınmasına xərclədiyi 1,4 milyard dolların geri qaytarılmasını tələb edir. Hələlik mübahisədə irəliləyiş yoxdur.

PARİSDƏ ETİRAZÇILAR Aİ BAYRAĞINI CIRARAQ TAPDALAYIBLAR

Fransanın paytaxtı Paris şəhərində, Eyfel qülləsinin qarşısındakı fermerlərə dəstək və Avropa İttifaqının siyasətinə qarşı kütləvi nümayiş keçirilib. “TASS” agentliyinin xəbərinə görə, aksiyanın sonuna yaxın onun təşkilatçısı, Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo səhnəyə çıxanda onu fermerlər müşayət ediblər.

Fermerlər böyük Avropa İttifaqının bayrağını səhnəyə çıxararaq onu təntənəli şəkildə cırıb, daha sonra izdihamın alqışları altında ayaqlarının altında tapdalayıblar.

Hazırda Fransada aqrar sektorun nümayəndələri kütləvi etiraz aksiyasını davam etdirir və ölkənin iri şəhərləri yaxınlığında nəqliyyatın hərəkətini iflic etməyə çalışırlar.

Qeyd edək ki, fransız fermerlər vergilərin artırılmasına və kənd təsərrüfatı texnikası üçün yanacağın yüksək qiymətlərinə qarşı çıxır, Aİ-də ekoloji standartlarla bağlı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.