DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“BÖYÜK YEDDILIK” SAMMITI ÖZ IŞINƏ BAŞLADI

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya liderləri “Böyük yeddilik” formatında danışıqlar aparmaq üçün iyunun 11-də Kornuoll qraflığında yerləşən Karbis-Bey kurort şəhərində toplanıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bildirilir ki, “G7” dövlət başçılarının sammiti iyunun 13-dək davam edəcək. Avstraliya, Hindistan, Cənubi Koreya və Cənubi Afrika Respublikası tədbirə qonaq ölkələr qismində çağırılıb.

Bu, “COVID-19” pandemiyası başladıqdan sonra “G7” liderlərinin ilk əyani sammitidir. Həmçinin görüşün nəticələri üzrə birgə bəyanatın veriləcəyi gözlənilir.

Görüşün dərc olunan gündəliyinə əsasən, liderlər iyunun 11-də pandemiyadan sonra iqtisadiyyatın bərpasını, iyunun 12-də geosiyasi problemləri, həmçinin ticarət və inkişaf məsələlərini müzakirə edəcəklər. Bazar günü danışıqların mövzusu Rusiya və Çinlə bağlı olacaq.

Məlumata əsasən, liderlərin görüşünün böyük hissəsi bağlı qapılar arxasında keçiriləcək, lakin mətbuata açıq tədbirlərin də olacağı gözlənilir.

 

EMMANUEL MAKRONA ŞILLƏ VURAN ŞƏXS HƏBS EDILDI

Fransa məhkəməsi ölkənin prezidenti Emmanuel Makrona şillə vurmuş şəxsi həbs cəzasına məhkum edib. Bu barədə “Report” agentliyi məlumat yayıb. Verilən xəbərə görə, Demyen Tarel adlı şəxs ümumilikdə azadlıqdan 18 ay müddətinə məhrumetmə cəzasına məhkum olunub və cəzasının 14 ayını şərti müddət təşkil edir.

Bundan başqa, məhkəmə onun üç il müddətinə vətəndaş hüquqlarının məhrum edilməsi haqqında hökm çıxarıb. Bununla yanaşı, dövlət başçısına hücum edən şəxsə beş il ərzində silaha sahib olmaq qadağan olunub.

Fransa prezidenti Emmanuel Makron iyunun 8-də Drom departamentə səfər zamanı şillələnib. Dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb. Bu zaman bir nəfər E.Makronun üzünə şillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər və E.Makronu hadisə yerindən uzaqlaşdırıblar.

 

ÜST: KORONAVIRUSUN DAHA YOLUXUCU ŞTAMMI YAYILACAQ

Ümumdünya Səhiyyə Təşkilatı Avropada koronavirusun Hindistan ştammının daha yoluxucu variantının yayılacağını proqnozlaşdırıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu ÜST-ün Avropa regional bürosunun direktoru Hans Klyuqe bəyan edib.

Klyuqenin sözlərinə görə, “delta variant” kimi tanınan koronavirusun bu növü artıq bir sıra ölkələrdə digər ştammları aradan qaldırıb. ÜST nümayəndəsi qeyd edib ki, yüksək yoluxuculuq və hətta immuniteti olanları yoluxdurmaq qabiliyyətinə görə  mütəxəssislərin narahatlığına səbəb olur.

Eyni zamanda, Hans Klyuqe virusu ciddiyə almağa və ötən ilin səhvlərini təkrarlamamağa çağırıb. O deyib: “Ötən ilin yayında xəstəlik halları kiçik yaş qruplarında müntəzəm olaraq artmağa başladı və daha sonra yuxarı yaş qrupuna keçdi ki, bu da lokdaunlara və 2020-ci ilin payız və qışında insan ölümlərinə səbəb oldu”.

 

NATO HƏRBI XƏRCLƏRI DAHA DA ARTIRACAQ

NATO üzvü olan 30 ölkənin məcmu müdafiə məsrəfləri cari ildə 4,1 faiz artaraq 1 trilyon ABŞ dolları həddini keçəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə NATO üzv ölkələrinin 2014-2021-ci illər ərzində müdafiə məsrəflərinə dair hesabatında bildirilir.

Hesabata əsasən 2020-ci ildə üzv ölkələrin məcmu müdafiə məsrəfləri 3,5 faiz artaraq 1,027 milyard dollar təşkil edib.

Bu il 30 üzv ölkənin 10-u müdafiə məqsədlərinə ÜDM-nin 2 faizindən artığını sərf edəcək. O cümlədən Yunanıstanda bu rəqəm 3,82 faiz, ABŞ-da isə 3,52 faizdir. 30 üzv ölkənin məcmu müdafiə məsrəflərinin cari ildə 1,05 trilyon dollar təşkil edəcəyi gözlənilir.