DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDEN TRAMPI AMERİKA DEMOKRATİYASI ÜÇÜN TƏHLÜKƏ ADLANDIRIB

ABŞ-ın keçmiş prezidenti Donald Trampın gələn il keçiriləcək prezident seçkilərində mümkün qələbəsi ABŞ üçün bir çox təhlükələr yaradır. “Trend” agentliyinin məlumatına görə, bu barədə hazırkı dövlət başçısı Cozef Bayden Los-Ancelesdə çıxışı zamanı bəyan edib.

Məlumata əsasən, Bayden administrasiyasının nailiyyətləri haqqında danışdıqdan sonra Donald Trampı tənqid etməyə başlayıb.

Prezidentin sözlərinə görə, Donald Tramp seçim hüququndan tutmuş vətəndaş hüquqlarına, səsvermə hüququna və Amerikanın dünyadakı yerinə qədər çoxlu təhlükələr yaradır.

Cozef Bayden qeyd edib ki, Trampın yaratdığı ən böyük təhlükə Amerika demokratiyası üçün təhlükədir.

“TAXIL SAZİŞİ”NIN BƏRPASI ÜZRƏ İRƏLİLƏYİŞ GÖZLƏNİLMİR

“Taxıl sazişi”nin bərpası üzrə danışıqlarda irəliləyiş yaxın gələcəkdə mümkün deyil, lakin Türkiyə və BMT bu məsələni müzakirə etməkdə davam edirlər. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə Ankaradakı diplomatik mənbə bildirib.

Bununla yanaşı, danışıqlarda irəliləyişin yaxın günlərdə mümkün olub-olmaması ilə bağlı suala cavab olaraq mənbə qeyd edib ki, “danışıqlar prosesi tərəflərin prinsipial mövqelərinə görə mürəkkəbdir”.

Bu ərəfədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukrayna taxılının ixracı ilə bağlı Qara dəniz təşəbbüsü aqrar sektorla məşğul olan Rusiya şirkətlərindən bütün sanksiyalar götürülərsə, işə yarayacaq.

Məlumat üçün qeyd edək ki, Qara dəniz taxıl müqaviləsi iyulun 18-də dayandırılıb. Rəsmi Moskva saziş çərçivəsində Rusiyanın tələblərinin icra olunmadığını, qarşı tərəfin öhdəliklərə əməl etmədiyini iddia edib.

HİNDİSTAN MƏHKƏMƏSİNİN QƏRARINA PAKİSTAN XİN-İN CAVABI GECİKMƏDİ

Pakistan Xarici İşlər Nazirliyi Hindistan Konstitusiya Məhkəməsinin 2019-cu ildə Narendra Modi hökuməti tərəfindən qəbul edilmiş Cəmmu və Kəşmirin xüsusi statusunu konstitusiyaya uyğun olaraq ləğv etmək qərarına reaksiya verib. “Teleqraf.com”un verdiyi xəbərə görə, açıqlamada Cəmmu və Kəşmirin 70 ildən çoxdur BMT Təhlükəsizlik Şurasının gündəmində olan beynəlxalq səviyyədə tanınmış bir məsələ olduğu vurğulanıb.

Pakistan XİN Cəmmu və Kəşmirlə bağlı son qərarın BMT Təhlükəsizlik Şurasının qərarlarına əsasən bölgə xalqının istəklərinə uyğun verilməli olduğunu və məhkəmə qərarının rədd edildiyini bildirib.

Bununla yanaşı, açıqlamada Hindistanın Kəşmir xalqının və Pakistanın iradəsinə zidd olaraq bölgənin statusu ilə bağlı birtərəfli qərar qəbul etmək hüququ olmadığı diqqətə çatdırılıb.

Açıqlamada Hindistanın 5 avqust 2019-cu il tarixindən etibarən Cəmmu və Kəşmirin demoqrafik durumunu və siyasi mühitini dəyişdirməyi hədəfləyən birtərəfli və qeyri-legitim addımlarının beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması olduğuna diqqət çəkilib.

TÜRKİYƏ VƏTƏNDAŞLIĞINA SAHİB OLMAQ DAHA DA ÇƏTİNLƏŞƏCƏK

Türkiyə hakimiyyəti daimi yaşayış icazəsi almaq üçün daşınmaz əmlakın minimum dəyərini artırmağı nəzərdən keçirir. Bu barədə “Sputnik” informaiya agentliyi Vətəndaşlıq İşləri üzrə İdarənin mənbəyinə istinadən məlumat yayıb.

Yeni qaydalara əsasən, ev alarkən ölkə vətəndaşlığını əldə etmək üçün tələb olunan minimum məbləğ 600 min dollar təşkil edəcək. Dəyişikliklərin 2024-cü ildə qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edilir ki, ölkədə ev almaqla Türkiyə vətəndaşı olmaq 2017-ci ildə mümkün olub. İlkin olaraq daşınmaz əmlakın dəyəri bir milyon dollara çatmalı idi. İndi isə limit 400 min dollardır. Türkiyə Statistika Bürosunun məlumatına görə, oktyabr ayında əcnəbilər respublikada 2,5 min daşınmaz əmlak sahibi olublar.

Bildirilir ki, inflyasiya fonunda Türkiyədə mənzil qiymətləri 2023-cü ildə təxminən iki dəfə, icarə qiymətləri isə 137 faiz artıb. Həmçinin mənzilləri kirayə vermək istəyənlərə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi lisenziyalarını əldə etmək tələb olunur.

TÜRKİYƏ ORDUSUNUN SURİYADAN ÇIXACAĞI VAXT MƏLUM OLUB

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Silahlı Qüvvələrin Suriyadan çıxacağı vaxtı açıqlayıb. Nazir bu barədə “NTV” telekanalına müsahibəsində bəyan edib.

Müdafiə naziri qeyd edib ki, Türkiyə heç bir ölkənin, o cümlədən Suriyanın ərazi bütövlüyünə göz dikməyib. “Hazırkı rejimin yeni konstitusiyanı qəbul etməsi, seçkilərə getməsi gözlənilir. Bundan sonra ölkədən çıxacağıq”, - deyə nazir əlavə edib.

Eyni zamanda, Yaşar Gülər vurğulayıb ki, bəzi Qərb ölkələrinin terrorçuları dəstəkləməsinə baxmayaraq, Türkiyə terrorçularla mübarizəni davam etdirəcək.

Bununla yanaşı, Türkiyənin müdafiə naziri Suriya və İraqdakı terrorçuları təslim olmağa çağırıb. O, əlavə edib ki, xüsusilə son iki ayda İraqın şimalında təslim olan terrorçuların sayı artıb: “Bu il ərzində 119 terrorçu təslim olub. Bu rəqəmin artacağına inanıram”.

ABŞ HUSİLƏRƏ QARŞI TƏDBİR GÖRMƏYİ NƏZƏRDƏN KEÇİRİR

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken ABŞ gəmilərini və şəxsi heyətini “Ənsar Allah” hərəkatının husi üsyançılarının hücumlarından qorumaq üçün bütün lazımi tədbirləri görməyə hazır olduğunu bəyan edib. Bu barədə “Report” agentliyinin məlumatında qeyd olunur.

Dövlət katibinin sözlərinə görə, gəmiçiliyin qorunmasına kömək etmək üçün onu gücləndirməyə çalışan qrup yaradılıb. Amerika tərəfi husiləri və onların hərəkətlərini maliyyələşdirməyə çalışanlara qarşı da sanksiya tədbirləri görüb.

Bununla yanaşı, Antoni Blinken vurğulayıb ki, Vaşinqton Amerika personalını, insanları və gəmiçiliyi qorumaq üçün istənilən digər zəruri tədbirləri də nəzərdən keçirəcək.

Xatırladaq ki, bu ərəfədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Faynerin sözlərinə görə, Birləşmiş Ştatlar hökuməti Yəməndə fəaliyyət göstərən husi üsyançılarına zərbələr endirmək imkanını istisna etmir.

YAPONİYANIN SİYASİ ELİTASINDA CİDDİ KADR DƏYİŞİKLİYİ GÖZLƏNİLİR

Yaponiyanın baş naziri Fumio Kisida hesabat qaydalarını pozaraq rüşvət almaqda şübhəli bilinən ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimuranı və hakim Liberal Demokrat Partiyasında bir neçə nüfuzlu siyasətçini əvəz etmək qərarına gəlib. Bu barədə Yaponiyanın “The Asahi” qəzeti məlumat yayıb.

Verilən xəbərə əsasən, xüsusən də partiyanın siyasi şurasının rəhbəri Koiti Haqiuda və partiyanın daha bir neçə rəsmisi postunu itirəcək. Bundan əvvəl Yaponiya hökumətinin başçısı həmçinin Nazirlər Kabinetinin ikinci şəxsi - Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonu əvəz etmək qərarına gəlib, o da rüşvət almaqda şübhəli bilinir.

Məlumata əsasən, hazırda bu qərarın icrasının formatı və vaxtı işlənir.

İqtisadiyyat, ticarət və sənaye naziri olan Nişimura eyni zamanda Rusiya ilə iqtisadi sahədə əməkdaşlığa cavabdeh olan nazir vəzifəsini də icra edir.

Qeyd edək ki, müxalifət partiyaları daha əvvəl Ukrayna ətrafında yaranmış vəziyyət fonunda Rusiya ilə münasibətlərə cavabdeh olan nazir postunun ləğvini tələb ediblər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.