Böyük Qayıdışın akkordları
Sosial həyat

Böyük Qayıdışın akkordları

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir.

Noyabrın 27-də Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bakı şəhərinin Qaradağ rayonundan yola düşmüş köç karvanı Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət olub. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 106 nəfər köçürülüb. Bununla da ümumilikdə Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.

Əzəli torpaqlarına qayıdan Füzuli sakinləri səbirlə bu günü gözlədiklərini, hazırda sevinc və qürur hissi yaşadıqlarını qeyd edərək, hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər. O cümlədən torpaqlarımızı işğaldan azad etmiş rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Ölkə başçımız İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində qazanılmış qələbə nəticəsində, məcburi köçkünlər on illər sonra doğma yurdlarına təhlükəsiz şəkildə qayıdırlar.

İnsan üçün vətən, doğma torpaq  böyük məna kəsb edir. Doğma torpağın cazibəsi, zaman keçdikcə əks-səda verən nostalji pıçıltılar və xatirələrin silinməz izləri də məcburi köçkünlərin qəlbində emosional simfoniya yaradır. Onların öz əbədi yurdlarına qayıtması həmin  doğma hisslərin yenidən canlanması deməkdir. Ata-baba yurdlarına qayıtmış soydaşlarımız nostalji, qürur və sevinc duyğularının harmoniyasını doğma torpağa qayıdışın sevincini yaşayırlar.

Uzun illərdən sonra   doğma yurda bu qayıdış müqəddəs bir ziyarətə bənzəyir. Bu, duyğuların simfoniyasıdır, burada hər not həyat kitabının bir fəslini, qəhrəmanlıq balladasındakı bir misranı ifadə edir. Bu melodiyanın ilk səsləri gərgin olsa da unudulmuş bağdakı yarpaqların yumşaq xışıltısı kimi şərti olur. Avtomobilin təkərləri tanış yolları keçdikcə ürək şiddətlə döyünür, onun dünyaya göz açdığı torpağın ritmi ilə səsləşir. Soydaşlarımız bu nostalji havanı hiss edir, illərdir yatmış xatirələr yenidən oyanır.

Böyük Qayıdışla birlikdə Qarabağa yeni nəfəs, yeni həyat gəlir, bu ərazilərin inkişafı sürətlənir. Dövlətimizin daxili siyasətinin əsas prioritet məsələlərindən biri də məhz məcburi köçkünlərin reinteqrasiyası prosesidir. Onların doğma yurdda dayanıqlı məskunlaşması ölkə siyasətinin əsas istiqamətlərindəndir. Bu istiqamətdə hər bir dövlət qurumu verilmiş tapşırıqların həyata keçməsi üçün öz dəstəyini davam etdirir.

Otuz illik işğal dövründə dağıdılmış, vandalizmə məruz qalmış bu yerlər artıq yenidən canlanır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə kəndlər, şəhərlər inşa edilir, həyat yenidən öz axarına qayıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yeni evlər tikilir, infrastruktur yaradılır. Qarabağ və Şərqi Zəngəzurun daha da gözəlləşdirilməsi üçün işlər davam edir. Zəfəri ilə regionda yeni reallıq yaradan Azərbaycanı irəlidə daha da böyük uğurlar gözləyir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".