Sağlam həyat
Maraqlı

Sağlam həyat

Adına "cənnət meyvəsi" desək də...

Payız mövsümünün sevilən meyvələrindən olan xurma ebenakimilər fəsiləsindən, "diospyros" cinsindəndir. Diospyros yunanca " tanrı" mənasını verən " dios " və taxıl mənasını verən " pyros " sözlərindən əmələ gəlib, "tanrıların meyvəsi", yaxud "Zevs buğdası" adlanır. Adı "Qurani-Kərim"də keçdiyi üçün isə ona xalq arasında "cənnət meyvəsi" də deyilir.

Sağlamlığımız üçün bir çox faydaları olan bu bitkiyə "cənnət meyvəsi" desək də, bəzən həyatımızı cəhhənnəmə çevirə bilər. Belə ki, mədə-bağırsaq problemi olan insanlara qəti şəkildə bu meyvənin dəyməmişindən yemək tövsiyə edilmir. Hətta onun çox miqdarda istehlakı sağlam insanlarda belə mədə-bağırsaq pozuntusuna yol aça bilər.

Mütəxəssislər xüsusilə mədə və bağırsağından əməliyyat keçirən insanlara xurmadan imtina etməyi məsləhət görürlər. Bu isə xurmanın qabığında aşılayıcı və büzücü xüsusiyyətlərə malik olan çoxlu miqdarda taninlərlə əlaqəlidir. Qeyd edək ki, bu maddə yetişməmiş meyvədə daha çox miqdarda olur. Xurmada həmçinin böyük sayda bitki lifi var. Bu maddələr mədə və bağırsağa mənfi təsir göstərir. İndiyə qədər aparılan araşdırmalar göstərir ki, tanin turşuları mədənin spesifik mühitində həzm edilməyən hissəcikləri meydana gətirməklə yanaşı, nazik bağırsağın sekresiyasını da azalda bilər.

Qeyd edək ki, meyvənin qabığında olan sözügedən maddə şaxtada dağıldığından dondurulmuş xurma ağzı büzüşdürmür və zərərsiz hesab edilir. Yeri gəlmişkən, bu üsul xurmanın dadını yaxşılaşdırır və onu daha da şirin edir.

Soyuq havalarda nə qədər su içməliyik?

Elə insanlar var ki, su içmək ancaq yayda yadlarına düşür. Əslində orqanizmdə su balansını hər fəsildə saxlamaq lazımdır. Çoxları elə düşünür ki, qış fəslində orqanizmimiz yaydakı qədər su tələb etmir. Bu doğrudanmı belədir? Ümumiyyətlə, soyuq havalarda sutkalıq su norması nə qədər olmalıdır?

Mütəxəssislər soyuq aylarda da sutkalıq su normasının elə yaydakı kimi olduğunu söyləyirlər. Onların fikrincə, əslində hər kiloqrama 30 millilitr su düşür. Böyrəklərin vəziyyəti, insanın yaşı və həyat tərzindən asılı olaraq, sutkada orta hesabla 1 litr su içmək məsləhət görülür. Payız və qışda susuzluq siqnalı beyin tərəfindən çox gec göndərilir. Lakin susuzlaşma və qanın qatılaşması riski yaydakı qədərdir.

Qış aylarında xüsusən mərkəzi isitmə sistemi, kondinsionerin isti havası dərini, tənəffüs yollarını qurudur və daha çox su itkisinə səbəb olur. Bundan əlavə, soyuq havalarda qalın geyimlərdən istifadə də tərləməyə səbəb olduğundan az su içmək xarici görünüşün pisləşməsinə və tez-tez respirator xəstəliklərə yoluxmağa yol açır. Bu kimi hallar xüsusilə yaşlı və xəstə insanlarda qanın laxtalanmasına gətirib çıxarır.

Məlumat üçün qeyd edək ki, orqanizmdə su defisiti yarandıqda güclü yorğunluq, yuxululuq, sidiyin azalması, göz, ağız, burun, dərinin quruması və çox yemək kimi əlamətlərlə özünü göstərə bilər.

Zadəganlara layiq tərəvəz

Çoxillik dərman bitkisi olan ənginar qədim zamanlarda zəhərlənmələr, ödemlər zamanı müalicəvi vasitə kimi geniş istifadə olunurdu. Avropada bu tərəvəz delikates və "zadəganların yeməyi" sayılırdı. Onu yalnız varlı insanlar yeyə bilərdi. Zaman-zaman aparılan araşdırmalar sübut etdi ki, ənginar nəinki yuxarıda sadalanan problemlərin, həm də başqa dərdlərin çarəsidir. Xüsusilə də qara ciyərin ən təbii dərmanıdır.

Tərkibi müxtəlif vitaminlər (B qrupu, C, K), minerallar (kalium, sink, selen, mis, marqans, maqnezium, fosfor, kalsium, dəmir), karotin, orqanik turşular, qidalı liflərlə zəngin olan ənginar qara ciyərin fəaliyyətini yaxşılaşdırır, təmizləyir və oradakı hüceyrələri bərpa edir. Bu, tibbdə təsdiq olunmuş faktdir. Məhz bu səbəbdən əczaçılıqda ənginarın özünü, yarpaqları və kökünü qara ciyəri bərpa edən müxtəlif təbii dərmanların tərkibinə daxil edirlər.

Ənginar öd kisəsinin fəaliyyətinə də olduqca müsbət təsir edir. Ödqovucu, iltihab əleyhinə təsir göstərən bu tərəvəz həmçinin qanda şəkərin və "pis" xolesterinin səviyyəsini də aşağı salır. İndiyə qədər aparılan tədqiqatlarla təsdiq olunub ki, tərəvəzin müntəzəm qəbulu orqanizmi toksinlər, ağır metalların duzları, nitratlar və s. ziyanlı maddələrdən təmizləyir. Ənginar həzm proseslərinə də müsbət təsir edir - iştahanı artırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən və köpdən azad edir. Bundan əlavə, antioksidantlarla zəngin olan bu tərəvəz orqanizmdə qocalma prosesini ləngidir, ürək-damar sistemi və xərçəng xəstəliklərinin qarşısını alır.

Qan xərçənginin müalicəsi tapılıb

Amerika və Avropa alimləri qan xərçənginin müalicəsində inqilab edəcək yeniliyə imza atıblar. Türkiyə mətbuatının yaydığı xəbərə görə, elm adamları leykemiya xərçəngi hüceyrələrini öldürə bilən "Imetelstat" adlı yeni dərman kəşf ediblər.

Tədqiqat zamanı alimlər bu yaxınlarda tibb sahəsində kəşf edilmiş bir fenomenə - ferroptoza ( hüceyrə ölümünün bir növü) əsaslanaraq, qan xərçəngi hüceyrələrinə təsir edən yeni mexanizm aşkar ediblər. Məlum olub ki, "Imetelstat" leykemiya hüceyrələrində ferroptoza səbəb ola bilər.

Məlumat üçün qeyd edək ki, kəskin miyeloid lösemi (AML) adətən çox sürətlə irəliləyən və dərhal müalicə tələb edən qan xərçənginin bir formasıdır. Bu xəstəlikdə kimyaterapiya və sümük iliyinin transplantasiyası kimi müalicələr aqressiv olmaqla yanaşı, ciddi yan təsirlərə yol aça bilər. Məhz bu səbəbdən də, kəskin miyeloid lösemi üçün yeni müalicənin kəşfi onkologiyada əhəmiyyətli irəliləyiş hesab edilir.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".