Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 30-cu günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

26 oktyabr

  • Vətən müharibəsinin 30-cu günündə cəbhənin müxtəlif istiqamətlərində uğurlu döyüş əməliyyatlarını davam etdirən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir sıra kəndlərini erməni işğalçılarından təmizləyib.
  • Prezident, Ali Baş Komandan İlham Əliyev Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndlərinin işğaldan azad olunması ilə bağlı xalqa müraciət edib. Bu, Vətən müharibəsinin gedişində dövlət başçısının xalqa qalibiyyət müjdəli beşinci müraciəti idi.
  • Ali Baş Komandan Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.
  • Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib: "Bilirsiniz, bu bir ay ərzində mən, demək olar ki, hər gün xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ünsiyyətdə oluram və Azərbaycan xalqına öz müraciətlərimdə bizim mövqeyimizi həmişə dəqiq şərh edirəm. Biz Qarabağ regionunun, - təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, - gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük. Bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, tərəflərin qarşılıqlı xoş məramı olsa buna nail olmaq mümkündür".
  • Qubadlı rayonunun işğaldan azad olunan Padar və Xanlıq kəndlərinin videogörüntüsü yayılıb.
  • Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi İnstaqram səhifəsində paylaşım edib: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".
  • Ermənistan silahlı qüvvələrinin bölmələri yeni humanitar atəşkəs rejimi qüvvəyə mindikdən bir neçə dəqiqə sonra - saat 08:05-dən etibarən onu kobudcasına pozaraq Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Qubadlı və Laçın istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Tovuz, Gədəbəy və Daşkəsən rayonlarını müxtəlif növ atıcı silahlardan, minaatanlardan və toplardan atəşə tutub. Saat 18:15-də düşmən "Smerç" yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərinə atəş açıb. Ümumilikdə gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb.
  • Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.
  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi sentyabrın 27-dən oktyabrın 26-sı saat 12:00-dək ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər xəsarət alıb, 2243 ev, 90 çoxmənzilli yaşayış binası və 402 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
  • Canlı qüvvə ehtiyatları tükənməkdə olan düşmən döyüşlərə daha çox könüllüləri, muzdlu və əcnəbi terrorçu döyüşçüləri, o cümlədən uşaqları cəlb etməyə çalışır. Nizami ordumuz düşmənin istənilən hücum və təxribatlarının qarşısını almaq üçün döyüşə tam hazır vəziyyətdədir.

"Respublika".