İDMAN DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN DAİM ZİRVƏLƏRDƏ

"Koreya səfiri kuboku" turniri keçiriləcək

Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gənclər arasında "Koreya səfiri kuboku" keçiriləcək. Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil ediləcək yarışda 150-dək idmançı qüvvəsini sınayacaq. 2007-2009-cu il təvəllüdlü taekvondoçular 10 dəst medal uğrunda mübarizə aparacaqlar. Oğlanlar 48, 55, 63, 73, +73 kiloqram, qızlar isə 44, 49, 55, 63 və +63 kiloqram çəki dərəcələrində qalibi müəyyənləşdirəcəklər. Mükafatçılar ATF və Koreya səfirliyinin təsis etdiyi kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Şahmatçılarımız dünya birinciliyində

Oktyabrın 14-də Misirdə şahmat üzrə 8-10-12 yaşlı oğlan və qızlar arasında dünya birinciliyinə start veriləcək. Dünya birinciliyi oktyabrın 27-də başa çatacaq. 80 ölkənin qatılacağı yarışda Azərbaycanı 12 şahmatçı təmsil edəcək. Bunlar Xaqan Əhməd, Paşam Əlizadə, Səfa Hümmətov, Atilla Orman, Məhəmməd Kazımzadə, Müslim Şirəliyev, Səadət Bəşirli, Əsnad Vəliyeva, İnci Ələkbərli, Məryəm Abbaszadə, Əsnad Baxşızadə və Mehriban Əhmədlidir. Azərbaycan nümayəndə heyətinə beynəlxalq qrossmeyster Fərid Abbasov rəhbərlik edəcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".