İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Ölkə birinciliyinin qalibləri müəyyənləşib

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub.

"Şüa İdman Kompleksi"ndə keçirilən yarışda paytaxt və bölgələrdən 2011-ci il və daha kiçik təvəllüdlü 70-ə yaxın idmançı bacarığını göstərib. Nəticələrə əsasən qızlar arasında Yağmur Məmədli ölkə çempionu adını qazanıb. Banu Baytallı ikinci, Leyli Məmmədova ilə Rüqəyya Qasımzadə üçüncü yeri tutub. Oğlanların mübarizəsi Onur Quluzadənin qələbəsi ilə nəticələnib. Şakir Qədirov ikinci, Vaqif Babayevlə Ruslan Kərimov üçüncü olub. Fərqlənən idmançılara diplom, medallar və mükafatlar təqdim olunub. Birinciliyin təşkilində əsas məqsəd Azərbaycan tarixinin ən önəmli səhifələrindən sayılan Zəfər Gününün təbliği və uşaqlara vətənpərvərlik hissinin aşılanmasıdır. İki gün davam edən yarışlar, həmçinin yeni istedadların üzə çıxarılması baxımından da əhəmiyyətli olub.

İdmançılarımızın yeni reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2023-cü ilin noyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova liderlik edir. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikincidir. 355 xal toplayan idman gimnastı Nikita Simonov isə üçüncü pillədə qərarlaşıb. Reytinq xalları Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən hesablanır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Voleybol üzrə Azərbaycan çempionatı

Noyabrın 6-da voleybol üzrə Azərbaycan çempionatlarında 2023/2024-cü illər mövsümünə start veriləcək. Ölkə çempionatının açılış mərasimi noyabrın 6-da saat 15:45-də "Bakı İdman Sarayı"nda keçiriləcək.

 Ardınca mövsümün ilk matçı baş tutacaq. Qarşılaşma qadınlardan ibarət "AZERRAIL" və "Abşeron" klubları arasında olacaq. Mərkəz oyun olaraq müəyyənləşdirilən 5-ci turun bu görüşü saat 17:00-da başlayacaq. Yeni mövsümdə Azərbaycan çempionatlarında altı qadın, altı kişi komandası iştirak edəcək. Reqlamentə əsasən hər iki çempionat 4 dövrədən ibarət olacaq və oyunlar dairəvi sistem üzrə keçiriləcək. Dörd dövrədən sonra ilk 4 pilləni tutacaq komandalar play-off mərhələsinə yüksələcəklər. Play-off mərhələsində iki oyun (əgər tərəflər hərəsi bir oyunda qalib gələrsə, setlər də bərabər olarsa, qızıl set oynanılacaq), final və üçüncü yer uğrunda isə 1 oyun keçiriləcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".