İDMAN: DAIM ZIRVƏLƏRDƏ
İdman

İDMAN: DAIM ZIRVƏLƏRDƏ

Stolüstü tennisçilərimiz növbəti medallarını qazanıblar

Stolüstü tennisçilərimiz Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı "WTT Youth Contender" turnirində növbəti mükafatları qazanıblar.

Seçmə komandamızın üzvləri Mərziyyə Nurmətova 15 yaşadək, Ləman Abdulhəmidova isə 19 yaşadək idmançıların mübarizəsində bürünc medal qazanıblar. Turnirin ilk günlərində 17 yaşadək idmançıların mübarizəsinə qatılan Mərziyyə Nurmətova ilə Aylin Əsgərova üçüncü yeri tutmuşdu. Yağmur Məmmədli isə 13 yaşadək idmançılar arasında eyni nəticəni göstərmişdi.

Qarışıq-qoşa yarışlarda Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi ilə Ləman Abdulhəmidova və belçikalı Tom Klosset cütü yalnız finalda uduzaraq gümüş medal qazanıb. Aylin Əsgərova ilə Hüseyn Eylazov, Zemfira Mikayılova ilə türkiyəli həmkarı Məhəmməd Ataqul isə bürünc mükafata layiq görülüb.

Güləşçimiz finala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinal görüşünə çıxıb.

77 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda erməni rəqibini 5:0 hesabı ilə məğlub edib. O, bununla həm həlledici qarşılaşmaya vəsiqə qazanıb, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Basketbol üzrə millimizin rəqibləri

Qadın basketbolçular arasında 2025-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Yığmamız Belçika, Litva və Polşa kollektivləri ilə birlikdə C qrupunda mübarizə aparacaq. Avropa çempionatına Çexiya, Almaniya, Yunanıstan və İtaliya ev sahibliyi edəcək. Seçmə mərhələnin oyunlarına noyabrın əvvəlində start veriləcək.

Voleybol yığmamız Latviyada çempionatda iştirak edəcək

Latviyanın Daugavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında Azərbaycan milli komandası da iştirak edəcək.

Çempionatda 6 ölkənin milli komandası mübarizə aparacaq. Azərbaycan voleybolçuları Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək. "AVRO-2024"ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək. Qeyd edək ki, yarış 21-25 noyabr tarixlərində baş tutacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".