İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Atletimiz üç medala sahib olub

Moldovanın paytaxtı Kişineuda 15-17 yaşlı yeniyetmə oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Yaşı 15-dək olan oğlanlar arasında 81 kiloqram çəki dərəcəsində Hüseyn Heydərov mübarizə aparıb. O, birdən qaldırma hərəkətində 118 kiloqramı başı üzərinə qaldırıb və Avropa birinciliyinin qızıl medalına layiq görülüb. Təkanla qaldırma hərəkətində isə 139 kiloqramı ram edərək Avropanın ən yaxşısı olub. Təmsilçimiz ümumilikdə 257 kiloqram (118+139) nəticə göstərərək yekun sıralamada da qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Çempionatın mükafatçıları müəyyənləşib

İyulun 3-7-də Qəbələ rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları arasında beşnövçülük üzrə çempionata yekun vurulub. Çempionatda FHN-nin Aparat və qurumlarının ümumilikdə 19 komandadan 100-ə yaxın əməkdaşı iştirak edib. Çempionatda iştirakçılar gimnastik hərəkətlər üzrə güc çalışmaları, maneələr zolağı, atıcılıq, üzgüçülük və dağa dırmanma mərhələləri üzrə bacarıqlarını göstəriblər. Yarışın son günündə isə komanda və şəxsi hesab üzrə qaliblər müəyyən olunub.

Şəxsi nəticələrdə birinci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rəşid Sadıqov, ikinci yerə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Kamran Məlikov, üçüncü yerə isə FHN Akademiyasının kursantı Əli Həsənov sahib olub. Sonda qaliblərə kubok, medal, diplom və fəxri fərmanlar təqdim edilib.

 

Cüdoçularımız təlim düşərgəsində

Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Benidorm şəhərində keçirilən Olimpiya təlim düşərgəsində iştirak edirlər. Hazırlıq prosesinə gənclərdən, qadınlardan və böyüklərdən ibarət yığmaların üzvləri qatılıblar. Təlim-məşq toplanışı avqustun 4-6-da Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Masters turnirinə, sentyabr və oktyabr aylarında təşkil olunacaq gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Nərgiz İSMAYILOVA,

"Respublika".