SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Həzmi asanlaşdırır, aspirini əvəz edir...

Tayvan tibb məktəbinin alimləri kivinin bağırsaqların fəaliyyətini nizama saldığını və həzmi asanlaşdırdığını ortaya çıxarıblar. Mütəxəssislər həzm problemi olan insanlara 4 həftə ərzində kivi yedirtməklə təcrübə aparıblar. Nəticədə məlum olub ki, kivi yeyənlərin 45 faizinin həzm prosesi asanlaşıb.

Kivi eyni zamanda lif baxımından da çox zəngindir. 100 qram bananda 1,6 qram lif varsa, kividə bu 3,4 qramdır. Məhz bu, bağırsaqlarda lazımlı bakteriyaların artmasına səbəb olur. Bu meyvə eyni zamanda xolesterolu aşağı salır və ürək-damar sistemi xəstəlikləri riskini də azaldır. Aparılan digər araşdırmalar zamanı sübut edilib ki, lif baxımından zəngin olan kivi qalın bağırsaq xərçənginin qarşısını almaq üçün də effektiv vasitədir. Belə ki, meyvənin tərkibindəki liflər tərəfindən istehsal edilən bir turşu növü xərçəngə səbəb olan genlərin aktiv hala gəlməsinin qarşısını alır. Bundan əlavə, aparılan təcrübələr kivinin yuxunun keyfiyyətini artırdığını da sübut edib. Yüksək miqdarda kalsium tərkibli olduğu üçün yatmazdan bir saat əvvəl yeyilən bir kivi daha rahat yuxuya getməyi təmin edir. Eyni zamanda, ruh yüksəkliyinə də kömək edir.

Kivinin daha bir faydalı xüsusiyyəti isə qanı durulaşdırmasıdır. Mütəxəssislər qanı durulaşdırmaq üçün gündə bir aspirin qəbul etmək əvəzinə bir dənə kivi yeməyi tövsiyə edirlər. Qeyd edək ki, artıq sayda aspirin qəbulu mədə ağrısı, ürəkbulanma və qanaxma kimi mənfi təsirlərə səbəb ola bilər. Bu səbəbdən də gündə bir ədəd kivi yeməklə belə problemlərdən uzaq ola bilərsiniz.

Arıqlamaq istəyənlərə şad xəbər

İngiltərəli elm adamları qidalanma səviyyəsindən aslı olmayaraq arıqlamağın mümkün olacağını iddia edirlər. Bu barədə "Muhalif" veb saytı məlumat yayıb.

Alimlər siçanlar üzərində apardıqları təcrübə zamanı rasionu dəyişdirmədən beyində çəkini atmağa kömək edə biləcək bir növ "düymə" aşkar ediblər. Əgər eyni təsirlər insanlarda da müşahidə olunarsa, bu, standart pəhrizlərlə əlaqəli aclıq və dietik məhdudiyyətlər olmadan çəkini idarə etməyə imkan verən yeni müalicələrə səbəb ola bilər.

Bədənimiz qidaları emal edir və beyinin lateral hipotalamus (LHA) kimi tanınan sahəsi ətrafında enerji mərkəzləri yaradır. Qısacası hipotalamus qida qəbulundan və toxluq hissindən məsuldur. Yağ toxuması adlandırılan, bədənimizin yağ ehtiyatlarına siqnal göndərən də məhz odur. Elm adamları siçanlar üzərində təcrübələr vasitəsilə bu prosesin gedişatını izləməyə çalışıblar. Məlum olub ki, qidayla əlaqədar kökələn siçanların LHA sahəsindəki GABRA5 adlı müsbət neyronların fəaliyyəti ləngiyib. Elm adamları bunu yoxlamaq üçün kimyəvi maddələrlə sözügedən neyronların fəaliyyətini daha da ləngidiblər. Nəticədə gəmiricilərin çəkisi artmağa davam edib. Bu tapıntı tədqiqatçıları əks-effekt axtarmağa ruhlandırıb və onlar həmin neyronları aktivləşdirmək qərarına gəliblər. Bunun üçün isə təsadüf nəticəsində "Neurobiogen biotexnoloji" şirkətinin tamamilə başqa məqsədlə hazırladığı və neyronları aktivləşdirən dərmanından (KDS2010) istifadə ediblər. Nəticədə preparatın təsirindən kök siçanlar qida qəbulunu azaltmadan arıqlamağa başlayıblar. Beləliklə, tədqiqat müəllifləri rasionu dəyişmədən arıqlamağa imkan verən "düyməni" tapa bildiklərini elan ediblər.

Bu qidaları birlikdə yeməyin!

Adətən yeməyi daha da dadlı etmək və onun kalorisini artırmaq üçün bir neçə qidanı birləşdirib birlikdə yeyirik. Lakin bu mədədə turşuluğun artması ilə həzm prosesinin pozulmasına, halsızlıq, baş və qarın ağrısı kimi bir çox problemlərə səbəb olur. Hətta bu cür qida rejimi uzun müddət davam edərsə xroniki həzm problemlərinə də yol aça bilər. Qida mütəxəssisləri belə hallarla qarşılaşmamaq üçün zərərli olan yanlış qida birləşmələrini açıqlayıblar.

Səhər yeməyində ətli omlet yemək həyatımızın olmazsa olmazlarından biridir. Lakin bu məhsulların hər biri ayrı-ayrılıqda yüksək qida dəyərinə malik olduğu üçün mədədə həzmsizliyə, orqanizmdə zəhərli tullantıların əmələ gəlməsinə səbəb olur. Bu səbəbdən də əvvəlcə yüngül protein daha sonra isə ətin yeyilməsi tövsiyə olunur. Birlikdə yeyildikdə çətin həzmə gedən qidalara süd və yumurta cütlüyü də aiddir. Belə ki, südün tərkibindəki kalsium yumurtanın tərkibindəki zülal və dəmirin udulmasını ləngidir və ya qarşısını alır. Bu ləngimənin qarşısını almaq üçün səhər yeməyində yumurtanı təzə sıxılmış portağal suyu ilə qəbul etmək daha yaxşıdır. Süd isə qəlyanaltı zamanı və ya axşam yatmazdan bir neçə saat əvvəl içilərsə, daha faydalı olar. Bundan əlavə, südün sitrus meyvələri ilə də birlikdə istehlakı məsləhət görülmür. Belə ki, süd çətin həzm olunduğundan limon kimi sitrus meyvələri ilə onu qarışdırdıqda mədədə qatılaşır. Bu isə qaz və ürəkbulanmasına gətirib çıxarır. Birlikdə istehlakı tövsiyə edilməyən qidalara yemək zamanı yeyilən meyvə də daxildir. Çünki meyvə daha tez həzm olunur, yeməyi həzm etmək isə vaxt apara bilər. Bu səbəbdən də, qida həzm olunarkən, meyvə mədədə qalır və qıcqırmağa başlayır. Odur ki, meyvəni yeməklə və ya yeməkdən dərhal sonra qəbul etməkdən çəkinmək lazımdır.

Podaqradan əziyyət çəkirsinizsə...

Türkiyə mətbuatının yaydığı informasiyaya görə, hindistanlı elm adamları podaqra zamanı ağrıları və iltihabları azaldan vasitə aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, liflərlə zəngin olan qidalar xəstələrdə podaqranın simptomlarını azaldır.

Podaqra maddələr mübadiləsi sisteminin xəstəliyidir. Bu xəstəlik zamanı oynaqlarda və müxtəlif toxumalarda urat duzları (bədəndə toplanan həll olunmamış birləşmələr) yığılır ki, bu da iltihaba və güclü ağrılara səbəb olur.

Alimlər belə qənaətə gəliblər ki, liflə zəngin olan qidalar (buğda kəpəyi, kətan toxumu, quru meyvələr, paxlalar, meyvə və tərəvəzlər və s.) mədə-bağırsaq sistemində bəzi bakteriyaların aktivliyini artırır ki, bu da iltihabın və iltihabla bağlı olan ağrıların azalmasına kömək edir. Məhz bu səbəbdən də, elm adamları iddia edirlər ki, liflərlə zəngin olan pəhriz həmçinin artrit xəstəliyi zamanı da faydalı ola bilər. Lakin onu da nəzərə almaq lazımdır ki, liflərlə zəngin olan məhsulların həddindən artıq miqdarda qəbulu qarında ağrılara, köpə səbəb ola bilər.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".