İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN ÇEMPIONATI

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan çempionatda Bakı və Mingəçevirdən olan 100-ə yaxın idmançı mübarizə aparıb. İştirakçılar 2 gün ərzində akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışıb. Qaliblər medal və diplomla mükafatlandırılmaqla yanaşı, fərqlənən idmançılar oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı əldə ediblər.

ŞAHMAT ÜZRƏ AVROPA BIRINCILIYINƏ YEKUN VURULUB

Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına yekun vurulub. 47 ölkədən 928 şahmatçı mübarizə apardığı çempionatda təmsilçilərimizin çıxışı uğurlu olub.

Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) öz kateqoriyalarında qızıl medal qazanıblar.

18 yaşlılar arasında çıxış edən Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, 12 yaşlı qızların mübarizəsində Səadət Bəşirli çempionatı bürünc medalla başa vurub. Beləliklə Azərbaycan şahmatçıları Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 7 medal qazanıb.

GƏNCLƏR FESTIVALI KEÇIRILƏCƏK    

Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə "Gənc Fest" festivalı keçiriləcək.

Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında sentyabrın 21-dən 24-dək təşkil olunacaq tədbirə 16-29 yaş arası hər kəs qatıla bilər. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.

ÜZGÜÇÜLƏRIMIZIN IŞTIRAK EDƏCƏYI YARIŞLAR MƏLUM OLUB

İlin sonuna kimi Azərbaycan Üzgüçülük Federasiyasının tədbirlər proqramına uyğun olaraq bir neçə yarışın keçirilməsi və milli komandanın beynəlxalq turnirlərdə iştirakı nəzərdə tutulur.

Milli komanda 10-30 oktyabr tarixlərində Mingəçevir şəhərindəki "Kür" təlim-tədris mərkəzində hazırlıq keçəcək. 10-15 noyabr tarixlərində Su İdman Sarayında Respublika Kuboku təşkil olunacaq. Həmin yarışda yığmaya növbəti seçimlər reallaşacaq. Milli komandanın üzgüçüləri oktyabr və noyabr aylarında Almaniya, Qətər və Kanadada keçiriləcək Dünya Kuboku mərhələlərində mübarizə aparacaqlar. Üzgüçülərimiz dekabrda isə Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq Avropa çempionatında iştirak edəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".