Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Fikrət Əmirov

Azərbaycan musiqisinə "Min bir gecə", "Şur", "Azərbaycan kapriççiosu" və "Sevil" kimi könülləri fəth edən saysız mahnılar bəxş edən, əsərlərində öz bənzərsiz üslubunu yaradan, musiqisi xarici ölkə dinləyicilərini heyrətləndirən dahi bəstəkarımız Fikrət Əmirov... "Mən bir zirvə tanıyıram. Uca zirvə... Günəşli zirvə... Vüqarlı zirvə... O zirvə dünyanın hər yerindən görünür. Bəzən Nyu-Yorkun alqışlarından titrəyən konsert salonları o zirvəyə səcdəyə gəlir, bəzən dumanlı Londona o zirvədən şəfəqlər süzülür..."  - bu sözləri xalq şairimiz Nəbi Xəzri dahi bəstəkarın iki böyük şedevri - "Şur" və "Kürd ovşarı" haqqında demişdi...

Bəstəkar tarzən Məşədi Cəmil Əmirov və Dürdanə xanımın ailəsində, Gəncə şəhərində anadan olmuşdur. O ailənin ikinci övladı idi və uşaqlığından atası Məşədi Cəmil Əmirovun əsərlərinə, xüsusilə musiqilərinə qulaq asırdı. Onun bəstəkar kimi formalaşmasında o dövrün sənətkarlarının, bir sözlə, yaşadığı mühitin təsiri olub. Atası qəfil vəfat edəndə  Fikrətin 6 yaşı var idi. Dürdanə xanım 6 övladını tək böyütməli olub. Fikrət Əmirov yaşadığı çətinliyə baxmayaraq, atasının sənət yolunu davam etdirmiş, ailəsində ondan cəmi 1 yaş böyük olan bacısı Yaxşı xanımla çalışmışdır. Gəncədə bacısı ilə Uşaq Yaradıcılığı olimpiadalarına qatılmağa başlayan bəstəkar, bu olimpiadalarda Azərbaycan xalq mahnılarını oxuyan Yaxşı xanımı müşayiət edib. Yeri gəlmişkən qeyd edək ki, həmin ərəfədə istedadlı ifaçıları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyov burada Məşədi Cəmilin övladlarının istedadının şahidi olmuşdur.

Fikrət Əmirov Bakıya gələrkən gələcək peşəsini seçmək barədə çox düşünür və anası Dürdanə xanımın məsləhətilə konservatoriyaya daxil olur. Beləcə, gənc Fikrət Əmirovun Bakıda Azərbaycan musiqisinin tacı sayılan  Üzeyir Hacıbəyov və böyük sənətkar Bülbüllə əhatə olunan tələbəlik illəri başlayır.

Fikrət Əmirov Bakıya gəldiyi ilk illər bacısı Yaxşı xanımla qohumlarının evində yaşayır. Sonra isə skripkaçı dostu ilə Dmitrov küçəsində bir evdə qalır. Dostu hərbi xidmətə çağırıldıqdan sonra bu evdə tək yaşamağa başlayır. Həmin illəri bəstəkarın bacısı Şəfiqə xanım bu cür xatırlayırdı: "Fikrətin yaşadığı evə gələndə dəhşətə gəldim. Onun ev şəraiti olduqca ağır idi. Boş, soyuq otaqda sadə taxta masa, iki stul və dəmir çarpayı vardı. Yağış yağanda evə damırdı və o, hər dəfə çarpayısını dəyişdirməyə məcbur olurdu. Bütün bu çətinliklərə baxmayaraq, Fikrət böyük həvəslə oxuyur və yazıb-yaradırdı".

Fikrət Əmirov həkim Aidə Əmirova ilə ailə həyatı qurmuş, bu evlilikdən onların Cəmil və Sevil adlı övladları dünyaya gəlmişdir. Sonralar Aidə xanım vəfat etmiş və o, yazdığı "Min bir gecə" baletini həyat yoldaşına həsr etmişdir.

Deyirlər, bəstəkarın ən çox sevdiyi alət tar olub. Onun atası tarzən olduğundan, özü də eyni zamanda tarda ifa edə bilirdi. Bəstəkar öz xatirələrində qeyd edir: "Məni bəstəkar edən Azərbaycan tarıdır, Azərbaycan musiqi alətlərinin gözü tardır. Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir alət deyil, sanki bir orkestri əvəz edir".

62 yaşlı bəstəkar son əsəri olan "Nizami" baletini tamamladıqdan sonra qəfil xəstələnir. İlk vaxtlar bu xəstəliyə əhəmiyyət verməsə də, onun səhhəti getdikcə pisləşir və vəfat edir. Yaxın dostunun ölümündən sarsılan Mirzə İbrahimov "Kommunist" qəzetində dərc etdirdiyi "Sənət zirvəsində" adlı məqaləsində qeyd edir: "Fikrət Əmirov musiqisi milli olduğu qədər də, beynəlmiləldir. Onun sənətinin pərəstişkarları dünyanın hər yerindədir. Fikrət Əmirovun sehrkar musiqisi sevimli bəstəkarımızın ömrünü əbədi edəcək… Sorağını əsrlərdən-əsrlərə aparacaqdır"...

 

Cerom Selincer

"Daima deyirəm: "Sizinlə tanış olmağıma çox məmnunam". Halbuki, qətiyyən məmnun deyiləm. Ancaq insanların arasında yaşamaq istəyirsənsə, nə gəldi danışmağa məhkumsan". Bu sözlər Amerikanın məşhur yazıçısı Cerom Selincerin ona dünya şöhrəti qazandıran  "Çovdarlıqda uçurumdan qoruyan"  adlı yeganə romanındandır. Məşhurların ən tənhası, tənhaların isə ən məşhuru olan bu yazıçı 91 il 27 günlük ömrünün 45 ilini tərki-dünyalıqda keçirib. O, özünü könüllü şəkildə cəmiyyətdən təcrid etmişdi. Ona görə yox ki, bu dünyanı sevmirdi, ona görə ki, bu dünyanın düzəni, necə qurulması, insanların tapındığı "dəyərlər" onu təmin etmirdi. O, bu dünyada susqun, sonsuz və əbədi olanı seçdi. Həyat onun qarşısında bütün qapılarını açanda, Selincer bu qapıların hamısını qıfılladı...

Cerom Devid Selincer Nyu-Yorkda anadan olub. Litva yəhudisi olan atası Solomon Selincer yağ-pendir istehsalı ilə məşğul idi. Yazıçının katolik təriqətli anası Meri Cillik ailə üzvlüyünə qəbul olunmaq üçün adını dəyişərək Məryəm adıyla yəhudiliyi qəbul edib. Oxuduğu nüfuzlu kollec və məktəblərin çoxundan qovulan Selincer normal ali təhsil ala bilməyib. Gənc ikən pendir və kolbasa istehsalını öyrənmək üçün getdiyi Polşadan, Avstriyadan da əliboş qayıdıb. Atası fərasətsiz oğlunun yazmaq, böyük yazıçı olmaq arzusunu səfehlik sayırmış. O, övladının davamçısı olmasını istəsə də, pendir gənc Selinceri qətiyyən maraqlandırmaz, buna görə də ailədə narazılıq yaranarmış. Yeganə romanını həsr elədiyi anası isə Selinceri sona qədər dəstəkləyib.

Selincer 22 yaşında olarkən füsunkar Uno O'Nilə aşiq olur. 16 yaşlı Uno Nobel mükafatı qazanan yeganə amerikalı dramaturq Yucin O'Nilin qızı idi. 17 yaşından aktrisalıq eləməyə başlayan bu xanım həmişə özündən yaşca böyük kişilərlə eşq macərası yaşayırdı, onu adətən intellektual qocalar cəlb edirdi...  1941-ci ilin sonunda Cerom cəbhəyə getmək üçün siyahıya yazılır və müharibəyə yollanır. Bundan sonra cəbhədən Unoya yazdığı məktublar onun yeganə əyləncəsinə çevrilir. Ancaq xanım O'Nil Kaliforniyaya köçəndən sonra Selincerin məktublarına cavab gəlmir. Həmin illərdə Uno özündən 36 yaş böyük Çarli Çaplinlə ailə qurur. Bu xəbər Selinceri sarsıdır. Avropanı fəth etməyə hazırlaşan gənc sevdiyi qızdan məktublarına cavab gözlədiyi bir vaxtda qəzetlərdən onun Çaplinə ərə getdiyini öyrənir və ömrü boyu bu nakam sevginin kabusu altında əzilir.

Vətəndaş müharibəsi Amerikaya Mark Tvenlə Uolt Uitmen kimi yazıçılar bəxş etdi, İkinci Dünya müharibəsi də Selinceri qazandırdı. O, cəbhədə ağır döyüşlərlə, insan itkiləriylə üzləşməsəydi, çətin ki, belə istedadlı yazıçı ola bilərdi. Müharibə illərində əks-kəşfiyyatçı olan yazıçı xidməti vəzifəsini yerinə yetirəndə bəzən maşını yolda saxladıb nəsə yazır, qeydlər aparırdı. "Çovdarlıqda uçurumdan qoruyan" romanının ilk altı fəsli beləcə yollarda, güllə səsi altında yazılıb. Selincerin əvvəldən də mürəkkəb olan xasiyyət və davranışları 40-cı illərdə daha da qəlizləşir. Müharibə illərində əsirlərlə işləyən, bir neçə düşərgənin boşaldılmasında iştirak edən yazıçı ağır psixoloji zədə alıb aylarla hərbi hospitalda müalicə olunur.

Hitler hakimiyyətinə nifrət bəsləyən Selincer bir dəfə Nasist Partiyasının üzvü olan gənc qızı həbs edir və ona aşiq olur. Həmin ərəfədə Amerika əsgərlərinə alman qızlarıyla ailə qurmaq qadağan olunduğundan Selincer hərbi tribunal qarşısına çıxarıla bilərdi. Ancaq yazıçı Silviya adlı həmin alman qızını özüylə Amerikaya gətirir. Gənc ailə bir müddət Solomon atanın evində yaşayır. Lakin bu qəribə evlilik cəmi bir ay çəkir. Ancaq bu, Selincerin son uğursuz sevgi macərası deyildi. Daha sonralar isə yazıçı Kler Duqlasla tanış olur. Onda Selincerin 31, Klerin isə 16 yaşı vardı. Kler orta məktəbi bitirməmiş Ceromla ailə qurur. Bu ərəfədə yaradıcılığının çiçəklənmə dövrünü yaşayan Selincer saatlarla iş otağından çıxmır, Klerin ikinci dəfə hamilə olduğunu eşidəndə əməlli-başlı qəzəblənir. Bu cür həyata dözə bilməyən Kler iki uşağıyla birlikdə evi tərk edir. Həmişə gənc xanımlara aşiq olan Selincerin sonuncu sevgilisi isə özündən düz 50 yaş kiçik idi...

Yazıçının üzərində 9 il işlədiyi "Çovdarlıqda uçurumdan qoruyan" romanı əməlli-başlı səs-küyə səbəb olub. Belə ki, əsər müəyyən əxlaqi dəyərlərə qarşı çıxdığı üçün təzyiqlərə məruz qalmış, hətta kommunizm ideyalarının təbliğinə görə Vaşinqtonun bəzi məktəblərində qadağan olunmuşdu. Onu da qeyd edək ki, roman hələ də ABŞ-da ən qalmaqallı əsər kimi qəbul olunur. Leonardo Di Kaprio daxil olmaqla bir çox məşhurlar romanın motivləri əsasında film çəkmək istəsələr də bu, müxtəlif səbəblərdən mümkün olmayıb…

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".