MÜRƏKKƏB MÜKƏMMƏL MEMARLIQ
Maraqlı

MÜRƏKKƏB MÜKƏMMƏL MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Duomo" Milan Kafedralı

Milanın tarixi mərkəzində yerləşən möhtəşəm sənət əsəri "Duomo" Milan Kafedralı Müqəddəs Məryəmin doğum gününə həsr edilmişdir. Kompleksin tikintisinə XIV əsrdə başlansa da, yalnız XXI əsrin əvvəllərində başa çatdırılmışdır. Avropanın ən böyük kafedralı olan "Duomo" Milan Kafedralı qotik üslubda inşa edilən kilsələr arasında tutumuna görə Vatikandakı Pyotr Bazilikasından sonra ikinci yerdədir.

Məbədin ümumi uzunluğu 158, eni 92, hündürlüyü isə 106,5 metrdir. Nəhəng sütunlarla bir-birinə bərkidilmiş binanın qüllələrinin üstündə olan heykəllər kilsəyə xüsusi gözəllik verir. Kafedralın interyerində olan əsas elementlərdən biri Milanın himayədarı La Madonninanın qızıl heykəlidir. Kafedralın vitrajları (əsas fasadın bir vitrajı, transeptin qolları və ambulatoriya) XVI əsrin ortalarında ata və oğul Giovanni Battista və Cüzeppe Bertini tərəfindən hazırlanmışdır. 40 nəfərə qədər ziyarətçi qəbul edə bilən kompleksin divar rəsmlərini rəssam və memar Alessandro Sankviriko çəkib.

Əfsanəyə görə, qurbangahın üzərində İsa Məsihin çarmıxa çəkilməsində istifadə edilən mismar da saxlanılır. Hər il sentyabrın 14-də həmin mismar xüsusi cihazla-"nivola" ilə aşağı endirilir və festival bitdikdən sonra yuxarı qaldırılır.

"Klayd Auditoriyası"

Mədəniyyət Mərkəzi

Şotlandiyanın Qlazqo şəhərində unikal quruluşa malik "Klayd Auditoriyası" Mədəniyyət Mərkəzi dünyaşöhrətli memar Norman Foster tərəfindən layihələndirilib. Mədəniyyət mərkəzinin inşaat işləri isə "Foster & Partners" şirkətinin mühəndisləri tərəfindən aparılıb. İki il müddətində tikilən bina 1997-ci ildə istifadəyə verilib.

Yüngül alüminium örtükdən hazırlanan kompleksin çoxpilləli dam örtüyü armadil (zirehlilər fəsiləsindən olan heyvan) qabığına bənzədiyi üçün yerli sakinlər bu binanı "The Armadillo" - "Döyüş gəmisi" adlandırıb. 3000 nəfər tutuma malik olan kompleksin bütün zalları müasir texnoloji avadanlıqlarla təchiz edilib.

Klayd çayının sahilində tikilmiş bu mədəniyyət mərkəzi musiqi konsertləri, rəsm sərgiləri və işgüzar tədbirlər üçün nəzərdə tutulub. "Klayd Auditoriyası" Mədəniyyət Mərkəzinin səhnəsində indiyə qədər bir çox dünyaşöhrətli musiqiçilər çıxış edib.

 

"Conch Shell House" evi

Meksikanın ən məşhur kurortlarından biri olan Kankundan cəmi 13 kilometr aralıda qeyri-adi bir bina var. "Conch Shell House" (balıqqulağı evi) adlı bina meksikalı sürrealist rəssam Oktavio Okampoya məxsusdur. Bu heyrətamiz layihəni hazırlayan O.Okampo və qardaşı memar Eduardo ətraf mühitlə vəhdət təşkil edən orqanik dizayn ortaya çıxardıblar.

Ağ rəngdə balıqqulağı formasında inşa olunan ev sement, yüksəkkeyfiyyətli beton və ən əsası sahildən toplanan balıqqulağı və dəniz mərcanı kimi təbii materiallardan tikilib. Bu ekzotik evin bəzədilməsində 4000 balıqqulağı qabığından istifadə edilib. Binanın interyeri və fasadı eynilə balıqqulağı şəklində dizayn olunub. Burada əsas diqqəti çəkən məqam evin mərkəzinin yuvarlaq formada olmasıdır. Mətbəx, iki yataq otağı və hamamdan ibarət evin bəzi əşyaları sıxılmış mərcan tozundan hazırlanıb. İkinci mərtəbəyə qalxmaq üçün giriş hissəyə spiral pilləkən quraşdırılıb. Evin fasadında müxtəlif tropik bitkilər, kokos və xurma ağacları ilə əhatə olunmuş böyük hovuz da tikilib.

"Conch Shell House" evinin eyvanından baxanda Karib dənizinin gözəl mənzərəsi hər kəsin diqqətini cəlb edir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".