Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

NATO-nun BAŞ KATİBİ TÜRKİYƏYƏ TƏŞƏKKÜR EDİB

NATO-nun baş katibi Yens Stoltenberq “Taxıl sazişi” ilə bağlı səylərinə görə Türkiyəyə minnətdarlığını bildirib. “Report” agentliyinin xəbərinə görə, o, bu barədə Avropa Parlamentinin Xarici Əlaqələr, Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin Brüsseldə keçirilən iclasında çıxışı zamanı bəyan edib.

Baş katib çıxışında Rusiyanın Qara Dəniz “Taxıl sazişi”ndən çıxmaq qərarını və Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını dayandırmaq cəhdlərini pisləyib.

“Biz Türkiyənin “Taxıl sazişi”ni bərpa etmək səylərini alqışlayırıq”, - deyən Stoltenberq əlavə edib ki, Ukraynadan taxılın təhlükəsiz daşınmasını təmin etməyin ən yaxşı yolu Rusiyanın müharibəyə son qoymasıdır.

Xatırladaq ki, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə “Taxıl sazişi” imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.

 

BMT BAŞ KATİBİNDƏN “TAXIL SAZİŞİ” İLƏ BAĞLI AÇIQLAMA

Qlobal ərzaq təhlükəsizliyinin təmini üçün “Taxıl sazişi”nin bərpası BMT-nin ən mühüm vəzifələrindən biridir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə təşkilatın baş katibi Antonio Quterreş bəyan edib.

Baş katib bu gün mövcud olan bir sıra məhdudiyyətləri aradan qaldırmaq üçün mümkün olan hər addımın atılmalı olduğunu bildirib.

“Burada əsas məqsədlərdən biri Qara dəniz təşəbbüsünü bərpa etməkdir”, - deyə baş katib vurğulayıb.

Antonio Quterreş əlavə edib ki, “Taxıl sazişi”nin qaytarılması qarşılıqlı təminatlar sisteminin yaradılmasını tələb edir: “Buna əsasən, Rusiya ərzaq və gübrə ixrac etmək imkanlarına arxayın olmalı, Ukraynadan taxıl ixrac etməkdə maraqlı olan ölkələr isə Rusiyanın Qara dəniz taxıl təşəbbüsünün bərpasına hazır olduğunu bilməlidirlər”.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb.

 

AFRİKA ÖLKƏLƏRİNDƏN QLOBAL İQLİM VERGİSİ TƏTBİQ ETMƏK ÇAĞIRIŞI

Afrika ölkələri ən yoxsul ölkələrə iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmağa kömək edəcək proqramları maliyyələşdirmək üçün qlobal vergi tətbiq edilməsinə dair çağırış ediblər. Bu barədə “TASS” agentliyinin məlumatında qeyd olunur.

Verilən xəbərə görə, bu çağırış Nayrobi şəhərində başa çatan Afrika İqlim Sammitində qəbul edilmiş Nayrobi Bəyannaməsində öz əksini tapıb. Sammitin yekununda Keniya prezidenti Uilyam Ruto bildirib ki, Nayrobi Bəyannaməsi iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal fəaliyyətin yeni mərhələsinin əsasını qoyur.

Açıqlamaya əsasən, Nayrobi Bəyannaməsi planetin iqlimini qorumaq üçün həyata keçirilən proqramları maliyyələşdirmək məqsədilə qlobal vergi tətbiqini təklif edir. Afrika ölkələrinin konkret olaraq nəyə görə vergi tətbiq etməyə çalışdığı hələlik məlum deyil, lakin sammitin kuluarlarında ehtimal olunan maliyyə mənbəyinin adı artıq hallandırılıb - qlobal maliyyə sistemindəki əməliyyatlardan toplanacaq vəsait.

Bəyannamədə həmçinin inkişaf etməkdə olan ölkələrin cəlb edilməsi ilə beynəlxalq maliyyə sistemində islahatların aparılmasına dair çağırış da yer alır.

 

NYU-YORKDA YÜKSƏK TEMPERATUR REKORDU

Son iki gündə ABŞ-ın Nyu-York şəhərində bütün zamanların ən yüksək temperaturu (48°C) qeydə alınıb. “Report”un ABŞ bürosu xəbər verir ki, Nyu-York meriyası isti havanın təhlükə yaratdığı barədə xəbərdarlıq edib.

İstilik xəbərdarlığı Nyu-York ətrafında beş ştat və üç əyalət ərazisi üçün sentyabrın 7-si axşam saatlarına qədər qüvvədə olub.

Məlumata əsasən, açıq hava gəzintilərinin təşkil olunduğu  məktəblər fəaliyyətini dayandırıb. Həmçinin bir çox iş yerləri bağlanıb. Şəhərdəki sərinləmə mərkəzləri barədə meriyanın internet saytında məlumatlar yerləşdirilib. Şəhər sakinləri Atlantik okeanın və Hudzon çayının sahillərinə axın ediblər.

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının açıqlamasına görə, sentyabrın 8-dən etibarən istilik indeksi aşağı enəcək və temperatur bir qədər normallaşacaq. Məlumatda həmçinin qeyd olunur ki, 2023-cü ildə yer kürəsi tarixin ən isti üç ayını yaşayıb.

 

ABŞ RUSİYALILARDAN MÜSADİRƏ ETDİYİ VƏSAİTLƏRİ UKRAYNAYA VERƏCƏK

ABŞ ilk dəfə sanksiya tətbiq olunan rusiyalı oliqarxlardan müsadirə etdiyə vəsaitləri Ukraynaya ötürəcək. “Report” agentliyinin xəbərinə görə, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken ukraynalı həmkarı Dmitro Kuleba ilə birgə mətbuat konfrasında bəyan edib.

“Biz ilk dəfə olaraq, sanksiyaya məruz qalmış rusiyalı oliqarxlardan müsadirə edilmiş aktivləri Ukraynaya ötürürük, bundan sonra onlar Ukrayna hərbi veteranlarına dəstək üçün istifadə olunacaq”, - deyə diplomat vurğulayıb.

ABŞ-ın dövlət katibinin sözlərinə görə, Rusiyanın apardığı müharibəyə töhfə verənlər bunun əvəzini ödəməlidirlər.

Açıqlamaya görə, söhbət veteranların dəstəklənməsi və reabilitasiyasına yönəldilməsi nəzərdə tutulan 5,4 milyon dollardan gedir.

Qeyd edilir ki, bu vəsaitlər Entoni Blinkenin elan etdiyi 1 milyard dollardan artıq yardım çərçivəsində Ukraynaya göndərilir.

 

TÜRK NAZİR: AVROPA İTTIFAQI ƏN MÜHÜM TİCARƏT TƏRƏFDAŞIMIZDIR

“Avropa İttifaqı Türkiyənin ən mühüm ticarət tərəfdaşıdır”. “Trend” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheli ilə görüşündən sonra bildirib.

Nazir qeyd edib ki, Türkiyə Aİ-nin viza liberallaşdırılması istiqamətində ən qısa zamanda nəzərəçarpacaq irəliləyiş əldə ediləcəyini gözləyir.

Məlumata əsasən, görüş zamanı sənayenin yaşıl və rəqəmsal transformasiyası sahəsində Aİ ilə Türkiyə arasında əməkdaşlıq, rəqabətqabiliyyətlilik, Türkiyənin Rəqəmsal Avropa Proqramında iştirakı və proqram çərçivəsində türk müəssisələrinə veriləcək dəstək, Türkiyədə qurulacaq Avropa Rəqəmsal İnnovasiya Mərkəzləri kimi məsələlər müzakirə edilib.

“Rəqəmsallaşma və innovasiya Türkiyə ilə Aİ arasında əməkdaşlıq üçün böyük imkanlar yaradır. Bu istiqamətdə Türkiyənin Rəqəmsal Avropa Proqramında iştirakı ilə bağlı müqavilənin hər iki tərəfin imzalamasını bildirməkdən məmnunam. Ümumi büdcəsi 7,5 milyard avro olan bu proqram hər iki tərəf üçün tarixi baxımdan əhəmiyyətlidir”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı rəsmisi Oliver Varheli Aİ ilə Türkiyə arasında əməkdaşlıq danışıqları üçün Ankaraya səfər edib.

 

VENESİYAYA GƏLƏN TURİSTLƏRDƏN ŞƏHƏRƏ GİRİŞ ÜÇÜN PUL ALINA BILƏR

İtaliyanın Venesiya şəhərinin bələdiyyəsi 2024-cü ildə şəhərə bir günlük gələcək turistlərdən giriş pulu almağa hazırlaşır. Bu barədə “TRT” telekanalının xəbərində qeyd olunur.

Bələdiyyədən verilən açıqlamaya görə, qurum rəhbərliyi şəhərdəki turist sıxlığının qarşısını almaq üçün 2024-cü ildə turist sayının ən yüksək olacağı günlərdə qonaqlardan giriş haqqı tələb edəcək. Təcrübə il boyu aparılacaq və giriş haqqı 5 avro olacaq.

Məlumata əsasən, şəhər sakinləri, işçilər, tələbələr, 14 yaşdan kiçik uşaqlar və idman tədbirlərinə gedənlər yoxlamadan azad sayılırlar.

Bələdiyyə şurasına göndərilən qə

rar təsdiq olunmaq üçün sentyabrın 12-də müzakirəyə çıxarılacaq. Venesiya bələdiyyə sədri Luigi Bruqnaro yeni tətbiqin şəhərin bağlanması demək olmadığını, müəyyən dövrlərdə turist sıxlığını tənzimləmək üçün lazım olduğunu bildirib.

Xatırladaq ki, bundan əvvəl də Venesiyada oxşar təcrübələr gündəmə gətirilib, lakin müxtəlif səbəblərdən həyata keçirilməsi alınmayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.