İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Atıcımız qızıl medal qazanıb

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir. 25 metr məsafəyə tapançadan mərkəzə atəş açma növündə kişi və qadınların yarışı keçirilib. Ölkəmizi təmsil edən Nigar Nəsirova qızıl medal əldə edib. Nərminə Səmədova isə gümüş medala yiyələnib. Üçüncü yerə Monqolustandan olan atlet Xişiqderger Enxbat sahib olub. Kişilər arasında komanda növündə Almaniya birinci, Koreya ikinci, Hindistan üçüncüdür.

 

İki boksçumuz finala yüksəlib, ikisi bürünc medala sahib olub

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşləri keçirilib. Millimizin üzvü Şahin Aslanov (52 kiloqram) gürcüstanlı Sandro Kapanadzeni məğlub edib. Boksçumuz həlledici görüşdə Nikolay Nikolayevlə (Bolqarıstan) üz-üzə gələcək. Səftər Məmmədzadə (90 kiloqram) isə yarımfinal döyüşünün taleyini ilk raundda həll edib. Təmsilçimiz ermənistanlı Aram Tumanyanı nokaut edərək tam üstünlüklə qələbə qazanıb. Məmmədzadə çempionluq üçün Yosip-Vladislav Kozakeviçlə qarşılaşacaq. Digər boksçularımızdan Adil Zalov (63 kiloqram) və İsmayıl Vəliyev (70 kiloqram) Avropa birinciliyini bürünc medalla bitirib.

 

Atletimiz Olimpiya Oyunlarına lisenziya əldə edib

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan atletika üzrə dünya çempionatı davam edir. Milli komandamızın üzvü Anna Skidan çəkicatma üzrə təsnifat mərhələsində 77.10 metr nəticə ilə final mərhələsinə yüksəlib. Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyən atletimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Şahmat üzrə Dünya Kuboku yekunlaşıb

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib.  Bu titula beşqat dünya çempionu, norveçli Maqnus Karlsen sahib çıxıb. O, finalda hindistanlı Rameşbaba Praqnanandxanı məğlub edərək, karyerasında ilk dəfə dünya kubokunu qazanıb. Üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Fabiano Karuanaya uduzan Azərbaycan şahmatçısı Nicat Abasov isə dördüncü yerlə kifayətlənib.

Nərgiz İSMAYILOVA,

"Respublika".