İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

II MDB Oyunlarında ölkəmizi təmsil edən millimiz Vətənə qayıdıb

Avqustun 14-də Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında 4-cü yeri tutan Azərbaycan millisi Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Qeyd edək ki, Azərbaycan millisi Belarusda keçirilən II MDB Oyunlarında yarışı 62 medalla başa vurub. İdmançılarımız 10 qızıl, 17 gümüş, 35 bürünc medal əldə ediblər. II MDB Oyunlarında komanda hesabında ən yaxşı nəticəni 288 medalla (149 qızıl, 89 gümüş, 50 bürünc) Rusiya yığması göstərib. Belarus millisi 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) ikinci, Özbəkistan isə 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) üçüncü yeri tutub. Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncədə keçiriləcək.

 

Şahmat üzrə millimizin  növbəti qələbəsi

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadası keçirilir. Ümumdünya Şahmat Olimpiadasında 47 ölkədən 63 komanda mübarizə aparır. Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edir.  İkinci turda Azərbaycan komandası Qazaxıstan şahmatçıları ilə qarşılaşıb, görüş 2:2 hesabı ilə yekunlaşıb. Üçüncü turda isə yeniyetmə şahmatçılardan ibarət Azərbaycan millisi Bolqarıstan komandasını məğlub edib - 3,5:0,5.

 

Həndbol üzrə qitə çempionatı başa çatıb

Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatına yekun vurulub. Litva - Farer adaları matçında 32:27 hesablı qələbə çalan litvalılar çempionatı 3-cü pillədə başa vurublar.  Yarışın qalibi İspaniya - Sloveniya görüşündə müəyyənləşib. 28:20 hesabı ilə qalib gələn İspaniya millisi Avropa çempionu adına layiq görülüb. Final matçından sonra mükafatlandırma mərasimi keçirilib. Nəticələrə əsasən, İspaniya komandası qızıl, Sloveniya kollektivi gümüş, Litva həndbolçuları isə bürünc medalların sahibi olublar.

 

Boksçularımız Avropa birinciliyində çıxış edəcək

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyi keçiriləcək. Avropa birinciliyində oğlanların yarışında rinqə idmançılarımızdan Əli Camalzadə (40 kq), Şahin Mustafayev (42 kq), Bəhlul Əhmədli (44 kq), Məhəmməd Mehrəliyev (46 kq), Yusif Bəylərov (48 kq), Təşkilat Quliyev (50 kq), Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Toğrul Quliyev (57 kq), Əli Abdullayev (60 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdullayev (80 kq) və Səfdər Məmmədzadə (90 kq) çıxacaqlar. Komandanın məşqçilər heyətində Vüqar Məmmədov və Samir Məmmədov da yer alıblar. Qızlardan Saraxanım Səmədova (38 kq), Aylin Nəzərova (46 kq), Fidan Bəkirova (51 kq), Mədinə Məmmədova (57 kq) və Səma Hüseynova (60 kq) yarışda döyüşəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".