MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

NIYƏ "BIR FINCAN QƏHVƏNIN 40 ILLIK XƏTRI VAR"?

Qəhvə türk mədəniyyətində xüsusi yeri olan içkilərdəndir. Bu isti içki növünə bizim mətbəx mədəniyyətimizdə o qədər çox üstünlük verilməsə də, qardaş ölkədə demək olar hər kəs gündə ən azı bir fincan qəhvə içir. Hətta Türkiyədə qəhvə ilə bağlı belə bir məşhur məsəl də işlənir: "Bir fincan qəhvənin 40 illik xətri var". Son zamanlar bu məsəl artıq bizim dilimizə də keçib. Bəs bu məsəl necə yaranıb, arxasında hansı həyat hekayəsi dayanır?

İstanbulun Eminönü məhəlləsində Yemiş limanı deyilən yerdə balaca bir qəhvəxana varmış. Bura hər təbəqədən insanlar, xüsusən də gəmi kapitanları, balıqçılar gələr, dadlı türk qəhvəsi içə-içə uzun-uzun söhbətlər edərmişlər. Bir gün məkana bir yeniçəri (XIV-XIX əsrlərdə Osmanlı ordusunda daimi piyada qoşunu) gəlir. Türk sultanının ordusunda yeniçərilər xüsusi nüfuzları ilə seçilir, bir sözləri iki edilmirdi. Ətrafa nəzər salan yeniçəri içəridə bir rumlu (adətən balkan yarımadasından olanlara və yunanlara rumlu deyilirdi) gəmi kapitanının da oturduğunu görür və ucadan qəhvəxananın sahibinə deyir: "hamıya məndən bir qəhvə ver, rumluya vermə!".

Qəhvəçi hamıya qəhvə paylayır, ən sonda özünə və rumluya da bir fincan süzüb gəlib onunla eyni masada oturur. Yeniçəri qəzəblə, "ona vermə, demədimmi?" söyləyəndə, dükan sahibi "Bu mənim ona hədiyyəmdir, mən qonaq edirəm" deyir və rumlu ilə söhbətinə davam edir ki, adamın könlü qırılmasın.

Bu hadisənin üstündən düz 40 il keçir. Yunan və türklərin ortaq yaşadığı Susam adasında başlayan rum üsyanı alovlanır, rumlular xeyli türkü əsir alırlar və onların içərisində həmin yaşlı qəhvəxana sahibi də olur. Əsir bazarına çıxarılan qəhvəçini yaşlı bir rumlu satın alır və onu azadlığa buraxır. Türk bunun səbəbini anlamayanda rumlu "Mənə 40 il öncə bir fincan qəhvə vermişdin. Hər kəsin içində qürurum sınmasın deyə çox yaxşı davranmışdın, mən bunu unutmadım. Səni də görən kimi tanıdım", - deyir.

Bax beləcə, yaxşılığın unudulmaması, illər keçsə də, cavabının olacağı anlamına gələn bu məsəl dildən-dilə düşərək günümüzə çatıb.

SƏN DEMƏ, BELƏ INSANLAR...

BŞ-ın Duke Universitetinin psixoloqlarının araşdırmalarına görə, antisosial davranışa meyilli insanlar daha tez qocalır. Bu barədə "Journal of Environmental Research and Public Health" jurnalında dərc olunan məqalədə deyilir.

Alimlər Yeni Zelandiyada 1972-ci ilin aprelindən 1973-cü ilin martına qədər doğulmuş 45 yaşlarında tibbi və psixoloji müayinədən keçmiş 1037 nəfər üzərində araşdırma aparıblar. Antisosial davranış tarixi olan iştirakçıların bioloji qocalmasının əhəmiyyətli dərəcədə sürətli olduğu ortaya çıxıb. Tədqiqat hesabatına görə, 45 yaşında antisosial davranışa sahib olanlar digərlərindən orta hesabla 4,3 dəfə yaşlı idilər.

Qeyd edək ki, antisosial olmaq psixologiyada sosial normaları pozan, başqalarının hüquqlarına etinasızlıq göstərən, çox vaxt empatiya və ya peşmançılıq hissi ilə əlaqələndirilən (aldatma, təcavüz, oğurluq, zorakılıq, yalan) davranışlardır. Bu diaqnozu olan şəxslər cəmiyyətə və ətraf mühitə qarşı aqressiv münasibət nümayiş etdirir, davranışları ilə qarşısındakı insanları görməzlikdən gəlirlər.

Araşdırmalar göstərir ki, antisosial davranışa sahib insanların beyinləri digərlərinə nisbətən daha kiçikdir. Belə ki, uşaqlıqda antisosial şəxsiyyət pozuntusu olan 45 yaşlarındakı şəxslərin beyinlərinin səthi daha dar və beyinlərinin bəzi hissələrindəki pərdələr daha incə olur. Bu xüsusiyyət antisosial davranışlarla əlaqələndirilir. Lakin bu vəziyyətin irsi, narkotik maddə asılılığı, aşağı İQ və ya əqli sağlamlıqla əlaqəli olub-olmadığı hələ ki, bəlli deyil.

İLK HAMBURGERI BU XALQ HAZIRLAYIBMIŞ...

"Ham" sözünün ingilis dilindəki mənası "donuzun ayağının üst hissəsindən duzlanaraq və qurudularaq hazırlanan yemək" deməkdir. Lakin hamburger donuz ətindən hazırlandığı üçün bu adı almayıb...

Qədimdə monqollar və tatarlar əti çiy yeyirdilər. IV əsrdə Orta Asiyada yaşayan xalqlar uzun məsafəli səyahətlərə çıxanda yemək üçün fasilə vermək imkanları çox olmurdu. Həmin uzun səyahətlərdə əti yəhərlərinin altına qoyanda atın hərəkətlərinin təsiri ilə ətin az da olsa bişdiyini və daha rahat çeynənilə biləcək hala gəldiyini görürlər. İllər keçdikcə uzun səfərə çıxan hərbçilər ona duz, bibər və soğan da əlavə edərək, bugünkü "Tatar bifşteksi"ni yaratdılar.

XIX əsrin ortalarında Almaniyanın Hamburq şəhərindən Orta Asiyaya ticarət məqsədilə gələn bir tacir həmin bifşteksi görür və çox bəyənir. Vətəninə qayıtdıqdan sonra bunu Hamburg bifşteksi olaraq təqdim edir. Yerli aşpazların bu əti qızardaraq servis etməsi ilə "Hamburqa aid" mənasına gələn hamburger adı yaranır.

Almaniyadan dünyaya yayılmasının isə iki əsas səbəbi var. İlk olaraq, fizik və eyni zamanda dequstator olan J.H.Salisburinin İngiltərəyə gəlməsi, daha sonra isə Almaniyadan Amerikaya köç edən insanların bu yeni yemək növünü fərqli mədəniyyətlərə yaymasıdır.

NƏ ÜÇÜN QADINLARIN BURNU DAHA KIÇIKDIR?

Hər bir insan fərqli forma və böyüklükdə buruna sahib olsa da, adətən qadınların burnu kişilərin burnundan daha kiçik olur. Bəs bunun səbəbi nə ilə əlaqəlidir?

Lowa Universitetində aparılan araşdırma zamanı bunun iki cinsin arasındakı bədən quruluşunun və bundan meydana gələn enerji ehtiyacının fərqli olmasından qaynaqlandığı ortaya çıxıb. Alimlər izah edirlər ki, qızlar və oğlanlar arasındakı burun böyüklüyündəki fərqlilik xüsusilə yeniyetməlik dövründə nəzərə çarpmağa başlayır. Bu dövrdə kişilərin bədən ağırlığının 95 faizi yağsız toxumalardan ibarət olduğu halda, qızlarda bu faiz 85-dir. Araşdırmanın nəticələri göstərir ki, kişilər qadınlara nisbətən daha çox əzələ kütləsinə sahib olduğundan onların burnunun böyüklüyü enerji ehtiyacını ödəmək üçün oksigenə olan artıq tələbatı təmin edir.

Təcrübə burun böyüklüyündəki dəyişikliklə bədəndə əzələ artımı və enerji ehtiyacı arasında düz mütənasib bir əlaqə olduğunu göstərir. Qeyd edək ki, elm adamları neandertalların modern insanlarla müqayisədə daha böyük buruna sahib olmasını da onların bədən əzələləri ilə əlaqələndirirlər.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".