İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Paraatletimiz qızıl medal qazanıb

Azərbaycan idmançısı Lamiyə Vəliyeva Parisdə keçirilən paraatletika üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb. O, 400 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayaraq məsafəni 55,34 saniyəyə qət edib və birincilik əldə edib. Təmsilçimiz daha əvvəl 100 metr məsafəyə qaçışda dünya çempionu olub. Qeyd edək ki, bundan əvvəl milli komandanın üzvləri Orxan Aslanov, Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə dünya çempionatında "Paris-2024" Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.

 

ACF turunun ikinci mərhələsi

Bu gün Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişi cüdoçular arasında ACF turunun ikinci mərhələsi keçiriləcək. Yarışda 50 klub, cəmiyyət və idman təşkilatlarından 200-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Millimiz Bəhreyn və Küveyt yığmalarına qalib gəlib

İstanbulda təlim-məşq toplanışını davam etdirən basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz Avropa çempionatı öncəsi yoxlama oyunlarında gücünü sınayıb. Baş məşqçi Tahir Baxşıyevin rəhbərlik etdiyi yığmamız ilk yoxlama oyununda Bəhreynin U-16 millisinə 70:62, ikinci görüşdə isə Küveyt U-16 seçməsinə 82:70 hesabı ilə qalib gəlib.

 

Respublika Şahmat Olimpiadasına yekun vurulub

Qaxda 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib. Qax Olimpiya İdman Kompleksində təşkil olunan Olimpiadanın A qrupunda 262, B qrupunda isə 224 şahmatçı olmaqla ümumilikdə, 45 rayon (şəhər) təşkilatından 486 şahmatçı qalib adı uğrunda mübarizə aparıb. Bahar Cəfərova, Fərid Sadıqzadə (8 yaşadək), Mehriban Əhmədli, Nihad Məmmədov (10 yaşadək), Səadət Bəşirli, Murad Rzayev (12 yaşadək), Məryəm Ağaverdiyeva, Elçin Şəkərəliyev (14 yaşadək), Ayan Hüseynli və İslam Hacıəliyev (16 yaşadək) birinci yeri tutublar. A qrupunda komanda hesabında Gəncə 2 nömrəli UGİŞM birinci olub. B qrupunda isə 3 nömrəli RİOEUGİŞM ilk pillədə qərarlaşıb. Yarışın son günündə turnirin bağlanış mərasimi baş tutub. Qalib və mükafatçılara diplom və medallar təqdim edilib.

Nərgiz İSMAYILOVA,

"Respublika".