Diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
Digər xəbərlər

Diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun(İDD) birgə təşkil etdiyi "Əcnəbi Diplomatlar üçün Qabaqcıl Xarici Siyasət Proqramı" çərçivəsindəki sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov 23 xarici diplomata ADA Universitetində mühazirə deyib.23 iyun QMKİDK-dən verilən məlumatd bildirilir.

Diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məruz qalmış 1 milyondan çox şəxsin yaşadığı məhrumiyyətlər, çətinliklər haqqında məlumat verilib. Bildirilib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş soyaşlarımız çətin və ağır şəraitdə yarımçıq binalar, zirzəmilər, yataqxanalarda məskunlaşıb. Qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib.

Bildirilib ki, hazırda dövlətin qarşısında məcburi köçkünlərin qayıdışı və dayanıqlı məskunlaşmasının təmin edilməsi kimi mühüm vəzifə dayanır. Məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə əsasən, doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının və doğma yurdlarında müasir standartlara uyğun inşa edilmiş, zəruri sosial-texniki infrastrukturla təchiz edilmiş mənzillərlə təmin edilməsi dövlətimiz üçün prioritet olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma evlərinə qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub.

“Respublika”.