M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən
Məktublar

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu!

Azərbaycan xalqının dahi oğlu, dünyaşöhrətli dövlət və siyasət xadimi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, müdrik, hörmətli və alicənab lider, böyük insan, öz xalqının xoşbəxtliyi və rifahı uğrunda yorulmaz mübariz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 ili tamam olub. İcazə verin, bu əlamətdar yubiley münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edim.

Siyasi müdrikliyi sayəsində hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əlirza oğlu Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə nail olmaqla, öz xalqına demokratik və hüquqi dövlətdə yaşamaq imkanı hədiyyə etdi. O, öz xalqının xoşbəxt gələcəyi üçün bütün zəruri şəraiti yaradaraq, özündən sonra möhkəm təməl qoydu.

Fəxr edirəm ki, Heydər Əliyev kimi görkəmli, zəhmətsevər şəxsiyyətlə çiyin-çiyinə işləmək və fəaliyyət göstərmək mənə nəsib olub. Mən onunla görüşlərimi xüsusi səmimiyyətlə və hörmətlə xatırlayıram, sevinirəm ki, o, mənim üçün əsl müdrik müəllim və gözəl dost olub. Heydər Əliyevin çoxsaylı dövlət mükafatları və təltifləri arasında Moskva Universitetinin Fəxri professoru - bizim universitetin ali mükafatının olması təhsil ocağımızda çalışan insanlar üçün xüsusi fəxrdir.

Çox hörmətli İlham Heydər oğlu, biz aydın şəkildə görürük ki, böyük respublikanın bu günü və gələcəyi möhkəm və etibarlı əllərdədir. Siz öz atanızın işini şərəflə, ləyaqətlə davam etdirir və səylərinizi əsirgəməyərək ölkəni inkişaf və tərəqqiyə doğru aparırsınız.

Biz Heydər Əlirza oğlunu, onun açıqfikirliliyini, sevdiyi işə sədaqətini, səmimiyyəti və sonsuz fədakarlığını, gələcək nəsillərin bəhrəsini görəcəyi vicdanlı əməyini heç vaxt unutmayacağıq.

Dərin hörmətlə, Sizin

Viktor Sadovniçi

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik