BƏRDƏDƏ ÇİYİD SƏPİNİ
Region

BƏRDƏDƏ ÇİYİD SƏPİNİ

Qarabağ iqtisadi rayonuna daxil olan Bərdə tarixən kənd təsərrüfatının yüksək təşəkkül tapdığı bölgələrdən biri olmuşdur. Rayonun əlverişli iqlimi münbit torpağı aqrar sahənin bütün sahələri ilə yanaşı, rentabelli, gəlirli sayılan pambıqçılığın inkişaf etdirilməsini təmin etmişdir.

Rayon zəhmətkeşləri istər keçmişdə, istərsə hazırda pambıq istehsalının həcmində ön sıralarda qərar tutmuşdur. Əhalinin maddi rifah halının yaxşılaşdırılmasında bu sahə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, pambıqçılıq regionlarda işsizliyin aradan qaldırılmasında, əhalinin məşğulluğunun təmin olunmasında əhəmiyyətli rola malikdir.

Bir zamanlar müəyyən səbəblər üzündən yaddan çıxmış, lakin bölgə üçün ənənəvi sahə sayılan " qızıl"ın əvvəlki şöhrətinin qaytarılması üçün dövlət tərəfindən bir sıra vacib tədbirlər həyata keçirilmiş bu işlər davam etdirilir.

Bölgələrdə kənd təsərrüfatı texnikaları ilə təminat, suvarma suyuna olan tələbatın ödənilməsi, aqrar sahələrə verilən subsidiyalar, xam pambığın fermerlərdən alış qiymətinin ilbəil artırılması, güzəştli qiymətlərlə mineral gübrələrin satışı s. bu gəlirli sahənin inkişafını təmin etmişdir. Hər il məhsul istehsalında bir qədər artım müşahidə olunur.

Hazırda digər bölgələrdə olduğu kimi, Bərdə rayonunda da çiyid səpininə başlanmışdır. Havaların əlverişli keçməsindən istifadə edərək səpini optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunmuşdur. Rayon rəhbərliyi çiyid səpininə ciddi nəzarət edir.

Bərdə DAİM-in direktoru Vüqar İsmayılov bizimlə söhbətində bildirdi ki, aqrar sahənin bu sektorunda 1597 nəfər işlə təmin olunmuşdur. Rayon üzrə "MKT-İK" MMC 446 fermerlə müqavilə bağlayaraq 3976,48, "Azərpambıq" MMC 435 fermerlə 2402, "P-AQRO" MMC 327 nəfər fermerlə 1850, "Aztəsərrüfat" MMC 1 fermerlə 200, "Namaz" MMC 4 fermerlə 150 hektar sahənin əkilib-becərilməsi üçün müqavilə imzalamışlar.

Fermerlərin daha çox müqavilə bağladıqları "MKT-İK" MMC-nin Bərdə filialının direktoru Mehman Abdullayev vurğuladı ki, MMC bütün zəruri kənd təsərrüfatı texnikaları ilə təmin olunmuşdur. Müəssisə ilə 446 fermer müqavilə bağlamışdır. MMC fermerlərə ilkin işləri aparmaq üçün avans pul verir, eyni zamanda sahələrin şumlanmasından başlayaraq bütün texniki işləri həyata keçirir. Becərmədə aqrotexniki qaydalara tam əməl olunur.

Yekunda xam pambığın sahələrdən yığılması daşınması da "MKT-İK" MMC-nin Bərdə filialı tərəfindən həyata keçirilir. İstehsal olunan məhsulun dəyəri fermerlərin bank kartına köçürülür.

Qeyd etmək lazımdır ki, rayon üzrə çiyid səpininə 115 ədəd kənd təsərrüfatı texnikası cəlb olunmuşdur. Fermerlər əsasən məhsuldar pambıq toxumlarından olan "Lazer", "May-440", "Minon" toxum sortlarının səpinini həyata keçirir.

V.POLADOĞLU,

"Respublika".