Zəlzələnin fəsadları aradan qaldırılır
Digər xəbərlər

Zəlzələnin fəsadları aradan qaldırılır

Bu il fevralın 6-da Türkiyənin bir neçə bölgəsində baş verən güclü zəlzələlərin təsirləri hələ də davam edir. Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 45 minə yaxınlaşır. Hadisə nəticəsində 160 mindən çox bina ya dağılıb, ya da tamamilə yararsız vəziyyətə düşüb. Hazırda Türkiyə hökuməti evlərin bərpasına başlayıb. Baş verən təbii fəlakətdən zərərçəkənlər üçün 313 min çadır qurulub. Zəlzələ nəticəsində evsiz qalanların müvəqqəti yaşaması üçün 100 min konteyner evinin tikilməsi planlaşdırılır.

Təbii fəlakət baş verdiyi andan etibarən Azərbaycan qardaş ölkəyə hər cür yardım edir. Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin humanitar yardımları təyyarə ilə qardaş ölkəyə yola salınıb. Bundan başqa, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu tərəfindən də qardaş ölkəyə yardımlar həyata keçirilir. Fond həmçinin Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə də maddi yardım göstərir. Baş verən təbii fəlakətin fəsadlarını tez bir zamanda aradan qaldırmaq məqsədilə bəzi xarici ölkə rəsmiləri də Türkiyəyə gəlib. Onlar arasında Almaniya, Malayziya, İsrail, ABŞ, Rusiya, Yunanıstan, Fransa, Cənubi Koreya, Yaponiya, Pakistan, İngiltərə, İsveçrə, İspaniya, Polşa, Serbiya və s. kimi dövlətlərin nümayəndələri yer almışdır.

Fevralın 20-də Türkiyədə iki yeni zəlzələ qeydə alınıb. Bu zəlzələlər nəticəsində əvvəlki təkanlardan zədələnmiş binalar uçub. Yeni təbii fəlakətlər xilasedicilərin işini daha da çətinləşdirib. Belə ki, xilasedicilər yenidən dağıntılar altında qalan insanları axtarmağa başlayıblar.

Ədliyyə Nazirliyi Kahramanmaraşda zəlzələdən zərərçəkmiş vilayətlərin prokurorluqlarına Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələrinin yaradılması üçün məktub göndərib. Sözügedən idarələr dağılan binalara görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və dəlillərin yox edilməməsinə qarşı mübarizə tədbirlərini həyata keçirir. Dağılan binalarla əlaqədar 600-dən çox insanla bağlı istintaq aparılır. Xatırladaq ki, fevralın 6-da qeydə alınmış zəlzələ öz dağıdıcı gücünə və səbəb olduğu insan tələfatına görə "əsrin fəlakəti" adlandırılıb. Hadisədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ baş verən əraziyə gedib və qeyd edib ki, fəlakətdən ən çox zərər çəkən, ən çox dağıntı və insan tələfatı yaşayan şəhərlərdən biri məhz Hatay bölgəsidir. Dövlətin və millətin bütün imkanlarını səfərbər edərək təbii fəlakət bölgəsinə yönəltdiklərini deyən Prezident dövlət işçilərindən tutmuş qeyri-hökumət təşkilatlarının üzvlərinə, xaricdən gələn fəlakət qruplarından könüllülərə qədər ərazidə 60 min insanın çalışdığını bildirib.

Nəzrin ELDARQIZI,

"Respublika".