Aprel döyüşləri ordumuzun gücünü düşmənə göstərdi
Digər xəbərlər

Aprel döyüşləri ordumuzun gücünü düşmənə göstərdi

Azərbaycan tarixinin şanlı qələbələrindən biri olan Aprel döyüşlərindən yeddi il ötür. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən növbəti təxribata Azərbaycan ordusu tərəfindən sürətli əks-hücum əməliyyatı həyata keçirilib. Ordumuz Ermənistanın işğal etdiyi ərazilərdə qurduğu “keçilməz sədd” kimi təqdim edilən müdafiə xəttinin yarılması ilə nəticələn strateji əhəmiyyətli qələbə qazanıb. Şanlı Aprel qələbəsi Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı guya “məğlubedilməz erməni ordusu” mifini də yerlə-yeksan etdi və tarixi zəfərin başlanğıcı oldu.

Azərbaycan ordusu şanlı Aprel qələbəsi nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın hərbi-siyasi rəhbərliyinin içərisində dərin çatların əmələ gəlməsinə gətirib çıxardı. Belə ki, Aprel döyüşlərində qazanılmış hərbi-siyasi qələbənin təsirlərini bu gün də Ermənistanda müşahidə etmək mümkündür. İkincisi, bu ölkədə işğalçılığın və separatizmin dövlət siyasəti olduğu təsdiq olundu. Eyni zamanda, erməni xalqı “şanlı ordusunu” tanıdı və guya “məğlubedilməz erməni ordusu”nun bir mifdən ibarət olduğunu gördü. Həmçinin, Aprel qələbəsi Azərbaycan ordusunun əsgər və zabitlərinin döyüş ruhunu təzahür etdirdi. Azərbaycan xalqının mübarizə əzminin necə güclü olduğuna, Xalq-Ordu-Dövlət birliyinin sarsılmazlığına güzgü tutdu. Cənab Prezident, Ali Baş Komandan  İlham Əliyevin qeyd etdiyi kimi, “Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi”.

Aprel qələbəsi Azərbaycan xalqının, dövlətinin tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf rayonların düşmən işğalından azad olunması üçün hər cür fədakarlığının və hərbi qüdrəti göstərməyə qadir olduğunun, ordumuzun gücünün təsdiqi oldu.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Aprel döyüşlərinin ildönümündə bir qrup hərbçimizlə görüşündə qeyd etdiyi kimi, “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir”.

Cənab Prezidentin uzaqgörənliyi, qətiyyəti, müdrik siyasəti və Azərbaycan xalqının birliyi, həmrəyliyi, Ordumuzun qüdrəti sayəsində Azərbaycan bu işğalla barışmadı və nəyin bahasına olursa-olsun, torpaqlarımız düşmən işğalından azad olundu.

Onu da qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsində yaranmış geosiyasi gərginliklər fonunda düzgün vaxtın seçilməsi olduqca mühüm məqamlardan biri idi. Bu baxımdan bütün dünya bir daha şahid oldu ki, Azərbaycan Prezidenti nəyi, necə, nə vaxt etmək lazım olduğunu gözəl bilir.  

Tamam CƏFƏROVA,

Milli Məclisin deputatı.