Şanlı Qələbəmizə doğru atılan mətin addımlar
Digər xəbərlər

Şanlı Qələbəmizə doğru atılan mətin addımlar

Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi olan Tovuz döyüşləri 12 iyul 2020-ci ildə başlayıb

Yüz illər ərzində torpaqlarımıza göz dikən ermənilər ötən əsrin sonlarında yenidən işğalçılıq siyasəti həyata keçirərək Qarabağ və ona bitişik rayonları zəbt etdilər. Ərazilərimizin 20 faizdən çox hissəsi düşmən əlinə keçdi, 1 milyona yaxın azərbaycanlı doğma yurdundan didərgin düşdü, deportasiya, soyqırımları zamanı soydaşlarımız qətlə yetirildi. Müstəqilliyini yenicə bərpa etmiş, iqtisadi cəhətdən geridə olan respublikanın hakim dairələrində özbaşınalığın, pərakəndəliyin hökm sürdüyü bir vaxtda erməni havadarlarının mövcud vəziyyətdən istifadə etməsi tarixi torpaqlarımızın işğalı ilə nəticələndi. 1988-1992-ci illərdə ermənilərin xalqımızın başına açdığı müsibətlər bəşəri cinayətlər kimi tarixə yazıldı.

1988-ci ildə növbəti dəfə Azərbaycanın tarixi torpaqlarında açıq formada ərazi iddialarına və etnik zəmində təxribatlara başlayan düşmən ölkəmizə qarşı 30 ilə yaxın işğalçılıq siyasəti apardı. Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyə ikinci dəfə qayıdışından sonra sərhəd bölgəsində atəşkəsə nail olunsa da, ermənilər təxribatlar, silahlı münaqişələr törətməkdən əl çəkmir, xalqımıza məxsus tarixi torpaqlarımızı işğal altında saxlayaraq daha böyük əraziləri zəbt etmək, "böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayırdılar. Hələ 1994-cü ildə uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bir qəsəbəsi, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Lakin buna baxmayaraq, ermənilər təxribatlara, silahlı münaqişələrə son qoymur, hər dəfə də layiqli cavabını alaraq geri oturdulurdu. 2016-cı ildə Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi nəticəsində ordumuz Cəbrayılın Mehdili, Horadiz və Qazaxlar kəndi istiqamətində hərbi üstünlük əldə edərək həmin istiqamətdə yaşayış məntəqələrimizin davamlı atəşə məruz qalmasının qarşısını almış, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini təmin etmişdir. Aprel döyüşləri ilə bir daha öz ərazi bütövlüyünü bərpa etmək iqtidarında olduğunu göstərən Azərbaycan heç bir ölkənin ərazisində gözü olmadığı kimi, bir qarış torpağından da keçməyəcəyini, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini nümayiş etdirdi. 2016-cı il şanlı Aprel döyüşlərindən sonra ordumuz 2018-ci ildə Naxçıvanda uğurlu Günnüt əməliyyatı həyata keçirdi, 2020-ci ildə baş verən Tovuz döyüşlərində isə müzəffər Ordumuz Böyük Qələbəyə doğru irəlilədi.

2020-ci il 12 iyul tarixində Ermənistan ordusu artilleriya, iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Tovuz rayonu istiqamətindəki mövqelərimizə hücum etdi. Ermənistan-Azərbaycan dövlət sərhədində Tovuz rayonu ərazisində atəşkəsin pozulması nəticəsində Azərbaycan tarixinə "Tovuz döyüşləri" olaraq yazılan hərbi əməliyyat başladı. Aprel döyüşlərində olduğu kimi, Azərbaycanın qüdrətli ordusu bu dəfə də düşmənin xain hücumunun qarşısını aldı. Təxribatçı əməllərindən əl çəkməyən Ermənistan silahlı birləşmələrinin geri oturdulması üçün başlanan beşgünlük Tovuz döyüşlərində Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını almaq iqtidarında olduğunu bütün dünyaya göstərdi. İyulun 13-də iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini atəşə tutan erməni silahlıları Azərbaycan Silahlı Qüvvələri tərəfindən geri oturduldu. Düşmənin bir neçə hərbi obyekti və texnikası, həmçinin atəş mövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edildi. Havadarlarına güvənərək Azərbaycanın ərazi bütövlüyünü pozan işğalçı Ermənistan beşgünlük döyüşlərdə böyük itki verdi, 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri Tovuz döyüşlərində məhv edildi.

Tovuz döyüşləri Azərbaycan ordusunun gücünü, qüdrətini, öz ərazi bütövlüyünü təmin etməyə qadir olduğunu göstərdi. Maddi-texniki bazası 5-ci nəsil silahlarla gücləndirilmiş milli ordumuz düşməni acı həqiqətlə üz-üzə qoydu, ona Azərbaycan əsgərinin qarşısında dayana bilməyəcəyini sübut etdi. Hər şeydən əvvəl isə Tovuz döyüşləri dövlət, xalq və ordu birliyinin təcəssümünə çevrildi, hər kəs Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi. Bu döyüşlər Ermənistanın hərbi gücsüzlüyünü, onun geosiyasi nüfuzunun olmamasını göstərməklə yanaşı, Azərbaycan xalqının birliyini, ölkə başçısının siyasətini dəstəklədiyini və bir qarış torpağından ötrü minlərlə can qurban verməyə hazır olduğunu nümayiş etdirdi. Döyüşlər zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə bərabər, hərbi əməliyyatlarda böyük şücaət göstərən 12 hərbçimizin şəhidlik zirvəsinə yüksəlməsi bunu bir daha sübut etdi. Bütün dünya gördü ki, Azərbaycan məqamı gələndə böyüyündən-kiçiyinə, əsgərindən-generalına qədər bir amal uğrunda birləşməyi, Vətəninin, torpağının qəhrini çəkməyi bacaran mərd, cəsur, polad biləkli oğulların Vətənidir. Bu qəhrəman Vətən oğulları öz mərdliyi, qəhrəmanlıqları ilə Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasını - şanlı Zəfərimizi canları, qanları bahasına reallaşdırdılar.

Mehparə ƏLİYEVA,

"Respublika".