Qardaşlıq köməyi davam edir
Digər xəbərlər

Qardaşlıq köməyi davam edir

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ xəbəri bütün dünyanı sarsıtdı. Azərbaycan xalqı çox sayda insan tələfatına səbəb olan bu faciəni ürəkağrısı ilə qarşıladı. İlk gündən səfərbər oldu, qardaş türk xalqına kömək etmək üçün ölkə ərazisində yardım kampaniyasına start verildi. İndi hər gün təkcə paytaxt Bakıdan deyil, rayonlarımızdan da yardım karvanları qardaş Türkiyəyə yola salınır. Bu da Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun sarsılmaz olduğunu göstərir.

MİNGƏÇEVİR

Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticələri bütün Azərbaycan xalqını sarsıtdı... Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Bu, bizim xalqımızın zəngin milli-mənəvi keyfiyyətlərinin daha bir nümunəsidir.

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Azərbaycan xalqının göstərdiyi dəstək həm də iki xalqı bir-birinə bağlayan tellərin kifayət qədər möhkəm olduğunu bir daha dünyaya nümayiş etdirir. Zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə, ölkəmizdə balacadan-böyüyə həyata keçirilən humanitar yardım kampaniyası davam edir. Mingəçevir şəhəri də bu kampaniyada fəal iştirak edir. Şəhərin müxtəlif ərazilərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb.  Hadisə baş verən ilk gündən etibarən mingəçevirlilər yardım toplama məntəqəsinə axın edirlər. Vətəndaşlar tərəfindən könüllü şəkildə gətirilən müxtəlif növ zəruri yardımlar məntəqələrdə çeşidlənib və qablaşdırılaraq təyin olunmuş ünvanlara göndərilir.

Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən insanların müvəqqəti yaşaması üçün 5 ədəd konteyner evlər sifariş olunaraq hazırlanmış,  zəlzələdən zərərçəkmiş bölgələrə yola salınmışdır. Bütün bunlar mərhəmət, şəfqət, humanizm nümunəsi olmaqla yanaşı, həm də milli birliyimizin göstəricisidir. Azərbaycanda dövlət və xalq arasında milli həmrəyliyin, qarşılıqlı etimadın, inamın ifadəsidir.

SAATLI

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 6 fevral 2023-cü il tarixdə Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərərgörmüş insanlara dəstək məqsədilə qardaş ölkəyə genişmiqyaslı yardım kampaniyasına başlanılmışdır.

Saatlı Rayon İcra Hakimyyəti də yardım kampaniyasına qoşularaq 2 ton ərzaq məhsulları, 800 ədəd geyim dəsti, 10 elektrik qızdırıcısı, 8000 ədəd müxtəlif növ tibbi ləvazimatlar və dərman preparatları Hacıqabul rayonundan TIR vasitəsilə qardaş Türkiyə Respublikasının Kahramanmaraş şəhərinə yola salındı.

Bundan əlavə, yardım kampaniyası çərçivəsində Saatlı rayonundan 3 kiçiktutumlu yük maşını və 1 ədəd TIR vasitəsilə müxtəlif ləvazimatlar Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyası üçün Bakı İdman Sarayındakı yardım toplama məntəqəsinə göndərildi. Zəlzələnin baş verdiyi ilk gündən humanitar yardım kampaniyasına qoşulan rayon ictimaiyyətinin nümayəndələri, gənclər, iş adamları, idarə və müəssisələrin əmək kollektivləri aktiv şəkildə iştirak edir, "Bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycan sevincli günlərində olduğu kimi, kədərli günlərdə də bir və barəbər olduqlarının bariz nümunəsini göstərirlər.

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması hər bir vətəndaşımız kimi, Saatlı rayon sakinlərini də dərindən sarsıdıb. Saatlılılar Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət diləyir, onların yaxınlarına və türk xalqına başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırlar.

TƏRTƏR

Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, on minlərlə insan həyatını itirib. Zəlzələdən zərərçəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyası davam edir.

Tərtər rayonu da bu kampaniyada fəal iştirak edir. Şəhər ərazisində yardımların toplanması üçün xüsusi məntəqə yaradılıb. Hadisə baş verən ilk gündən tərtərlilər yardım toplama məntəqəsinə axın edirlər, böyük fəallıq müşahidə olunur. Vətəndaşlar tərəfindən könüllü şəkildə toplanan yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və xüsusi ayrılmış nəqliyyat vasitəsilə Gəncə şəhərində yerləşən Türkiyə Konsulluğuna təhvil verilib. Göndərilən yardımlar qardaş ölkənin Adıyaman şəhərinə çatdırılaraq zəlzələdən zərərçəkənlərə paylanılıb.

Növbəti dəfə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən alınmış, insanların müvəqqəti yaşaması üçün hər cür şəraiti olan 4 ədəd müasir modul tipli ev qardaş ölkə Türkiyəyə göndərilib. Yardımlar bundan sonra da davam etdiriləcəkdir.

LERİK

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaq üçün dağlar diyarının sakinləri qardaşlıq, dostluq, həmrəylik nümayiş etdirirlər. Zəlzələdən əziyyət çəkənlərə ərzaq, qida məhsulları, qış geyimləri, yorğan-döşək, xalçalar, məişət əşyaları, qızdırıcılar göndərmək üçün hər gün Lerik şəhərində yaradılmış məntəqələrə çoxlu müraciətlər olunur. Toplanmış yardımlar Bakı şəhərinə, oradan isə zəlzələ zonasına yola salınır.

Bu xeyirxah aksiyaya Lerik şəhəri və rayonun bütün kəndləri qoşulub. Gürdəsər kəndinin sakinləri xeyriyyə tədbirlərində həmişə olduğu kimi, yenə də öncüldür. Kənddə fəaliyyət göstərən İctimai Birliyin təşəbbüsü ilə zəlzələ bölgəsinə göndərilmək üçün 5 min manatlıq ərzaq məhsulları toplanıb. Sakinlər könüllü şəkildə evlərindən yorğan-döşək, isti paltar, qızdırıcı avadanlıqlar və müxtəlif məişət əşyaları gətirib məntəqəyə təhvil veriblər.

"Respublika".