Milli ruh vətənpərvərlik meyarıdır
Sosial həyat

Milli ruh vətənpərvərlik meyarıdır

Vətən... Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. İgid oğullarımız Birinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxdıqları kimi, İkinci Qarabağ müharibəsində də qəhrəmanlıqla döyüşərək qələbəni təmin etdilər.

27 sentyabr 2020-ci il. Xalqımızın otuz illik həsrətinə son qoyan möhtəşəm tarixin başlanğıcı. 30 ilə yaxın idi ki, düşmən ayaqları altında inləyən Vətən torpağı bizim hər birimizi haraylayır, məzarları mənfur erməni cəlladlarının təhqirinə məruz qalmış ataların, babaların ruhu bizi köməyə səsləyirdi.

Babalarımızın "El gücü, sel gücü", "El bir olsa, dağ oynadar yerindən" deyimləri bizim üçün mübarizə şüarı oldu. Dövlət-ordu-xalq birliyi bizi qələbəyə apardı, bu birlik zirvələri fəth etdi. İgid oğullarımız Vətən üçün, millət üçün canını sipər etdi, ürəyi Vətən eşqiylə döyünən hər kəs "Təki Vətən sağ olsun!" deyə canından keçməyə bir an belə tərəddüd etmədən yalnız irəliyə, Qələbə üçün döyüşə atıldı. Azərbaycan xalqı vahid bayraq altında yumruq kimi birləşdi.

 Prezident İlham Əliyev Zəngilana səfəri zamanı Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyevin atası Əbdül Noçuyevlə söhbətində demişdir: "Biz torpaqlarımızı onların canı-qanı bahasına işğalçılardan azad etmişik. Şəhid olmuş hər bir insan, gənc bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün əməli işlər gedir, bundan sonra da gedəcək. Anım Günündə təşkil olunan yürüş bütün Azərbaycan xalqının birliyini göstərdi, şəhidlərimizin xatirəsinə olan hörmətimizi göstərdi. Yürüşdə aparılan portretlər mənim göstərişimlə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi. Çünki onlar bizimlə olmasalar da, bu Zəfər yürüşünə bizimlə bərabər çıxıblar. Yəni, bütün Azərbaycan o gün orada idi. Onların ruhu bu gün şaddır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar. Sizin simanızda onların valideynlərinə mən Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü bildirmək istəyirəm. ...Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdiniz. Onlar da öz həyatlarını Vətənə bəxş etdilər".

Vətəndaşlıq borcu, ilk növbədə, insanın yaşadığı torpaqla, Vətənlə bağlıdır. Vətən torpağı bizim üçün səcdəgah, toxunulmaz, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini öz canı kimi sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını verməyə hazırdır. Bu yolda can verən qəhrəmanlar əbədi bir həyata qovuşur, şərəflə yad edilirlər. Ana Vətənimiz Azərbaycan Cavanşir, Babək, Koroğlu, Mehdi, Qafur, Həzi, Polad, Mübariz, Xudayar kimi igidlər yurdudur.

Bu torpaqlar iki ildir ki, düşmən tapdağından azad olunmuşdur. Od-ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın, xüsusən də öz elində didərgin düşmüş məcburi köçkünlərimizin qəlbini göynədirdi. Qarabağın hər qarış torpağı, dağı, təpəsi, çayı, bulağı, hər birimiz üçün doğmadır, əzizdir. Bu torpaqları mənfur qonşumuz ermənilərdən azad etmək bizim ən müqəddəs borcumuz idi. Təbii ki, bunun üçün hamımız bir yumruq kimi birləşib Prezident, Ali Baş Komandan İlham Əliyevin hər an verə biləcəyi əmrinə hazır olmalı idik. Olduq da.

Vətən uğrunda savaş təkcə qələbə gətirmədi, o, ruhumuzu yenilədi, qürur mənbəyini öz içərimizdə axtarmağın vacibliyini anlatdı, bir-birimizi sevməyi öyrətdi. Ana Vətən öz övladlarını ətrafına yığıb birləşdirdi, mətinləşdirdi, onları özünə və bir-birinə möhkəm sevgi telləri ilə bağladı.

Vətənpərvər övladı, ziyalı, düşüncəli vətəndaşı olan Vətən isə heç vaxt darda qalmaz. Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi sülh, əmin-amanlıq şəraitində yaşayacaq və Vətən torpağı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini daima ehtiramla yad edəcəkdir. Bu əmanəti nəsildən-nəslə ötürəcək, gələn hər yeni nəsil qəhrəman şəhidlərimizin adlarını, Vətən qarşısındakı misilsiz xidmətlərini daim hörmətlə anacaqdır.

Rəşadətli Azərbaycan əsgəri, Vətən sizə əmanətdir!

M.MİRZƏ,

"Respublika".