Şəhid ailələri ziyarət olunur
Region

Şəhid ailələri ziyarət olunur

Şirvanda şəhid ailələrini ziyarət edib onların qayğı və problemlərinin aradan qaldırılmasına dəstək olmaq ənənə halını alıb. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev Vətən müharibəsinin şəhidləri Amal Seyfəddin oğlu Alışanlının və  Xəqani Füzuli oğlu Məmmədovun anım günləri ərəfəsində onların ailələrini ziyarət etdilər.

Ziyarət zamanı şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva şəhidlərin ailələrinə başsağlığı verərək, onlara Allahdan səbir dilədi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələrindən və Şanlı Zəfərdən söz açdı. Şəhidlərimizin qanlarının yerdə qalmadığını, torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu, bütün bunlara görə qəhrəman əsgər və zabitlərimizə borclu olduğumuzu söylədi. Xalqımızın qürur və iftixarı olan müqəddəs şəhidlərimizin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını qeyd etdi. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilədi.

Görüş zamanı şəhidlərimizin keçdikləri şücaətli döyüş yollarından, xatirələrindən söhbət açıldı.  Onların döyüşlərdə göstərdiyi  şəxsi igidliyin və şücaətin dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyi,  Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif edildikləri qeyd olundu.

Şəhidlərin ailələri onlara göstərilən həssas münasibətə, maddi və mənəvi köməyə görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Tofiq HÜSEYN,

“Respublika”.