DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

AVROPA İTTIFAQI SÜLHÜN BƏRQƏRAR OLMASINDA TÜRKİYƏYƏ ÜMİD EDİR

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Jozep Borrell özünün “Twitter” səhifəsində qeyd edib.

Avropalı diplomat Türkiyənin Ukraynada sülhə nail olmaq üçün Rusiyaya təsirindən istifadə edəcəyinə ümid etdiyini bildirib.

Jozep Borrell Türkiyənin və BMT-nin Ukrayna taxılının ixracına dair razılaşmasının təmin edilməsində rolunu yüksək qiymətləndirib.

Aİ-nin ali nümayəndəsinin sözlərinə görə, o, Ukrayna hadisələrinin nəticələrinin yumşaldılmasında da Türkiyənin rolunu xüsusi qeyd edib.

“Aİ sanksiyalarının təsirini müzakirə etdim və Türkiyənin müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcəyinə ümid etdiyimi bildirdim”, - deyə Jozep Borrell əlavə edib.

 

ÇİN XİN-I ABŞ SƏFİRİNİN AÇIQLAMASINI SƏRT TƏNQİD EDİB

Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın Pekindəki səfiri Nikolas Börnsün Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı açıqlamasına reaksiya verib. “Teleqraf.com”un xəbərinə görə, XİN-in bəyanatında səfirin bu fikirlərinin ABŞ-ın “təhrif edilmiş hegemon məntiqi”ni əks etdirdiyi qeyd olunub.

Eyni zamanda, bəyanatda Çin tərəfinin Pelosinin səfərindən əvvəl müxtəlif səviyyələrdə dəfələrlə ciddi etirazlarını bildirdiyi, səfərin zərər və nəticələri ilə bağlı xəbərdarlıq edildiyi vurğulanıb.

“Tayvan boğazında sülh və sabitliyə zərər verən ABŞ-dır. Çinin suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə pozan və onun “qırmızı xətt”inə toxunan ABŞ-dır, bununla belə, Çini məsələyə həddindən artıq reaksiya göstərməkdə və böhran yaratmaqda ittiham edir. Burada məsuliyyətsiz hərəkət edən Çin deyil, Pelosi və ABŞ hökumətidir”, - deyə bəyanatda bildirilir.

Qeyd edilir ki, amerikalı səfir bir müddət öncə “CNN” telekanalına müsahibəsində deyib: "ABŞ-Çin münasibətlərində gərginliyin yaranması səbəbinin Nümayəndələr Palatası sədrinin Tayvana səfəri ilə bağlı olduğuna inanmırıq. Bu, Pekinin uydurduğu gərginlikdir və onun məsələyə həddindən artıq verdiyi reaksiyadır”.

 

ALMANİYA UKRAYNAYA 500 MİLYON AVROLUQ SİLAH VERƏ bilƏR

Almaniya Ukraynaya əlavə olaraq 500 milyon avroluq silah vermək niyyətindədir. “APA”nın xəbərinə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Agentliyin verdiyi xəbərə əsasən, Kanadada səfərədə olan kansler Olaf Şolts Ukraynaya əlavə 3 ədəd “IRIS-T” hava hücumundan müdafiə sistemi, 10 ədəd zirehli maşın, 20 ədəd raket qurğusu və yüksək dəqiqlikli silahlar veriləcəyini bəyan edib.

Məlumata görə, qeyd edilən silahlar 2023-cü ilədək Kiyevə çatdırılacaq. Lakin ilk növbədə Bundestaq bu silah təchizatına razılıq verməlidir.

Eyni zamanda, Almaniyanın kanslerinin fikrincə, bu silahlar Ukrayna ordusunun modernləşməsinə kömək edəcək.

 

“COVID-19”A YOLUXMANIN ARTMA SƏBƏBLƏRİ AÇIQLANIB

Koronavirusun yüksək yayılması hazırda “omikron” ştammının “BA.5” alt növünün daha yoluxucu mutasiyası ilə əlaqələndirilir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisindən məlumat verilib.

Məlumatda deyilir ki, bunu yay turizmi və əvvəllər qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması ilə də izah etmək olar.

Eyni zamanda ÜST-ün Avropa Ofisi virusdan qorunmanın və peyvəndin, o cümlədən buster dozanın vacibliyini xatırladıb.

Bununla yanaşı, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bu ərəfədə bildirib ki, Bütün tibb işçiləri və yaşı 60-dan çox olan insanlar koronavirusa qarşı peyvənd edilməlidir. Onun sözlərinə görə, insanların 70 faizinin peyvənd edilməsi qarşıda duran əsas məqsəd olmalıdır.

 

İSRAİLİN BAŞ NAZİRİNDƏN MAKRONA İRANLA BAĞLI XƏBƏRDARLIQ

İsrailin baş naziri Yair Lapid Fransa prezidenti Emmanuel Makronla İranla nüvə müzakirələri ilə bağlı telefon danışığı aparıb. “Teleqraf.com”un xəbərinə görə, baş nazir Makrona İranın nüvə razılaşmasına qayıtmasına və bu ölkəyə daha çox güzəştə gedilməsinə qarşı olduqlarını diqqətə çatıdırıb.

“İsrail bu razılaşmaya əməl etməyəcək və Tehranın nüvə potensialına yiyələnməsinin qarşısını almaq üçün əlindən gələni edəcək", - deyə İsrailin baş naziri vurğulayıb.

Eyni zamanda, Yair Lapid Fransa prezidentinə İranın nüvə danışıqlarına yeni prinsiplə yanaşdıqlarını və rəsmi Tehranın 2015-ci ildə imzalanmış sazişə yeni maddələr əlavə etməyə çalışdığını bildirib.

İsrailin baş naziri həmçinin qeyd edib ki, yeni saziş İranın ordusunun güclənməsinə yol açacaq.

Bununla yanaşı, verilən xəbərə əsasən, Fransa prezidenti Emmanuel Makron da danışıqlar zamanı İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına sadiqliyini ifadə edib.

 

PAKİSTANDA TƏBİİ FƏLAKƏT NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 800-Ü ÖTÜB

Pakistanda iyun ayının ortalarından bəri davam edən daşqınlar nəticəsində ən azı 820 nəfər həlak olub, 1315-dən çox insan isə xəsarət alıb. “APA”nın verdiyi xəbərə görə, bu barədə Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsinə istinadən “Sinxua” agentliyi məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət nəticəsində 2800 kilometrə yaxın yol, 72 mindən çox ev və 129 körpü dağılıb, 504 min başdan çox mal-qara tələf olub. Hazırda səlahiyyətlilər zərər çəkmiş ərazilərdə xilasetmə işləri aparır.

Xatırladaq ki, iyun ayından bəri Pakistanda davam edən musson yağışları bütün ölkədə böyük daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Pakistan hökuməti daşqınlarla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib və təcili humanitar yardım üçün BMT və digər beynəlxalq təşkilatlara müraciət edib.

 

ABŞ-DA MEYMUNÇİÇƏYİNƏ YOLUXMA ARTIB

Amerika Birləşmiş Ştatlarının 50 ştatında meymunçiçəyinə yoluxma faktı qeydə alınıb. Bu barədə “Report” agentliyi “TASS”a istinadən xəbər verib.

Məlumata əsasən, Vayominq ştatının Larami dairəsinin sakinində meymunçiçəyi aşkarlanıb. Bununla da virusun aşkarlandığı ştatların sayı 50-yə çatıb.

Xatırladaq ki, ABŞ-da 15433 meymunçiçəyinə yoluxma faktı qeydə alınıb. Yoluxma sayına görə liderlər Nyu-York və Kaliforniya ştatlarıdır - müvafiq olaraq 2910 və 2663.

Bununla yanaşı, verilən xəbərə görə, 10 ştatda yoluxma hallarının sayı 10-u keçmir.

 

FRANSADA XƏSTƏXANANIN İNFORMASİYA ŞƏBƏKƏSİNƏ HAKER HÜCUMU

Fransada “Süd-Fransilyen" xəstəxana kompleksinin informasiya şəbəkəsi haker hücumuna məruz qalıb. “Trend”in məlumatına görə, hücum bazar gününə keçən gecə qeydə alınıb. Hücum nəticəsində xəstəxananın məlumat şəbəkəsinin işi tamamilə pozulub.

Bununla əlaqədar olaraq xəstəxanada müalicə olunan xəstələr bölgədəki digər müəssisələrə köçürülüblər.

Eyni zamanda, xəstəxanada bir sıra planlaşdırılmış cərrahiyyə əməliyyatları təxirə salınıb. Hazırda mütəxəssislər hücumun fəsadlarının aradan qaldırılmasına çalışırlar.

Məlumata əsasən, hakerlərin sistemin işinin bərpa olunması üçün 10 milyon dollar tələb etdiyi bildirilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.