Azərbaycan dünya mediasında
Dünya xəbərləri

Azərbaycan dünya mediasında

"OilPrice": "TotalEnergies" Azərbaycandakı nəhəng qaz yatağında hasilata başlayır

"OilPrice" xəbər saytı "Abşeron" qaz-kondensat yatağında təbii qaz hasilatına başlanılması barədə xəbər yayımlayıb. TotalEnergies və SOCAR-ın Xəzər dənizindəki birgə layihəsi olduqca önəmlidir.

Verilən məlumatda qeyd edilib ki, "Abşeron" yatağı sutkada 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil etmək gücünə malikdir. Analitiklərin fikrincə, qaz Azərbaycanın daxili bazarında satılacaq.

 

"Hraparak": 44 günlük müharibədən sonra orduda islahatlar davam edir

"Azərbaycan xalqı əmin ola bilər ki, ölkənin təhlükəsizliyi etibarlı əllərdədir". Bu sözləri Prezident İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib. Bu barədə Ermənistanın Hraparak nəşri məlumat yayıb.

Yazıda qeyd olunub ki, Prezident İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlərin plan üzrə getdiyini diqqətə çatdırıb.

"İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq ", - deyə ölkə başçısı qeyd edib.

Həmçinin Prezident İlham Əliyev: "...bu, elə sahədir ki, daha az danışmaq və daha çox iş görmək lazımdır", - deyə vurğulayıb.

 

"Daily Sabah": Azərbaycan erməni qaçaqmalçılığı ilə əlaqədar Qarabağdakı buraxılış məntəqəsinin fəaliyyətini dayandırıb

Türkiyənin "Daily Sabah" xəbər saytı Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatını yayımlayıb. Məlumatda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlandığı qeyd olunub. Yazıda, həmçinin DSX-nin bununla əlaqədar Laçın sərhəd-buraxılış məntəqəsindən keçidin müvəqqəti olaraq dayandırıldığını bəyan etdiyi də öz əksini tapıb:

"Qaçaqmalçılıq faktları ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb".

 

"The Times of Israel": Azərbaycan İsrail səfirliyinə hücum planlaşdıran əfqan vətəndaşını həbs edib

Fawzan Mosa Khan Bakıda potensial ölüm planına görə dindirilir.

Bu barədə "The Times of Israel" xəbər yayıb. Azərbaycan təhlükəsizlik qüvvələri 23 yaşlı Əfqanıstan vətəndaşını İsrailin Bakıdakı səfirliyinə hücum planlaşdırmaqda şübhəli bilərək həbs edib. Bəyanatda onun İsrail missiyasını hədəfə almaqda şübhəli bilindiyi dəqiqləşdirilməyib, lakin "The Times of Israel" onun "Hyatt Regency" otelində səfirliyin yaxınlığında müşahidə edildiyi və hazırda Azərbaycan rəsmiləri tərəfindən dindirildiyi bildirilib.

 

"Hürriyet": TBMM sədri Numan Kurtulmuş: Türkiyə türk dövlətləri iləmünasibətlərə önəm verir

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Azərbaycana rəsmi səfərə gəlib. Onu hava limanında Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər qarşılayıblar.

Bu barədə Türkiyə mətbuatı açıqlama yayıb. Bildirilib ki, Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri Xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Daha sonra jurnalistlərə açıqlama verən TBMM sədri bildirib ki, Azərbaycan Türkiyənin ən mühüm müttəfiqidir. Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası "bir millət, üç dövlət" anlayışı ilə hərəkət edir. Onun sözlərinə görə, ölkəsi hər sahədə gücünü artıraraq dost və qardaş ölkələrlə əl-ələ, qol-qola gələcəyə doğru addımlayır. Kurtulmuş onu da vurğulayıb ki, Azərbaycana səfəri türk dünyasının əlaqələrinə töhfə verən bir ziyarət hesab olunmalıdır.

"Respublika".