İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Avropa birinciliyində 3 boksçumuz dörddəbir finalda mübarizə aparacaq

Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında boks üzrə Avropa birinciliyi davam edir.

Aprel ayının 19-da Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq) və Sərxan Budaqov (80 kq) dörddəbir finalda mübarizə aparacaqlar.

Avropa birinciliyində 40 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayır. Azərbaycan millisi oğlanların yarışına tam heyətlə qatılıb. Çempionatın qalibləri aprelin 21-də məlum olacaq.

Autizmli uşaqlar stolüstü tennis yarışında iştirak ediblər

Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan II Autizm Festivalı çərçivəsində idman yarışları davam edir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, autizmli uşaqlar stolüstü tennis yarışında iştirak ediblər. Yarışlar 2 yaş qrupunda təşkil olunub. Belə ki, 9-13 yaş qrupunda keçirilən yarışda Ramiz Səmədov, Murad Əliyev və İsmayıl Mirzəyev ilk üç yeri tutublar. On üç yaşlıların yarışında isə Toğrul Məmmədli birinci olub. Xaqan Əliyev yarışı ikinci, Nicat Həmidov isə üçüncü pillədə başa vurub.

II Autizm Festivalı çərçivəsində yarışlar davam edir. Növbəti yarışlarda autizmli uşaqlar velosiped, atletika və futbol üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

"Təhsil" Respublika İdman Mərkəzinin  velosipedçiləri Azərbaycan kuboku  yarışında 2 medal qazanıblar

İsmayıllıda Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyası tərəfindən oğlan və qızlar arasında təşkil olunan velosiped üzrə Azərbaycan kubokunun dördüncü mərhələsində "Təhsil" Respublika İdman Mərkəzinin komandası uğurla çıxış edib.

3 kateqoriyada keçirilən yarışda 17 yaşadək oğlan və qızlar, həmçinin gənclər və U-23 elit yaş kateqoriyası üzrə velosipedçilər mübarizə aparıblar. Yarışın birinci günündə yeniyetmə oğlan və qızlar 3, gənclər, elit və U-23 yaş kateqoriyası üzrə idmançılar isə 6, növbəti gün isə qrup ötüşməsində yeniyetmə oğlan və qızlar 60, digər yaş kateqoriyası üzrə idmançılar isə 90 kilometr məsafədə ən güclüləri müəyyənləşdiriblər.

Yarışda "Təhsil" Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri Lala Abdurahmanova gümüş, İradə Abdurahmanova isə bürünc medal qazanıblar.

Xüsusi Olimpiyaçı oğlanlar arasında cüdo üzrə seçmə yarışları keçirilib

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi Şağan Olimpiya İdman Kompleksində oğlanlar arasında cüdo üzrə seçmə yarışları keçirib.

Seçmə yarışları Xüsusi Olimpiya proqramına uyğun olaraq müxtəlif çəkilər üzrə təşkil edilib. Komanda hesabında birinci yeri 2 qızıl, 1 gümüş medalla Sabunçu rayon 11 nömrəli inteqrasiya təlimli internat tipli məktəbin idmançıları tutublar. İkinci yerdə 2 qızıl, 1 gümüş medalla Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın, üçüncü pillədə isə 1 qızıl, 1 bürünc medalla Sabunçu rayonu 170 nömrəli inklüziv sinifli tam orta məktəbin  cüdoçuları qərarlaşıblar.

Xüsusi Olimpiya Komitəsinin yığma komandası çəkilər üzrə ən çox medal qazanmış komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin iyun ayında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutacaq Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Hazırladı:

Nərgiz İSMAYILOVA,

"Respublika".