DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKIYƏ PREZIDENTI POLŞALI HƏMKARI ILƏ MÜZAKIRƏLƏR APARIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də Brüsseldə keçiriləcək NATO liderlərinin sammitində iştirak edəcək və bu sammit çərçivəsində Rusiya-Ukrayna böhranının nizamlanması ilə bağlı danışıqlar aparacaq. “Trend” agentliyinin məlumatına görə, bu barədə Ərdoğan Ankarada Polşa dövlət başçısı Andjey Duda ilə birgə mətbuat konfransında bəyan edib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Ukraynada atəşkəsə nail olmaq üçün səylərini davam etdirəcək. Onun sözlərinə görə, Polşa prezidenti ilə danışıqlar zamanı tərəflər iki NATO müttəfiqi kimi Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, Ərdoğan qeyd edib ki, Türkiyə və Polşa iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək yüksək səviyyəli Strateji Tərəfdaşlıq Şurası yaratmaq niyyətindədirlər.

Polşa Prezidenti, öz növbəsində, türkiyəli həmkarına Ukraynada sülhün bərqərar olması üçün göstərdiyi intensiv səylərə görə təşəkkür edib.

 

UKRAYNADA MÜHARIBƏ IQTISADI TƏLATÜMLƏRƏ GƏTİRİB ÇIXARA BILƏR

Ukraynada baş verən hadisələr qlobal iqtisadiyyatda təlatümlərə səbəb olacaq və ərzaq, eləcə də yanacağın qiymətlərinin artması ilə nəticələnə bilər. Bu, xüsusilə inkişaf etməkdə olan ölkələrə təsir edəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Cenevrədə dərc olunmuş hesabatında bildirilir.

Verilən xəbərə görə, tədqiqatın müəllifləri diqqəti qlobal iqtisadiyyatın sürətlə pisləşən perspektivinə yönəldirlər. Belə ki, bunun əsasında ərzaq, yanacaq və gübrə qiymətlərinin artımı dayanır.

Qurumun baş katibi Rebeka Qrinspa bildirib ki, Ukraynadakı münaqişə qlobal iqtisadiyyata zərbələr vurur və bu, “COVID-19” pandemiyasının yaratdığı tənəzzüldən bərpa qazanclarını təhlükə altına qoymaqla dayanıqlı inkişafa gedən yolu bağlayır.

 

RUSİYA VƏ BELARUSDAN BİRGƏ QƏRAR

Martın 18-dən  etibarən Rusiya və Belarus arasında vətəndaşların gediş-gəlişinə qoyulan bütün məhdudiyyətlər aradan qaldırılır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri Mixail Mişustin hökumətin iclasında bildirib.

Baş nazir qeyd edib ki, hərəkət azadlığı ticari-iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün olduqca vacibdir.

“Biz bu barədə həftənin əvvəlində baş nazir Roman Aleksandroviç Qolovçenko ilə danışdıq. Bu qərarı prezidentlə razılaşdırdıq”, - deyə Mixail Mişustin əlavə edib.

Rusiyanın baş nazirinin sözlərinə görə, Qərbdən gələn təzyiqləri nəzərə alsaq, bu, indi xüsusilə vacibdir.

Xatırladaq ki, Belarusun baş naziri Roman Qolovçenko martın 14-də rəsmi Moskvanın tətbiq etdiyi “COVID” məhdudiyyətlərini mümkün qədər tez aradan qaldıracağına söz verdiyini bildirmişdi.

 

GÜRCÜSTANDA PANDEMİYA ENDEMİYAYA ÇEVRİLİR

“Bütün əlamətlər göstərir ki, Gürcüstanda koronavirus pandemik yayılmadan endemik yayılma mərhələsinə keçir”. “Report”un yerli bürosu xəbər verib ki, bunu ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya brifinq zamanı vurğulayıb.

Nazir müavini bildirib ki, hazırda Gürcüstanda epidemioloji vəziyyətin sürətli templərlə yaxşılaşdığını təsdiqləyən bütün göstəricilər mövcuddur: “Bu, o demək deyil ki, vəziyyət diqqətdə saxlanılmamalıdır. Qoruyucu maskadan imtina etmək hələ olmaz. Hesab edirik ki, infeksiyanın yayılması pandemik deyil, daha lokal olacaq”.

Gürcüstanda “COVID-19”a ilk yoluxma faktı 2020-ci ildə qeydə alınıb. Hazırkı dövrədək virusa 1,6 milyon nəfər yoluxub, 16 mindən çox insan isə xəstəlikdən vəfat edib.

 

MAKRON: FRANSA MÜHARİBƏYƏ HAZIRLAŞMALIDIR

Fransa prezidenti Emmanuel Makron ölkəsini Avropa kontinentini əhatə edəcək yüksək intensivli müharibəyə hazır olmaqla bağlı xəbərdarlıq edib. Bu barədə “Report” agentliyi “Liberation” nəşrinə istinadən xəbər verib.

Prezidentin sözlərinə görə, Fransa kosmosda və kiberməkanda yeni növ münaqişələr qarşısında çevik olmalıdır.

Fransa lideri həmçinin silahlı qüvvələrdə ehtiyatda olan əsgərlərin, polis və jandarma qüvvələrinin sayının iki dəfə artırıldığını açıqlayıb.

Bununla yanaşı, Makron seçki kampaniyası zamanı Fransanın 2025-ci il müdafiə büdcəsinin 50 milyard avro olacağını bildirib. Hazırda bu rəqəm 40 milyard avrodan çoxdur.

 

MARİUPOLDA TEATRIN BOMBALANMASI ZAMANI BİNADA 1200 NƏFƏR OLUB

Mariupolda dram teatrının bombalanması zamanı binada təxminən 1200 nəfərin olduğu bildirilir. “APA”nın “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna rəsmilərinin məlumatında qeyd olunub. Açıqlamaya əsasən, bina bombalanmazdan öncə hər iki tərəfində havadan görülməsi üçün “uşaqlar” sözü yazılıb.

Ukrayna ombudsmanı Lüdmila Denisova bildirib ki, bina aviasiya bombasının zərbəsinə tab gətirdiyindən zirzəmidəki sığınacaqda olan insanlar sağ qalıb. O, artıq dağıntıların altında qalanların çıxarılmasına başlanıldığını, binanın bloklanmış zirzəmisinin açılması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

Hələ ki, ölən və ya yaralananlar barəsində məlumat olmadığı bildirilir. Rusiya öz qüvvələri tərəfindən teatr binasının bombalanmasını təkzib edib və insidentə görə, “Azov” batalyonunu günahlandırıb.

Qeyd edək ki, “Azov” batalyonu Ukrayna silahlı qüvvələrinin tərkibinə inteqrasiya olunmuş ultra-millətçi silahlılardan ibarət qrupdur.

 

ABŞ RUSIYALILARIN BANK HESABLARININ AXTARIŞI ÜÇÜN XÜSUSI QRUP YARADIB

ABŞ Rusiya elitasının Qərb ölkələrindəki bank hesablarının axtarışı və üzərinə həbs qoyulması üçün beynəlxalq qrup yaradıb. “Report”un xəbərinə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq qrupa ABŞ, Avstraliya, Almaniya, Avropa Komissiyası, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiya daxildir.

Məlumata əsasən, ABŞ maliyyə naziri Cenet Yellen və baş prokuruor Merrik Qarland iştirakçı dövlətlərin nümayəndələri ilə virtual görüş keçirib.

“Son üç gündə xarici tərəfdaşların ABŞ-ın hüquq-mühafizə orqanlarına təqdim etdikləri informasiya sanksiya tətbiq olunan fiziki və hüquqi şəxslərə nəzarətə, bir neçə gəminin saxlanılmasına yardım edib”, - deyə nazirlikdən bildirilib. Məlumata görə, saxlanılan gəmilər milyonlarla dollar dəyərindədir.

 

HİNDİSTAN VƏ RUSİYA BAZA VALYUTASI KIMI YUAN ISTIFADƏ EDƏ BİLƏR

Hindistan Rusiyadan təxminən 15 milyon barrelə qədər xam neft idxal edə bilər. “APA”nın verdiyi xəbərə görə, bu barədə “Business Standard” qəzeti etibarlı mənbələrə istinadən qeyd edib.

Bununla yanaşı, nəşrin məlumatına görə, sövdələşmənin rubl və ya rupi ilə həyata keçiriləcəyi ehtimal edilir.

Bir müddət öncə Hindistanın neft və qaz naziri Hardip Sinqh Puri bildirib ki, ölkəsi Rusiya ilə neftin alışı ilə bağlı müxtəlif məsələlər üzrə danışıqlar aparır.

Eyni zamanda, məlum olub ki, Hindistan və Rusiya Federasiyası rupi-rubl sxemi üzrə ticarət hesablaşmalarında baza valyutası kimi Çin yuanına keçə bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.