Tarixə yazılan günlər
Digər xəbərlər

Tarixə yazılan günlər

27 sentyabr 2020-ci il Azərbaycan, region, hətta dünya üçün yeni tarixə çevrildi. Bu  tarixin qəhrəmanlıqla, qürurla, iftixarla dolu hər səhifəsini isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mərd, qorxmaz Azərbaycan  əsgəri   yazırdı. Artıq 41 gün idi ki, qəhrəman oğullarımız torpaqlarımız uğrunda döyüşlərdə şücaət göstərir, mənfur düşmənə qarşı mərdliklə vuruşurdular. Hər gün Azərbaycan Ordusu daha  irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azadlığına qovuşmuş, hər qarışı müqəddəs olan torpaqlarımızda Azərbaycan bayrağı dalğalanırdı.

7 Noyabr… Müzəffər Ali Baş Komandan  İlham Əliyev öz "Twitter" səhifəsində paylaşıb: Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan,   Üçüncü Mahmudlu, Qacar,  Divanalılar,   Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının  Qəzyan, Balasoltanlı,  Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna!  Qarabağ Azərbaycandır!

Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan Ordusu elə  ilk gündən düşmənin müdafiə xəttini yarır, aylarla, illərlə qurduğu istehkamları darmadağın dağıdır. Döyüş meydanında mərd Azərbaycan əsgərinə  məğlub olan erməni silahlıları  isə humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc azərbaycanlı əhalini hədəfə alınmaqla cinayət əməlləri törədirlər.

"Ermənistan terrorunun daha bir günahsız qurbanı. 16 yaşlı gənc Şahmalı bu gün Ermənistanın Azərbaycanın dinc sakinlərinə məqsədyönlü şəkildə hücumu nəticəsində Bərdədə öldürülüb. Bərdə döyüş əməliyyatları zonasından uzaqdır. Hərbi hücuma zərurət yox idi". Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb. H.Hacıyev UNİCEF-ə və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına bununla bağlı müraciət edib.

Ermənistanın silahlı qüvvələri noyabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Arasbar, Qaraxanlı və Hacılar kəndlərini ağır artilleriyadan atəşə tutub. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib. Kənd sakini bildirib ki, təkcə bu gün kəndin ərazisinə 40-dan artıq mərmi düşüb.

Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, noyabrın 6-dan 7-nə keçən gecə Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri konsulluğunun binası odlu silahdan atəşə tutulub.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı təhdidlər olunur, həyati təhlükə doğuran hücumlar edilir...

Estoniya KİV-lərinin verdiyi məlumata görə, ermənilər Azərbaycanın Tallindəki səfirliyinə qarşı təxribat törədiblər. Maskalı naməlum kişi Tallindəki İslam mərkəzinin, habelə bu ölkədəki Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoyub. Hər üç hadisə barədə polisə məlumat verilib.

Ermənistan ölkəmizə qarşı açıq-aşkar provakasiya cəhdləri edir. Lakin Vətən uğrunda canlarını qurban verən  oğullarımız ölümlə üz-üzə, göz-gözə dayanaraq "Qarabağ Azərbaycandır!", "Ya Qarabağ, ya ölüm!"  amalı  uğrunda meydanda mərd-mərdanə döyüşür,  düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv edir, yağıların  əsarətində qalan ulu yurdunu murdar düşməndən azad edir. Bir addım belə geri çəkilməyən Müzəffər Ordumuz Vətən torpaqlarını qarış-qarış azad edərək düşmənə qan uddurur...

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, noyabrın 7-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub. Bu istiqamətdəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib.

62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində bir BM-21  "Qrad" yaylım  atəşli reaktiv sistemi sıradan çıxarılıb, şəxsi heyət arasında ölən və yaralanan var.

Azərbaycan Ordusu  işğalçı Ermənistana qarşı başladığı əks-hücum əməliyyatı zamanı ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirməklə 27 sentyabr tarixindən 7 noyabra qədər Füzulinin  Füzuli şəhəri və 36 yaşayış məntəqəsi, Cəbrayılın Cəbrayıl şəhəri, Xudafərin, Xələfli qəsəbələri və 76 yaşayış məntəqəsi,  Xocavəndin Hadrut qəsəbəsi və 22 yaşayış məntəqəsi, Zəngilanın Zəngilan şəhəri, Həkəri, Mincivan, Ağbənd qəsəbələri və 47 yaşayış məntəqəsi, Qubadlının Qubadlı şəhəri və 23 yaşayış məntəqəsi, Xocalının 2, Tərtərin 3 yaşayış məntəqəsi və Kəlbəcərin Murovdağ zirvəsini işğalçılardan azad etmişdir. Azərbaycan Ordusunun növbəti hədəfi qədim Şuşa şəhəri idi...

"Respublika".