DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADİMİR PUTİN İQLİM DƏYİŞİKLİYİ SAMMİTİNƏ QATILMAQDAN İMTİNA EDİB

Rusiya prezidenti Vladimir Putin 31 oktyabr-12 noyabr tarixində Şotlandiyanın Qlozqo şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına qatılmayacaq. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə məlumatı Kreml açıqlayıb.

Bildirilir ki, Vladimir Putinin iqlim sammitinə qatılmayacağının səbəbi açıqlanmasa da, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, iqlim dəyişikliyi Rusiya üçün önəmli məsələlərdən biridir.

Verilən xəbərə əsasən, Kremlin bu qərarı ölkə liderlərinin qlobal istiləşmə ilə bağlı danışıqlarına zərbə kimi qiymətləndirilir.

İngiltərə baş nazirinin sözçüsü Vladimir Putinin qərarı ilə bağlı qeyd edib ki, Boris Conson iqlim dəyişikliyi ilə mübarizənin kritik əhəmiyyətə malik olduğu üçün liderləri sammitdə iştiraka təşviq edir. İngiltərə hökumətinin sözçüsü əlavə edib ki, 120-dən çox ölkə lideri zirvə toplantısına qatılacaq.

 

NATO 1 MİLYARD AVROLUQ HƏRBİ FOND YARADACAQ

NATO-nun müdafiə nazirləri süni intellektlə bağlı strategiya qəbul edəcək və 1 milyard avroluq Hərbi İnnovasiyalar Fondunun yaradılmasını bəyan edəcəklər. “Report” agentliyinin məlumatına görə, bunu alyansın müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə səfər etmiş NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Sözügedən fond hərbi texnologiyaların və iki təyinatlı texnologiyaların yaradılmasını aktivləşdirmək məqsədilə qrantların ayrılması üçün istifadə ediləcək.

Bununla yanaşı, NATO alyans ölkələrində istehsal edilən mülki təyinatlı texnologiyaların hərbi istifadəsi yollarının axtarışı ilə məşğul olan DIANA texnologiya mərkəzləri şəbəkəsinin yaradılmasını aktivləşdirmək niyyətindədir.

 

TÜRKİYƏNİN SURİYA İLƏ BAĞLI AÇIQLAMASI PKK-NI TƏŞVİŞƏ SALIB

Suriyanın şimalında Türkiyənin yeni əməliyyat keçirməsi haqda açıqlama verməsi PKK/YPG qüvvələri daxilində təşvişə səbəb olub. “Teleqraf.com”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, terror təşkilatı gənclər arasında zorla hərbçi toplamaq və gücünü artırmaq üçün yeni həmləyə başlayıb.

Bildirilir ki, yerli qaynaqlardan əldə edilən informasiyaya əsasən, YPG-yə bağlı hərbi polis nümayəndələri oktyabrın 20-də səhər saatlarında nəzarət məntəqələri və mobil patrullar sayəsində 40-dan çox gənci həbs edib.

Terror təşkilatının başlatdığı bu kampaniya Raqqa şəhərinin qərbindəki Əl-Mahmudli, Vadyan, Mansura, Kadiran və Salhabiyə kəndlərini əhatə edib.

Bundan başqa, rəsmi Ankaranın əməliyyatla bağlı açıqlamasından sonra PKK/YPG-nin mümkün qədər döyüşçü toplamaq üçün Raqqa ətrafındakı qəsəbələrin girişinə və mərkəzində nəzarət məntəqələri yaratdığı qeyd olunur.

 

UKRAYNA QAZ İDXALINDAN İMTİNA ETMƏK İSTƏYİR

Təbii qazın Rusiyadan birbaşa idxalının bərpası mövzusu Ukraynada müzakirə edilmir. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Yuri Vitrenko bəyan edib.

“Hazırda qazı Avropadan alırıq, lakin planımız odur ki, ümumiyyətlə qaz idxal etməyək, daha çox təbii qaz və bioqaz istehsal edək”, - deyə Yuri Vitrenko vurğulayıb.

“Naftoqaz” şirkətinin rəhbəri hesab edir ki, Ukraynanın yerli hasilatı artırdığı, bioqaz istehsalını təşkil etdiyi və enerji səmərəliliyi səviyyəsini yüksəldəcəyi təqdirdə, ölkə 3-5 il ərzində özünü qazla tam və uzunmüddətli təmin edə biləcək.

Yuri Vitrenkonun sözlərinə görə, hazırda ölkədə 10 milyard kubmetrə yaxın qaz çatışmazlığı var ki, bu da Ukraynanın idxaldan imtina etməsinə imkan vermir.

 

COZEF BAYDEN ÇİNİN RAKETLƏRİ İLƏ BAĞLI NARAHATLIĞINI İFADƏ EDİB

ABŞ prezidenti Cozef Bayden Çinin sınaqdan keçirdiyi hipersəsli raketlərdən narahatlığını ifadə edib. “Report” agentliyinin “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Amerika lideri Vaşinqton yaxınlığındakı hərbi bazada jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

Ağ Evin mətbuat katibi Cen Psaki öz növbəsində bildirib ki, Çinin yaratmaqda olduğu hərbi potensialla bağlı ABŞ-ın narahatlığı var və sözügedən məsələ diplomatik kanallarla qaldırılıb.

Qeyd edək ki, oktyabrın 16-da Böyük Britaniyanın “The Financial Times” qəzeti Çinin nüvə silahı daşımaq qabiliyyətinə malik olan hipersəsli raket buraxması barədə məlumat yayıb.

Öz növbəsində Çinin xarici işlər nazirliyinin sözçüsü Zao Litszyan oktyabrın 18-də keçirilən brifinqdə Çində yeni silah növünün deyil, kosmik gəminin sınaqdan keçirildiyini bildirib.

 

RUSİYA PAYTAXTINDA YENİ MƏHDUDİYYƏTLƏR TƏTBİQ OLUNUB

Rusiyanın paytaxtı Moskvada “COVID-19” infeksiyası ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunub. “APA”nın Moskva müxbiri xəbər verib ki, paytaxt meri Sergey Sobyanin oktyabrın 28-dən noyabrın 7-dək paytaxtda qeyri-iş günü elan olunması barədə Fərman imzalayıb.

“Moskvada vəziyyət pis ssenari ilə inkişaf edir. Yaxın günlərdə koronavirusa yoluxma sayında pik həddə çatacağıq”, - deyə Moskva merinin saytındakı məlumatda bildirilib.

Pandemiya ilə əlaqədar Moskva meri qeyd olunmuş müddətdə bir sıra məhdudiyyətlərin tətbiq olunduğunu da açıqlayıb. Fərmana əsasən, oktyabrın 28-dən noyabrın 7-dək Moskvada dərman, ərzaq məhsulları və digər zəruri malların satışı istisna olmaqla bütün ticarət və xidmət sahələri fəaliyyətini dayandırır. Restoran və kafelər yalnız çatdırılma xidməti ilə işləyəcək.

 

ÇİN GƏMİLƏRİNİN YAPONİYA SULARINA DAXİL OLMASI GƏRGİNLİK YARADIB

Çin gəmiləri Yaponiyanın su sərhədlərinə daxil olub. “Teleqraf.com”un məlumatına görə, Kinava əyalətinin Naha məntəqəsindəki XI Bölgə Sahil Təhlükəsizliyinin qərargahı elan edib ki, Çinə aid gəmilər Yaponiyanın milli ərazi sularının sərhədini pozub.

Bildirilir ki, Çin gəmiləri Minami Kojima və Uotsurijima adalarına yaxınlaşaraq burada iki saat dayanıb. Daha sonra gəmilər Kubaşima adası istiqamətində 26 kilometr cənub qərbə çəkilib. Qeyd edilir ki, Yaponiya hərbi gəmilərinin xəbərdarlığından sonra Çin gəmiləri ərazini tərk edib.

Statistikaya əsasən, Çin sonuncu dəfə 19 sentyabrda Yaponiya milli sularına daxil olmaqla beynəlxalq sərhədləri pozub. Ümumilikdə bu il Çin gəmilərinin 30 dəfə Yaponiya su sərhədilərini pozduğu bildirilir.

 

ÜST: DÜNYADA AZI 80 MİN TİBB İŞÇİSİ “COVID-19”DAN VƏFAT EDİB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrini tibb işçilərinin “COVID-19”dan qorunmasını təkmilləşdirməyə çağırıb. “Report”un xəbərinə görə, bu barədə ÜST-ün məlumatında bildirilir.

Təşkilatın hesablamalarına görə, 2020-ci ilin yanvarından 2021-ci ilin mayına qədər koronavirus infeksiyası azı 80 min tibb işçisinin ölümünə səbəb olub.

ÜST və tərəfdaşları tibb işçilərinin infeksiyadan qorunmasını təmin etmək üçün ölkələrdən təcili və konkret addımlar atılmasını gözləyirlər.

119 ölkə üzrə əldə edilən məlumatlar göstərir ki, 2021-ci ilin sentyabr ayı üçün dünyada orta hesabla tibb işçilərinin yalnız təxminən 40 faizi koronavirusa qarşı tam peyvənd edilib.

Tibb işçiləri arasında aşağı və yüksək gəlirli ölkələrdə peyvəndləmədə bərabərliyin olmaması ilə əlaqədar dərin narahatlıq ifadə edilir.

Hazırladı:

Vamiq ABBASOV,

"Respublika".