Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Aya lift quraşdırmaq olarmı?

Raketlə Aya getmək bahalı, çətin və təhlükəli bir yoldur. Bəs bir gün Yerin “səkkizinci qitəsi” adlandırdığımız yeganə peykimizi liftlə təhlükəsiz şəkildə səyahət edə bilərikmi?
Qəribə perspektiv kimi görünsə də, Kolumbiya Universitetinin astronomiya elmləri namizədi Zephyr Penoyre və Emily Stanford bu ideyanı yaxın gələcəkdə həyata keçirə biləcəklərinə inanırlar. Əslində kosmik liftlər ideyası bir əsrdən çoxdur ki, mövcuddur.
Çinli alimlər “Səma nərdivanı” (Sky ladder) adlı layihəni təqdim ediblər. Elm adamlarının fikrincə, Ayda atmosferin olmaması bu ideyanın həyata keçirilməsini asanlaşdıra bilər. Mütəxəssislər Ayın səthinə bərkidiləcək kabelin kevlar (karbon mənşəli güclü tekstil liflərindən hazırlanmış material) kimi mövcud materiallardan hazırlana biləcəyini söyləyirlər. Günəş enerjisi ilə işləyən robot servislər konveyer kimi çıxış edərək, kabeli yuxarı və aşağı hərəkət etdirə bilər. Çox da qalın olmayan kabelin çəkisinin təxminən 40 ton olacağı nəzərdə tutulur.

Elm adamları liftlərin xərclərini aşağı salmaqla bu sistemin, mənfəət gətirə biləcəyinə ümid edirlər. Belə ki, Aya səyahət üçün NASA-nın Artemis proqramının həyata keçirilməsi 86 milyard dollara başa gəlir. Lakin Ay liftinin isə cəmi 53 səfər ərzində özünü ödəyəcəyi təxmin edilir.


Vücudunuz yaşınızdan daha yaşlı ola bilərmi?

Əslində yaşınızın iki cür olduğunu bilirsinizmi? Xronoloji yaş yaşadığınız illərə görə hesablanır. Bioloji yaşınızda isə vücudunuzun fiziki olaraq qocalma sürətini göstərən müxtəlif faktorlar nəzərə alınır.

Yaş adətən yaşadığınız illərin sayına görə hesablansa da, eyni ildə dünyaya gələn insanlar bir-birindən fərqli görünə bilərlər. 2015-ci ildə London Kral Kollecinin alimləri, təxminən 150 xüsusi genin aktivliyinin ölçülməsi ilə xronoloji yaşın daha çox uzunömürlülüklə əlaqəli olması fikrini irəli sürdülər.

Bioloji yaşın hesablanmasında qırışlar kimi zahiri əlamətlərlə yanaşı, orqanizmdə olan hormonlar, orqanlar, toxumalar və hüceyrələrin qocalma tezliyə üstünlük verilir.

Ancaq genetik aktivlik bioloji və xronoloji yaşı fərqləndirən yeganə faktordur. Yaşlanma qaçılmaz olsa da, bioloji yaşınıza təsir etməyin bəzi yolları var. Məsələn, idman, pəhriz, çəki böyük fərq yarada bilər.

 

Heyvanlar təbii fəlakətləri necə hiss edirlər?

Bəzi heyvanların (at, it, qurbağa, siçovul, ilan və s.) zəlzələ və baş verə biləcək digər təbii fəlakətləri hiss edə bilməsi uzun müddətdir ki, alimlərin müzakirə mövzusudur. Təbii fəlakətlər baş verməzdən əvvəl heyvanların qeyri-ixtiyari davranışları, yaxud hərəkətləri təsadüfdirmi? Onlar həqiqətən də, bunu hiss edə bilirlərmi?
Əslində heyvanların zəlzələləri proqnozlaşdıra biləcəyi inancı əsrlər boyu mövcud olmuşdur. Heyvanların zəlzələlərdən qabaq qəribə davranışları haqqında məlumatlar eramızdan əvvəl 373-cü ildə Yunanıstanın Helice şəhərini yox edən fəlakət baş verdiyi dövrə təsadüf edir. Belə ki, zəlzələdən bir neçə gün əvvəl siçovul, it, ilan kimi bir sıra heyvanlar ərazini tərk etməyə başlamışlar. Buna görə də o vaxtdan bəri insanlarda heyvanların təbii fəlakətləri öncədən hiss etdikləri barədə fikir formalaşıb.
Zəlzələnin erkən aşkarlanmasının mümkün üsullarından biri dalğaları hiss etməkdir. Zəlzələlər baş verməzdən qabaq səs (P) və işıq (S) dalğaları yayılmağa başlayır. P dalğası işıq dalğalarından (S) daha sürətli gəlir. Heyvanların kəskin hissləri P dalğasının fərqinə varmış ola bilər. Digər ehtimallardan biri isə heyvanların zəlzələdən əvvəl baş verən yeraltı seysmik aktivliyi (Yerin əyilməsi və ya maqnit sahəsindəki dəyişikliklər) hiss edə bilməsidir.

 

Bir insanın yalan danışdığını necə müəyyən etmək olar?

Həyatımız boyu yalan danışan insanlarla tez-tez qarşılaşırıq. Alimlər bir neçə üsulla yalanı ortaya çıxarmağın mümkün olduğunu söyləyirlər.

Yalan danışanların ortaq cəhətləri çoxdur. Alimlərin araşdırmalarına görə, yalan danışan insanların bədən dili (qeyri-şifahi ünsiyyət forması) ilə söylədikləri sözləri müqayisə edərək aşkar etmək mümkündür. Yalan danışan zaman sinir sistemində yaranan dalğalanmaların fiziki izlər buraxa biləcəyi bildirilir. Bu fiziki izlərin arasında qaşınma hissi və enerjinin çoxluğu daha çox üstünlük təşkil edir.

Digər əlamət isə səs tonunu qaldırmaqla müdafiə mexanizmini işə salmaqdır. Lakin yalan danışmaqda peşəkar olmayan insanların səsində parçalanmalar və titrəmələr olur.
Miçiqan Universitetində aparılan digər araşdırmada yalan danışanların həqiqəti söyləyən insanlardan daha çox mimika və jest istifadə etdikləri ortaya çıxıb. Başqa sözlə, davamlı olaraq əllərini yelləyərək hansısa bir yeri cızmaqla bərabər nəyisə söyləməyə çalışan biri varsa, onun yalan danışma ehtimalının yüksək olduğunu unutmayın.

 

Spirtli içkilər beyinə necə təsir edir?

Alkoqollu içkilərdə sərxoşluğa səbəb olan etanol, yanacaq kimi sənayedə istifadə olunur. Bu səbəbdən də spirtli içkilərin beynimizə güclü və uzun müddət mənfi təsir göstərə biləcəyi təəccüblü deyil.

Alkoqol qana daxil olduqdan sonra neyrotransmitterlərin, serotoninin (sevinc hormonunun) səviyyəsini artıraraq beyinə təsir etməyə başlayır. Neyrotransmitterlər neyronlar arasında mesaj ötürən əsas kimyəvi “xəbərçilərdir”. Başqa sözlə, beyin bölgələrinin bir-biri ilə ünsiyyət qurmasını təmin edirlər. Bu hormonlar ya həyəcanverici, ya da inhibəedici ola bilir.

Spirt GABA (Gamma-Amino Butirik turşu) inhibator neyrotransmitterlərin təsirini artırır və həyəcanverici glutamatın (beyin hüceyrələrinə siqnal göndərən kimyəvi maddə) təsirini azaldır. Spirtin beyin funksiyasına basdırıcı təsir göstərməsi depressiyaya da gətirib çıxarır.

Spirt həmçinin görmə, eşitmə, toxunma kimi hissiyyat funksiyalarına da güclü depressiv təsir göstərir. Məsələn, ürəyin ritmini həddindən artıq aşağı salmaqla nəfəs almada təhlükə yarada bilər. Bununla birlikdə spirt, beyinin arxa tərəfində hərəkət və koordinasiya üçün vacib olan beyincik adlı bölgəyə xüsusilə güclü təsir göstərir. Beyincikdə GABA tərəfindən idarə olunan neyronların fəaliyyəti pozulur. Bu isə qeyri-dəqiq hərəkətlərlə müşayiət olunan standart “sərxoş” davranışlarına səbəb olur.
Uzunmüddətli alkoqol istifadəsi beyinciyin zəhərlənməsi və hərəkət koordinasiyasının pozulmasına gətirib çıxara bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.