Anna Axmatova
Rus ədəbiyyatında Anna Axmatova təxəllüsü ilə tanınan, şöhrətin ən uca zirvəsinə ucalan bu şairə, yazıçı, ədəbiyyatşünas, tərcüməçilik fəaliyyəti ilə yanaşı, faciəvi taleyi ilə də yaddaşlarda qalıb. İlk şeirini 11 yaşında yazmağa başlayan Anna sanki taleyindən xəbərdarmış kimi çarəsizlik notları ilə diqqət çəkib.
Əsl soyadı Qorenko olsa da, ilk şeirlərini qızlıq soyadı ilə çap etdirməyib. Səbəbi isə son dərəcə zabitəli biri olan atasının öz soyadının ədəbi mühitdə hallanmasını istəməməsi ilə əlaqəli olub. Bu səbəbdən də Anna özünə başqa bir imza tapmağa məcbur qalaraq ulu nənəsi - Praskofya Fedoseyevna Axmatovanın soyadını götürüb. Yeri gəlmişkən qeyd edək ki, ulu nənəsinin ana tərəfi qədim tatar knyazları Çaqadayevlərin və məşhur dvoryan Axmatovların nəslindən idi.
Doğrudur, Anna Axmatova şəxsən həbs edilməyib, sürgün də olunmayıb. Amma sovet rejimi onun doğmaları olan iki nəfərə - birinci əri Nikolay Qumilyov və oğlu Lev Qumilyova qarşı amansız davranıb. Həyat yoldaşı Nikolay Qumilyov vətən xaini elan edilərək Leninin şəxsi göstərişinə əsasən güllələnib, oğlu Lev Qumilyov isə ömrünün 10 ilini dəmir barmaqlıqlar arxasında keçirib. Özünün isə yaradıcılığı nəzarət, daimi qadağa altında olub. Hətta ölümündən bir neçə onillik keçəndən sonra belə, Anna Axmatovanın əsərlərinə qadağa qoyulub. "Vətən xaini"nin anası, "vətən xaini"nin arvadı Anna Axmatovanın "təcrübəsi" repressiya qurbanlarına həsr olunmuş "Rekviem" poemasında öz əksini tapıb.
Ərinin güllələnməsindən heç bir il keçməmiş qəlbinə yeni eşqin qığılcımı düşən Axmatova, görünməmiş istedad sahibi, özündən yaşca xeyli kiçik - 27 yaşlı peterburqlu şərqşünas və şair Vladimir Şileykoya ərə gedir. Lakin şairənin bu evlilikdə də bəxti gətirmir. Bir müddət sonra həyat yoldaşı gənc yaşda vərəmdən vəfat edir.
Axmatovanın bitib-tükənmək bilməyən eşq macəraları bu dəfə isə daha bir parlaq istedad sahibi, sənətşünas Nikolay Puninə baha başa gəlir. Belə ki, şairə xanımın üçüncü əri olan bu adam bir müddət sonra əks-inqilaba dəstək suçuna görə həbs olunur. Qeyd edək ki, həbs olunanlar içərisində Anna Axmatovanın birinci ərindən olan oğlu Lev Qumilyov da olur.
Daha sonralar isə Axmatovanın həyatında dördüncü, gizli bir ər kimi İosif Vissarionoviç Stalin də peyda olur. Şairənin bu eşq oyunundakı məqsədi oğlunu və ərini həbsdən azad etdirmək olur.
Deyilənlərə görə, sonralar Parisə səfər edən Axmatova orada aşkar şəkildə tanınmış rəssam Amadeo Modilyani ilə də məhrəm münasibətlər qurubmuş. Çox qısa sürən bu eşq macərasının izləri isə həmin rəssamın Annanı çılpaq halda təsvir etdiyi rəsmlərində açıq-aşkar özünü göstərir. Şairə xanım hardan bilərdi ki, bir gün onun yaradıcılığı ilə bağlı partiyanın verəcəyi qərarda bu macəraya istinad olunacaq, cəmiyyətdə özünü "gah rahibə, gah yüngül həyat tərzi keçirən qadın" kimi aparması başına qaxılacaqdı...
Ömrünün son illərini küçələrdə, evsiz-eşiksiz keçirən "kraliça" Axmatova 77 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.
Feliks Mendelson Bartoldi
Yakob Lüdviq Feliks Mendelson Bartoldi - məşhur alman musiqiçisi, pianoçusu, orqan ifaçısı və orkestr şefi... Nikah mərasimlərinin marşını bəstələyən bu adamı yəqin ki, tanımayan çətin tapılar. Onun məşhur "Mendelson marşı" uzun illərdən bəri demək olar ki, dünyanın bütün ölkələrində nikaha girənlərin "xeyir-duaçısıdır". Həmçinin tanınmış bəstəkar Baxı həyata qaytaran insan kimi də yaddaşlarda qalan Mendelson "XIX əsrin Motsartı" hesab edilir.
Aristokrat ailənin dörd uşağından üçüncüsü olan Mendelsonun Atası Abraham Mendelson varlı bank işçisi, babası Moses Mendelson isə yəhudi dindar və filosof idi. Babası mühafizəkar olsa da Mendelsonun ailəsi Hamburqdan Berlinə köçdükləri müddətdə musəvilikdən protestantlığa keçib. Eyni zamanda Bartholdi soyadını götürüb. Amma Feliks bu dəyişikliyə qarşı çıxıb və Mendelson soyadını istifadə etməyə davam edib. Protestantlığı qəbul etsə də, yəhudi keçmişindən qürur duyub.
Atasının sərt qaydaları ilə böyüyən bəstəkar, olduqca utancaq və özünə qapanan biri olub. Hər zaman atasından çəkinən Feliks, uzun illər sonra dostuna yazdığı məktubunda belə deyib: "O, mənim təkcə atam deyil, həm də sənət və həyat müəllimimdir".
Bəstəkarı məşhurlaşdıran "Toy marşı"nın maraqlı bir tarixçəsi var. Belə ki, ilk dəfə Avstriya və Böyük Britaniya şahzadələrinin toyunda səsləndirilən və toyların vazkeçilməz atributuna çevrilən "Toy marşı" əslində, Şekspirin "Yay gecəsində yuxu" əsəri üçün yazılıb və həmin vaxt populyarlıq qazanmayıb. Lakin 15 ildən sonra baş verən hadisə marşın taleyində həlledici rol oynayıb. Musiqi müşayiətinə çox ciddi yanaşan ingilis şahzadəsi Viktoriya Adelgeyd, Avstriya şahzadəsi IV Vilhelmlə toyunda bu marşın səsləndirilməsini istəyib. Kilsədən çıxan gəncləri "Yay gecəsində yuxu" əsərindən "Toy marşı" müşayiət edib. Beləcə, həmin vaxtdan bu günə kimi Mendelsonun musiqisi ən populyar toy marşına çevrilib.
Feliks çox gənc yaşlarından həmin dövrə qədər unudulmuş bəstəkar Baxın əsərlərini araşdırmağa başlamışdı. Hələ 13 yaşında ikən doğum günü hədiyyəsi olaraq İohan Sebastyan Baxın ailəsindən "Matthaus Passionu"nun ("Əziz Matta") notlarını istəyən və bu əsər üzərində çalışan sənətkar gələcəkdə "Baxı yenidən həyata qaytaran adam" kimi tanınırdı. O, müəllimi Zalterin etirazlarına baxmayaraq, bu yolda çalışmağa davam edir. Berlində Baxın əsərlərini səsləndirdiyi uğurlu konsertlərdən sonra Avropa musiqisini tanıtmaq üçün atasının dəstəyi ilə 3 illik Avropa turuna çıxır.
Lakin sonralar atasının qəfil ölümü Feliksi depressiyaya salır. Həyat yoldaşı Cecile Jeanrenaudın sayəsində yenidən yaradıcılıq həyatına geri dönsə də, musiqiyə çox da marağı olmayan bu qadın bəstəkarın araşdırmalarla dolu həyatına pis təsir edir. Ən çox sevdiyi bacısının ölüm xəbərini eşitdikdən sonra isə yaşamaq istəyini itirən sənətkar beyin sarsıntısı keçirərək qismən iflic olur. 38 yaşında insult səbəbindən vəfat edən bəstəkar bacısı Fanninin yanında dəfn edilir.
Rene Dekart
"Düşünürəm, deməli, varam". Belə deyərdi fransız filosofu, riyaziyyatçısı və yazıçısı Rene Dekart... Bu sözlərinə görə bir çox fəlsəfə tarixçiləri tərəfindən şübhəçi adlandırılan Dekart, Qərb düşüncəsini alt-üst edən özünəməxsus bir fəlsəfi sistem qurmuşdu. Onun fikrincə öyrənilən, görülən, duyulan, inanılan hər nə varsa hamısı şübhəli idi. Yalnız tək bir şeydən əmin idi: düşüncənin varlığı...
"Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunan bu dahi şəxsiyyət, Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi də onun adı ilə bağlıdır.
Dekartın fikrinə görə, insan var olmasının reallığından başqa, hər mövzuda aldadıla bilər. Bəs var olduğuna niyə şübhə etməməli, bunu tam reallıq kimi qəbul etməlidir? Dekart üçün cavab çox sadə idi: Əgər düşünürsənsə, deməli, varsan. Dekartın dili ilə desək, "Bədənim olduğundan, ətrafda nəsnələrin mövcudluğundan şübhələnə bilərəm. Amma düşünən bu şeyin mən olduğumdan şübhələnə bilmərəm".
Özünəməxsus vərdişləri və gündəlik rejimi ilə də diqqətçəkən alim çox yatmağı sevən, tənbəl biri idi. Yuxudan çox gec oyanan Dekart, bəzən günorta saatlarına qədər yatmağı xoşlayırdı, ardınca isə yatağından qalxmayaraq saatlarla düşünər və yazardı. Dekart tənbəlliyin ən yaxşı zehni işlərin təməli olduğuna inanır, özünü çox yormamaq üçün əlindən gələni edirdi. Erkən yediyi naharın ardınca gəzintiyə çıxır, ya da söhbət etmək üçün dostları ilə görüşürdü. Axşam yeməyinin ardınca isə yazıları ilə məşğul olurdu.
Filosofun şəxsi həyatı ilə bağlı çox az məlumat əldə edilib. Bioqraflarının söylədiklərinə görə, həyatının sonuna kimi heç vaxt evlənməyib. Sevgi münasibətlərinə gəlincə isə yetkin yaşlarında qulluqçuya aşiq olduğu, onunla uzun müddət qeyri-qanuni münasibət yaşadığına dair bəzi dəlillər tapılıb. Hətta həmin qadından qız övladının da dünyaya gəldiyi söylənilir. Lakin uşaq beş yaşında ikən skarlatin xəstəliyi səbəbindən dünyasını dəyişir. Övladının ölümünü həyatının ən böyük faciəsi adlandıran alim, bu səbəbdən çox böyük sarsıntı keçirir və uzun müddət depressiv vəziyyətlərə düşür.
Uzun müddət ağciyərin iltihabından əziyyət çəkən alim 53 yaşında vəfat edir.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".