DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“TALIBAN” VƏ PƏNCŞIRDƏKI QÜVVƏLƏR ARASINDA RAZILIQ ƏLDƏ OLUNUB

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması və onlara tabe olmaqdan imtina edən Şimal Alyansı arasında razılaşma əldə olunub. “Report” agentliyinin məlumatına görə, razılaşmaya əsasən, tərəflər bundan sonra bir-birinə qarşı hücum etməyəcəklər.

Bildirilir ki, razılaşmanın Əfqanıstanda “Taliban”ın nəzarətində olmayan yeganə vilayət - Pəncşirdə toqquşmaların qarşısını alması gözlənilir.

Xatırladaq ki, Pəncşirdə Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh və Əhməd Məsudun müqavimət qüvvələri toplaşıb.

Qeyd edək ki, Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda taliblər hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutublar.

 

TÜRKIYƏDƏ “COVID-19”UN NAMƏLUM MUTASIYASININ YAYILDIĞI EHTIMAL OLUNUR

Türkiyənin İzmir şəhərində koronavirusun yeni yarımnövü aşkarlanıb. “APA”nın xəbərinə görə, bu barədə İzmir Tibb Palatası və Klinik Mikrobiologiya Mütəxəssisləri Təşkilatının rəhbəri Lütfi Çamlı bildirib.

Məlumata əsasən, Lütfi Camlı İzmir başda olmaqla, Türkiyənin müxtəlif yerlərində koronavirusun “alfa”, “beta”, “qamma” və “delta” ştammları xaricində naməlum fərqli bir mutasiyası ilə qarşılaşdıqlarını vurğulayıb.

Lütfi Camlı naməlum mutasiyanın 20 faizdən 40 faizədək artdığını qeyd edib və Səhiyyə Nazirliyinin bununla bağlı əhalini məlumatlandırmasının vacibliyini diqqətə çatdırıb.

“Bu, yeni variantdır, yoxsa edilmiş testlərdə hansısa çatışmazlıqlardan ortaya çıxmış durumdur, dəqiq deyil. Ətraflı klinik məlumatlardan xəbərsizik. Bunun yeni variant olub-olmadığı dəqiqləşəndən sonra bu istiqamətdə araşdırmalar aparılmalıdır”, - deyə Lütfi Çamlı bildirib.

 

KABILDƏ BAŞ VERƏN PARTLAYIŞ NƏTICƏSINDƏ AZI 40 NƏFƏR HƏLAK OLUB

Kabil hava limanı yaxınlığında baş verən partlayış nəticəsində azı 40 nəfər həlak olub, təxminən 120 nəfər yaralanıb. “APA”nın verdiyi xəbərə görə, bu barədə “The New York Times” qəzetinin Əfqanıstandakı jurnalisti Fahim Abed məlumat yayıb. O yaralıların təxminən 60 faizinin ağır vəziyyətdə olduğunu qeyd edib.

Bildirilir ki, ölənlər arasında uşaqlar da var. Bundan əlavə, partlayış nəticəsində “Taliban”ın bir neçə döyüşçüsü yaralanıb. Partlayışın intiharçı-terrorçu tərəfindən törədildiyi ehtimal olunur.

Bununla yanaşı, Pentaqonun mətbuat katibi Con Kirbinin yaydığı bəyanatında bildirilir ki, hava limanına edilmiş kompleks hücum nəticəsində ABŞ hərbçiləri arasında ölənlər və yaralananlar var.

 

QRENLANDIYA DAĞLARINA TARIXDƏ ILK DƏFƏ YAĞIŞ YAĞIB

Qlobal iqlim dəyişikliyi hazırda daha çox Qrenlandiyada özünü göstərir. Belə ki, bir neçə gün öncə Qrenlandiya dağlarına tarixdə ilk dəfə olaraq yağış yağıb. “Report”un verdiyi xəbərə görə, “Phys.org” nəşri bu barədə Danimarka alimlərinin müşahidələrinə istinadən məlumat yayıb.

Sözügedən təbiət hadisəsi Qrenlandiyada ilk dəfədir ki, qeydə alınır. Bundan əvvəl isə dünyanın ən böyük adasında yağıntılar yalnız qar şəklində düşüb. Adanın dağlıq hissəsində temperatur son on ildə üçüncü dəfə sıfırdan yüksəyə qalxıb.

Qrenlandiyada buz örtüyünün üstünə yağan yağış dəniz səviyyəsindən təxminən 3000 metr yüksəklikdə müşahidə olunub.

Bildirilir ki, adanı əhatə edən buz təbəqəsi Fransadan üç dəfə böyükdür. Məqalədə qeyd olunur ki, buz təbəqəsi əriyərkən dəniz səviyyəsini qaldırmaq üçün kifayət qədər su həcminə malikdir.

 

ABŞ İRANLA NÜVƏ DANIŞIQLARINDA GÜZƏŞTƏ GETMƏYƏ HAZIRDIR

Rəsmi Tehran güzəştə hazır olduğu təqdirdə Vaşinqton da çətin məsələlərdə güzəştə gedə bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu İranla nüvə danışıqları üzrə ABŞ-ın xüsusi nümayəndəsi Robert Malli bəyan edib. Bununla yanaşı, xüsusi nümayəndə İranın realist bir yanaşma ilə danışıqlar masasına dönəcəyinə ümid etdiyini bildirib.

Bildirilir ki, ABŞ, Rusiya və Avropa İttifaqı İranın yeni seçilmiş prezidentinin diplomatları ilə Vyanada keçiriləcək 7-ci görüşün siqnalını gözləyir.

Nüvə danışıqları dayandığı üçün neft investorları İranın bu il qlobal neft bazarına qayıtmasına istiqamətlənmiş gözləntilərini də aşağı salıblar. Razılaşma olarsa, Tehranın bir neçə ay ərzində gündəlik hasilatı təxminən 1 milyon barrel artıracağı gözlənilir.

 

ÇIN ÜST-Ü ABŞ LABORATORIYALARINI YOXLAMAĞA ÇAĞIRIB

Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Çen Syuy ABŞ-ın Fort-Detrik şəhərindəki və Şimali Karolina Universitetindəki biolaboratoriyalarda pandemiyaya səbəb olan koronavirusun mənşəyi ilə bağlı araşdırma aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edib. “APA”nın verdiyi xəbərə görə, bu barədə “Global Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, bu, Çindən diplomatik kanallarla ÜST-ə edilən ilk rəsmi müraciətdir. Nəşr yazır ki, Çen Syuy “SARC-CoV-2” virusunun Uhan Virusologiya İnstitutundakı sızma nəticəsində insanlara yoluxması barədə fərziyyənin ağlabatan olmadığına diqqət çəkib.

“Əgər kimsə hələ də laboratoriya sızıntısı məsələsinin açıq qaldığını düşünürsə, o zaman Fort-Detrikdəki və Şimali Karolina Universitetindəki laboratoriyalar açıq şəkildə araşdırılmalıdır”, - deyə qəzet çinli daimi nümayəndədən sitat gətirib.

 

RUSIYA VƏ TÜRKIYƏ BIRGƏ HƏRBI TEXNIKA HAZIRLAMAQ NIYYƏTINDƏDIR

Rusiya və Türkiyə quru qoşunlarının istifadə etməsi üçün yeni hərbi texnika hazırlaya bilərlər. “Report”un verdiyi xəbərə görə, bu barədə “Rosoboroneksport”un mətbuat xidmətindən “Armiya-2021” beynəlxalq hərbi-texniki forumu zamanı məlumat verilib.

Açıqlamaya əsasən, Türkiyə və Rusiya üçüncü ölkələr də daxil olmaqla, birgə layihələr həyata keçirirlər.

Eyni zamanda, bildirilir ki, Türkiyədən olan tərəfdaşlarla quru qoşunlarında istifadə ediləcək yeni hərbi texnikalar hazırlanması barədə bir sıra perspektiv layihələr mövcuddur.

Məlumat üçün qeyd edək ki, “Armiya-2021” beynəlxalq hərbi-texniki forumu 22-28 avqust tarixləri arasında keçirilir.

 

VAKSINASIYANIN AŞAĞI TEMPI TRILYONLARLA DOLLAR ZIYANA SƏBƏB OLA BILƏR

2025-ci ilə qədər koronavirus infeksiyasına qarşı vaksinasiyanın aşağı tempi dünya ölkələrinin ÜDM-də 2,3 trilyon ABŞ dolları itkilərə səbəb ola bilər. “Report”  agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Economist Intelligence Unit” nəşrinin araşdırmasında bildirilir.

“Zəngin ölkələr yoxsul ölkələrdən 100 dəfə çox koronavirusa qarşı peyvənd təqdim edib. Dünyada peyvənd gecikmələri ciddi maddi itkilərə səbəb olacaq”, - deyə mütəxəssislər qeyd ediblər.

Bu itkilərin təxminən üçdə ikisi inkişaf etməkdə olan ölkələrin payına düşür ki, bu da onların iqtisadi artım tempinə və inkişaf etmiş ölkələrə yaxınlaşmasına mənfi təsir göstərəcək.

“İtkilərlə yanaşı, vaksinasiyada tarazlığın pozulmasının iri siyasi, sosial və geosiyasi təsirləri olacaq”, - nəşrin məlumatında qeyd edilir. Ən böyük itkilər isə Asiya ölkələrinin payına düşür - təxminən 1,7 trilyon dollar.

Hazırladı:

Vamiq ABBASOV,

"Respublika".