Ölkəmizin ilk milli naviqasiya sistemi − AzNav
Digər xəbərlər

Ölkəmizin ilk milli naviqasiya sistemi − AzNav

Unikallığı ilə seçilən, istifadə qaydalarının rahatlığı, geniş funksionallığı vətəndaşların bu xidmətə olan tələbatını daha da artırıb

Qabaqcıl ölkələrin inkişaf tendensiyalarına müvafıq olaraq Azərbaycanda iqtisadi yüksəliş daha çox innovasiyalara əsaslanır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhaliyə innovativ xidmətlərin göstərilməsi və operativliyin, rahatlığın təmin olunması barədə tapşırıqları istiqamətində atılmış mühüm addımlardan biri də ilk milli naviqasiya sistemi olan "AzNav"dır.

Unikallığı ilə seçilən bu ilk milli naviqasiya sistemi istifadəyə verildiyi gündən bəri vətəndaşların xüsusi marağına səbəb olmuşdur. İstifadə qaydalarının rahatlığı, geniş funkisonallığı ona olan diqqəti daha da artırıbdır.

Nəzərə alsaq ki, sistem bir neçə il bundan öncə vətəndaşların ixtiyarına verilib və istifadə sayına görə xeyli irəlidədir. Bu isə "AzNav"ın bir çox üstün cəhətlərə sahib olduğunu göstərir.

İstifadəçilər "AzNav"ı "iOS" (Apple), "Windows СЕ" əməliyyat sistemlərində olan bütün növ mobil cihazlardan, eyni zamanda telefon və planşetlərdən ödənişsiz olaraq yükləmək imkanına malikdir. Həmçinin vətəndaşlar əlavə internet paketi götürmədən sistemi oflayn rejimdə işlədə bilərlər. Bu isə onların vəsaitlərinə qənaət etməsinə imkan verir.

Dəqiq və hər zaman yenilənən GPS naviqasiya sistemi "AzNav" Əmlak Məsələləri Dövlət Komitəsinin(indiki Əmlak Məsələləri Dövlət Xidməti) öz məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) məlumatları əsasında hazırlanıb. Sistem yeni və köhnə ünvanların əsasında hazırlanmış Naviqasiya Xəritəsinin məlumatlarından istifadə etməklə işləyir. "AzNav"ın əsas üstünlüklərindən biri də mütəmadi olaraq yenilənməsidir.

 "AzNav" ölkəmizə səfər edən turistlərin və əcnəbi vətəndaşların ünvan tapma  işini daha da rahatlaşdırır. Belə ki, əgər gələn qonaq gedəcəyi yerin dəqiq ünvanını bilmirsə sadəcə məkanın adını yazmaqla lazımi obyekti tapa bilər. Başqa sözlə, sistemdə ünvansız axtarış prinsipi təmin edilib. Qeyd edilməlidir ki, bir dəfə seçilən ünvanlar, obyektlər və marşrutlar isə avtomatik proqramın yaddaşında saxlanılır. Seçilən marşrut üzrə yerləşən muzeylərin, xəstəxanaların, turizm obyektlərinin, mehmanxanaların və bu kimi digər obyektlərin vizual görüntüsü də əks olunur. Bundan başqa, turistlər gedəcəyi hotelin, muzeyin, mehmanxananın, iaşə obyektlərinin axtarışını edən zaman həmin müəssisələr haqqında məlumatlar, onların əlaqə nömrələri ekranda görünür. Xəritənin 3 ölçülü (3D) rejimdə əks olunması binaların və istinadların da 3D göstərilməsini (seçimə görə) mümkün edir.

"AzNav" taksi, poçt, yükdaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin, təcili tibbi yardımların da işini olduqca sadələşdirir. Sistem paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla ünvanaçatma məsələlərinin operativ və rahat şəkildə həllini təmin edir.

 "AzNav" bir sıra xüsusiyyətlərinə görə, indiyədək Azərbaycanda olan digər naviqasiya sistemlərini xeyli üstələyir. "AzNav"la həm Azərbaycanı, həm də xarici ölkələri gəzmək mümkündür. Bir neçə dildə xidmət göstərən naviqasiya xidmətindən təkcə yerli  vətəndaşlar deyil, xaricilər də istifadə edə bilərlər.

İlk Milli Naviqasiya Sistemi «AzNav» komponentdən ibarətdir: Naviqasiya Proqramı və Naviqasiya Xəritəsi. Naviqasiya Proqramı yeni və köhnə ünvanların əsasında hazırlanmış Naviqasiya Xəritəsinin məlumatlarından istifadə etməklə işləyir. Naviqasiya Sistemi həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malikdir. Artıq Sistem əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, eləcə də ünvan axtarışında maraqlı olan digər tərəflərin istifadəsinə verilib.

Dəqiq və hər zaman yenilənən GPS naviqasiya sistemi olan «AzNav» həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər, həm də poçt, yükdaşıma, taksi, turist, nəqliyyatın tənzimlənməsi və digər fəaliyyətlərdə son dərəcə faydalıdır. İstənilən şəxs Naviqasiya Sistemindən istifadə etməklə seçdiyi ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən edə bilir. Ünvan axtarışı prosesi sadələşir və vaxt itkisi aradan qalxır. Digər özəllik odur ki, «AzNav» Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərini də dəstəkləyir və sadalanan dillərdə interfeysə malikdir. Bu isə ölkəmizə səfər edən turistlərin və əcnəbi vətəndaşların ünvan tapma işini daha da rahatlaşdırır. Sistemin daha bir üstünlüyü Naviqasiya Proqramı nəinki ünvana görə, həmçinin seçilmiş obyektə görə də marşrutu göstərir. Seçilmiş yol ilə hərəkət zamanı yolda nəqliyyat vasitəsinin maksimal sürətini, yol üzərində olan döngə nöqtələrini, parkinqləri, yanacaqdoldurma məntəqələrini, digər xidmət ictimai iaşə obyektləri, yol keçidləri və tıxacları bildirir. Nəqliyyat vasitəsi hərəkətə başladıqdan sonra istifadəçi gedəcəyi yerə nə zaman çatacağı barədə məlumatı əvvəlcədən öyrənir.

 Üstün cəhətlərdən biri də, "AzNav"ın həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malikdir. Sistem "Android", iOS (Apple), "Windows СЕ" əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda və eyni zamanda telefon və planşetlərdə çalışır. "Android" əməliyyat sistemli mobil qurğulara (telefon, planşet və s.) proqramı yükləmək üçün “Play Market”ə daxil olub "AzNav" yazaraq axtarış vermək və yükləyib istifadə etmək mümkündür. iOS (Apple istehsalı) əməliyyat sistemli mobil qurğular (telefon, planşet və s.) üçün isə proqram App Store-dan yükləmək mümkündür.

 Beləliklə, bu milli layihə ölkəmizdə həyata keçirilən sosial yönümlü işlərin tərkib hissəsi olmaqla ünvan məsələləri ilə bağlı işlərin çevik həllinə yönəlib. Bu xidmət də istifadəçilərin ixtiyarına verilməklə ünvan axtarışı məsələlərində vətəndaşların və əlaqəli tərəflərin işinin yüngülləşməsini təmin edib.

M.MİRZƏ,

“Respublika”.