Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Oxşar əkizlər nə üçün fərqli barmaq izlərinə sahibdir?

İnsan barmaqlarındakı silsilələr ömür boyu eyni qalır və şəxsiyyəti təyin etmək üçün bir dəlil kimi istifadə edilir.

İki nəfərin eyni barmaq izinə sahib olması ehtimalı 64 milyardda bir nəfərdə təsadüf olunur. Eyni DNT ardıcıllığına sahib olan çox oxşar əkizlərin də fərqli barmaq izləri var. Elm adamları bunu ana bətnində inkişaf əsnasında həm genetik, həm də ətraf mühit faktorlarının təsirinin olması ilə izah edirlər. Belə ki, barmaqdakı silsilələrin dəqiq detalları göbək kordunun uzunluğu, bətndəki vəziyyət, qidalanma, qan təzyiqi kimi bir sıra amillərdən təsirlənir.

Eyni DNT-lərə malik oxşar əkizlərin barmaq izləri bir-birinə bənzəsə də, məhkəmə ekspertləri və ən müasir tanıma proqramları fərqi aşkar edə bilir.

Ancaq barmaq izləri yalnız insanlara xas deyil. Şimpanze və qorillalarda da fərdlərə xas incə silsilələr var ki, bu da əcdadlarımızdan bizə qalan mirasın sübutudur.

 

Yerin çəkisi dəyişirmi?

Alimlər dünyanın hər il kosmosdan meteor tozu və dağıntılarının yığıntısından təxminən 40.000 ton əlavə maddə qazandığını təxmin edirlər.

Yerin nüvəsindəki radioaktiv çürüməyə görə kütlə itkisi (ildə təxminən 160 ton) və atmosferdə azalan helium (ildə təxminən 1600 ton) kimi proseslər olsa da, bunlar kiçik təsirlərdir. Alimlər hər il Yer orbitinə atılan kütlənin miqdarı ilə müqayisədə bir neçə yüz tonu əhəmiyyətsiz hesab edirlər.

Elm adamlarının hesablamalarına görə, Yer kürəsi hər il təxminən 50.000 ton kütlə itirir. Fəqət, Yerin kütləsi təxminən 5.97 milyard ton olduğu üçün bu tükənmə sürəti ilə onun tamamilə yox olmasına təxminən 120.000 trilyon il lazımdır. Bu, Yer kürəsinin yaşından milyonlarla dəfə çoxdur. Əslində Kainatın kütləsinin yaşından milyonlarla dəfə çox olması onu göstərir ki, kütlə itkisinin nə Yer planetinə, nə də insanlara təsiri yoxdur.

 

Misir piramidalarını kimlər tikib?

Misir piramidaları səhra qumlarının üstündə ucalan arxeoloji möcüzədir. Bu piramidalar şübhəsiz ki, ağıllı bir varlığın beyninin məhsuludur. Bəs onları kimlər tikib?

Misir piramidalarının kimlər tərəfindən tikildiyinə dair bir çox fərziyyələr var: yəhudilərdən ibarət böyük qrup, qədim Atlantis şəhərinin sakinləri və yaxud yadplanetlilər kimi ağılasığmaz qəribə fikirlər səslənir. Ancaq bu fərziyyələrin heç birini dəstəkləyən dəlillər yoxdur.

Piramidalar yəhudi kölələr tərəfindən inşa edilə bilməzdi, çünki Misirdə 4500 il əvvələ aid bu xalq barədə heç bir arxeoloji qalığa rast gəlinməyib. Eynilə, Atlantis şəhərinin mövcudluğuna dair də heç bir arxeoloji dəlil tapılmayıb. Yadplanetlilərə gəldikdə isə, bu fikir dünya xaricindədir.

Əslində bütün dəlillər piramidaları qədim misirlilərin özlərinin inşa etdiklərini göstərir. Ancaq inşaatçıların yaşam tərzi, onlara necə təzminat verilməsi hələ də sirr olaraq qalır.

Massachusettsdə yerləşən Egypt Research Associates Elmi Tədqiqat İnstitutunun alimlərinin araşdırmalarına görə qədim Misirdə bəzi vəzifəli məmurlara torpaq qrantları verilirmiş və onlar da piramidaları muzdlu işçilərə tikdirə bilərdilər. Elm adamları bu nəticəyə piramidaların ətrafında tapdıqları kölə qəbirlərinə əsasən gəliblər.

“Təbii ki, bu tapıntı da yeni bir fərziyyədir, hələ ki, araşdırmalar davam etməkdədir”-Mark Lehner “Qədim Sirlərin Çözümü” kitabında qeyd edib.

 

Kor insanlar yuxu görürlərmi?

Kor olaraq anadan olan və ya həyatının erkən dövründə görmə qabiliyyətini itirən insanlar (təxminən beş yaşa qədər) yuxu görəndə hər hansı görüntüləri yaşamırlar. Daha sonrakı yaş dövrlərində kor olan insanlar yuxu gördükdə, yaxud xəyal etdikdə bəzi vizual görüntüləri yaddaşda saxlaya bilirlər.

Danimarkalı tədqiqatçıların araşdırmalarına görə, kor olaraq anadan olanlar yuxu görə bilməsələr də, görmə qabiliyyətinə malik olanlardan daha çox xəyal etmə, eşitmə, qoxu, dad və toxunma kimi hissiyyat komponentlərinə sahib olma ehtimalı daha yüksəkdir.

Deməli, görmə qabiliyyəti olmayan insanlar rəngli görüntülər görə bilməsələr də, onlar yalnız səslər, hissetmə, eşitmə ilə əldə etdikləri siqnalları yuxularında duyur və eşidirlər.

 

Heyvanlar da özlərini müalicə edirmi?

Heyvanların da sağ qalmaq üçün özlərini hər hansı bir şəkildə müalicə etmə ehtimalı çox yüksəkdir. Buna ən bariz nümunə monarx kəpənəklərinin tırtıllarının südlü bitkilərlə qidalanmasını göstərmək olar. Belə ki, monarx kəpənəkləri  tez-tez ölümcül parazitlərə yoluxmamaq üçün kimyəvi maddələrlə zəngin olan südlü bitkilərə yumurta qoymağa meyillidirlər.

ABŞ-ın Emory Universitetinin alimlərinin heyvanların müxtəlif bitki və böcəklərdən istifadə edərək özlərini müalicə etmələrinə dair müxtəlif dəlilləri var. Məsələn, şimpanzelər bağırsaqlarındakı parazitləri təmizləmək üçün antibakterial xüsusiyyətlərə malik aspilla bitkilərinin yarpaqlarından istifadə edirlər. Onlar bu yarpaqların bağırsaq divarlarındakı parazit qurdları təmizlədiyinə inanırlar. Digər bir fakt isə oranqutanların dracaena cantleyi bitkisinin yarpaqları ilə oynaq və əzələ ağrısını azaltmaq məqsədilə bədənlərinə sürtməsidir.

Ən maraqlısı isə heyvanların bizi sanki doğru istiqamətə yönəltməsidir. Belə ki, şimpanzelərin, oranqutanların istifadə etdikləri aspilla və draceaena cantleyi bitkilərinin yarpaqları müasir tibdə bir sıra xəstəliklərin müalicəsində istifadə olunur.

 

Niyə gözlərimizi qırpırıq?

Heç gözlərinizi uzun müddət açıq saxlamaq kimi bir yarışma keçirmisinizmi? Əslində bu, çox çətin olur. Düşünmüsünüzmü bəs niyə gözlərimizi qırpmağa ehtiyacımız var?

Amerika Oftalmologiya Akademiyasının oftalmoloqu, professor Pagan Duran göz qırpmasının iki səbəbdən olduğunu söyləyib. Əvvəla, bu prosesin baş verməsi gözlərdəki hissəcikləri, yəni xarici cismləri təmizləyir. İkincisi, göz qırpmaq bəbəkləri yağlayır. İşığın düzgün bir şəkildə fokuslaşması, bulanıq görməmək üçün gözlərin hamar bir səthə ehtiyacı var. Bu proses nəticəsində göz almasının səthi hamarlaşır və su, yağ kimi gözyaşardıcı film ifraz edilir. Bu isə həm gözdə qurumanı, həm də narahatlığı aradan qaldırır. Həmçinin göz qırpmaq qısa müddət ərzində beynə zehni fasilə verir.

Göz qırpmaq bir refleksdir, yəni istər-istəməz baş verir. Lakin bəzi insanlarda stress və narahatlıq səbəbindən tiklər, yaxud vərdişli hərəkətlər də daha çox göz qırpmasına səbəb olur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.