“HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCANIN QURUCUSUDUR” MÖVZUSUNDA KONFRANS
Elm və təhsil

“HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCANIN QURUCUSUDUR” MÖVZUSUNDA KONFRANS

Lənkəran Dövlət Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş onlayn formatda konfrans keçirilib. Universitetin rektoru, professor Natiq İbrahimov tədbiri açaraq “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda məruzə edib. Bildirib ki, Azərbaycanın müasir tarixini ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyildir. Ulu öndərin xalqın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qayıdışı ölkəmizi vətəndaş müharibəsindən, məhvolma təhlükəsindən xilas etdi. 1990-cı illərin əvvəllərində Azərbaycanı dərin siyasi, sosial-iqtisadi böhran bürümüşdü, hər yanda hərc-mərclik, xaos, anarxiya baş alıb gedirdi. Müdrik rəhbərin titanik fəaliyyəti sayəsində qısa vaxtda ölkədə sabitlik, əmin-amanlıq bərpa edildi, bütün sahələrdə uğurlu islahatlar aparıldı. Azərbaycanda dinamik inkişafın təməli qoyuldu.

Ölkəmizin sürətli inkişafının və tərəqqisinin məhz Milli Qurtuluş Günü ilə başlandığını diqqətə çatdırıb. Bildirib ki,15 iyun təkcə dövlətçiliyimizin xilası deyil. Bu, həm də 44 günlük müharibədə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm qələbənin təməlidir. Qazanılan bütün uğurların əsasında ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursun möhtərəm Prezidentimiz tərəfindən layiqincə davam etdirilməsi dayanır.

Konfransda universitetin Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı, dosent Kamal Mahmudov, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Rakif İbadovun məruzələri dinlənilib. Məruzələrdə 15 İyun -- Milli Qurtuluş Gününü doğuran tarixi şəraitdən, Heydər Əliyevin müdrik siyasətindən, bu siyasətin bəhrələrindən, onun müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə gördüyü işlərdən, təhsilin inkişafına göstərdiyi yüksək diqqət və misilsiz qayğıdan ətraflı bəhs edilib.                            

Əlisəfa HƏSƏNOV,

                                                                                              “Respublika”.