Qarabağ Universiteti - gələcəyin elm məbədi
Elm və təhsil

Qarabağ Universiteti - gələcəyin elm məbədi

Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi dünyada Azərbaycanın hərbi-siyasi gücünə olan münasibəti köklü şəkildə dəyişdi, şanlı Qələbə işğalın dondurulmasında maraqlı olan ermənipərəst dövlətlərin niyyətini puça çıxardı. Müzəffər ordumuzun qəhrəmanlığı, Vətən sevgisi, qisas və düşmənə nifrət hissi, döyüş peşəkarlığı çoxlarının yuxusunu qaçırtdı və torpaqların azad edilməsi üçün ölümün gözünə dik baxan oğulların igidliyi düşmənlərimizin bağrına xəncər kimi sancıldı.

Tarixi qələbəmizdən altı ay sonra işğaldan azad edilən Ağdam şəhərinin xarabalıqları arasında böyük bir təntənə yaşandı. 2021-ci il mayın 28-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Ağdam rayonu ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə yenidən qurulacaq şəhərin təməl daşını qoydu və şəhərin Baş Planı təsdiq edildi. Həmin tarixi gündə daha şərəfli bir səhifənin yazılması hər birimizdə qürur və iftixar hissi yaratdı. Çox dəyərli bir günün sevinci uzun müddətdir ağdamlıların çöhrəsində yaşayır. Bu, həm də gələcək nəsillər üçün həmişə qürur mənbəyi olacaq.

Ağdamın dəyərli təhsil ənənələri olub, bu qədim diyar Azərbaycan elminə görkəmli alimlər, elm xadimləri bəxş edib. Vaxtilə Ağdam şəhərində dörd texnikum, ikiillik müəllimlər institutu, yüzlərlə orta məktəb fəaliyyət göstərib. Şəhər 1 nömrəli məktəbin 140 yaşı var. Məhz buna görə də, Ağdamda "ağıllı şəhər" və dayanıqlı şəhər konsepsiyasında təhsilin inkişafı xüsusi nəzərə alınıb. Təhsil ənənələrinin yaşadılması üçün dövlətimizin başçısının göstərişi ilə Ağdamda Qarabağ Universitetinin yaradılması nəzərdə tutulub. Universitetdən əlavə, Ağdam şəhərində xüsusi orta təhsil müəssisələri və liseylər də yaradılacaq. Bir sözlə, Ağdam bütün Qarabağın təhsil mərkəzinə çevriləcək. Bəşəri bir həqiqət var ki, təhsil gələcəyin qapısıdır, təhsil həm də bələdçidir, o, insana yeni ideyalar və tükənməz bir ruh verir, eyni zamanda məlumat mənbəyidir, duyğu və düşüncələrin, həyat həqiqətlərinin, cəmiyyətin, tarixi hadisələrin məcmusudur. Məşhur bir filosofun dediyi kimi, tarixini itirən xalq mənliyini itirmiş kimidir, vətən hissini itirən kəs insanlığını itirmiş kimidir, təhsilini itirən gələcəyindən məhrum edilmiş kimidir.

Yuxarıda qeyd etdiyimiz kimi, şəhərin yeni Baş Planına əsasən Ağdamda təhsilin bütün pillə və səviyyələri üzrə dövlət və xüsusi təhsil müəssisələrinin fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi, Qarabağ Universitetinin yaradılması, yaxın perspektivdə rayonun elm, təhsil və innovasiya mərkəzinə çevrilmək imkanlarını genişləndirəcək. Yaxşı bilirik ki, dünya dəyişir, qloballaşma, iqlim dəyişikliyi, ərzaq qıtlığı təhlükəsi planetimizi təhdid edir, məhz dünyanı yeni və mükəmməl texnologiyalar, yüksək elmi nailiyyətlər bütün təhlükələrdən xilas edəcəkdir. Təhsilin məzmununda 8 baslıca xüsusiyyəti (qlobal vətəndaşlıq vərdişləri, innovasiya və yaradıcılıq bacarıqları, texnologiya bacarıqları, fərdlərarası ünsiyyət bacarıqları, fərdlərə əsaslanan təhsil, əlçatan və inklüziv təhsil, problem əsaslı və birgə öyrənmə, ömürboyu və tələbə mərkəzli təhsil) özündə ehtiva edən yeni təhsil konsepsiyası müasir çağırışlara cavab verən, tam hazırlıqlı və rəqabətqabiliyyətli insan resurslarının formalaşdırılması, regionda yüksəkkeyfiyyətli təhsil modelinin qurulması baxımından faydalı istinad kimi qəbul edilə bilər. Bölgənin inkişaf konsepsiyası elm, təhsil və innovasiya mərkəzi kimi Ağdamda yeni nəsil ali təhsil müəssisəsinin yaradılmasını labüd edir. Şübhəsiz ki, yeni yaradılacaq Qarabağ Universiteti bölgənin və şəhərin ictimai həyatında fəal rol oynamaq, sosial missiyası çərçivəsində əhəmiyyətli töhfələr vermək potensialına sahib olacaqdır.

Təbii ki, yeni universitet təhsil və tədqiqat fəaliyyətləri ilə regional iqtisadiyyatın inkişafına, əmək məhsuldarlığının yüksəlməsinə töhfə verəcək, regionun elm və innovasiya potensialının inkişafında fəal iştirak edə biləcəkdir. Burada söhbət, ilk növbədə, texnologiyaların transferindən, texnoparkların, biznes-inkubatorların və ixtiraların patentləşdirilməsi sisteminin yaradılmasından, məsləhət xidmətlərinin göstərilməsindən gedir. Bundan başqa, yüksəkixtisaslı işçi qüvvəsini və gəncləri cəlb edən mərkəz kimi universitetin regionda məşğulluğun təmin edilməsindəki rolunu qeyd etmək olar. Belə ki, digər müəssisə və təşkilatlarla müqayisədə stabil məşğulluğu təmin edən universitet həm özündə, həm də müasir funksiyaları çərçivəsində formalaşdıracağı yeni strukturlarında iş yerlərini yaratmaqla, məzunlarının regionda işə düzəlməsinə dəstək göstərməklə məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verə biləcək. İlkin təhlillər göstərir ki, Ağdamın Qarabağda elm, təhsil və innovasiya mərkəzinə çevrilməsi üçün unikal şərtlər və real perspektivlər mövcuddur. Eyni zamanda, hesab edirik ki, bütövlükdə Qarabağda innovativ ekosistemin formalaşmasında və Ağdamın sözügedən regionun iqtisadi inkişafının drayverinə çevrilməsində təhsil faktoru müstəsna əhəmiyyət kəsb edəcəkdir.

Bir daha qeyd edək ki, müasir dövrdə universitet təkcə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edən elm, mədəniyyət, təlim, tədris mərkəzi kimi deyil, həmçinin intellektual məhsul istehsalçısı simasında bazar iqtisadiyyatının subyektinə çevrilir. Bununla əlaqədar olaraq, uni-versitetlərdə ixtiraların bazara çıxarıla bilməsinə yönəldilmiş xüsusi infrastruktur formalaşdırılır. Əvvəllər özəl sektor sadəcə xeyriyyə, sponsorluq və ya ianə verməklə məhdudlaşırdısa, bu gün təhsil müəssisələrinin inkişafında fəal rol oynayır, öz hesabına universitetlərin maddi bazasının daha da yaxşılaşdırılması və kadr hazırlığı sisteminə mütəxəssislərin daxil edilməsi üçün çalışır, öz mütəxəssislərini təhsil müəssisələrinin modernləşdirilməsi prosesinə cəlb edir. Həmçinin, birgə təhsil layihələrinin reallaşdırılması üçün digər xeyriyyəçilərdən vəsaitlərin cəlb olunması ilə məşğul olur. Bu şərtləri əsas tutaraq Qarabağ Universiteti ölkəmizin rəqəmsal transformasiyasının təmininə nail olacaq insan kapitalını formalaşdıran sənaye universiteti kimi əhəmiyyətli rol oynayacaq. Qarabağ Universiteti yenilikçi bir iqtisadiyyatın əsas lokomotivlərindən olmaqla yanaşı, ölkənin elmi və texnoloji inkişafına təsir göstərməsi, innovasiya sahəsində azad yer tutması, yüksəkixtisaslı kadrların hazırlanmasında, sosial-iqtisadi siyasətin həyata keçirilməsində mühüm rol oynayacaqdır.

Yada salaq ki, bir neçə il öncə Qarabağ Universitetinin yaradılması gündəmə gətirilmiş və müzakirələr aparılmışdı. Bu müzakirələr zamanı universitetin yerləşəcəyi bölgələr barədə təkliflər var idi ki, Qarabağ Universiteti ya Ağcabədi rayonunda, ya da Bərdə rayonunda inşa olunsun və fəaliyyətini bu rayonlardan birində həyata keçirsin. Bütün bunlara baxmayaraq, yeni universitetin yaradılması təklifi və müzakirələri təklif olaraq qalmaqda idi və bu barədə addımlar atılmamışdır. Vətən müharibəsindən sonra respublikamızda yeni reallıqlar yarandı. Prezidentin tapşırığı əsasında Ağdam şəhərində Qarabağ Universitetinin yaradılması məhz həmin reallıqlardan irəli gəlmişdir.

Ümid edirik ki, Qarabağ Universiteti güclü bir təhsil brendi olacaqdır. Qarabağda elə bir ali təhsil müəssisəsi yaratmaq lazımdır ki, beynəlxalq sferada rəqabətə dayanıqlı ola bilsin. Bunun üçün peşəkar professor-müəllim heyəti formalaşdırmaq, universitetin maddi-texniki bazasını ən son texnologiyalar əsasında qurmaq vacib məsələlərdəndir. Qarabağ Universitetində şəhid övladlarının ödənissiz təhsil almaları təmin edilməli, həmçinin, qazi övladlarına ödənişsiz təhsil almaq hüququ ve-rilməlidir. Qarabağın təbliğatını aparmaq baxımından xarici ölkə vətəndaşlarının universitetə qəbulunu həyata keçirmək, həmçinin ali məktəbin həm kampusunun, həm də yataqxanasının olması əhəmiyyətli məsələlərdən biridir. İnanırıq ki, yeni yaradılacaq universitet Qarabağın tarixinin, çoxəsrlik mədəniyyətinin, adət-ənənəsinin, müzəffər ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbənin tədris edilməsində, bölgənin inkişafında, kadrların yetişdirilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Natiq CAVADOV,

iqtisad üzrə elmlər doktoru, professor.