Vətənpərvərlik nümunəsi
Elm və təhsil

Vətənpərvərlik nümunəsi

"Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Dünyada kifayət qədər gözəl, nəcib peşələr var. Məsələn, həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir, mühəndis fabrik və zavodların işini tənzimləyir, yüksək binalar ucaldır, yollar çəkir, körpülər salır, kosmonavtlar fəzanı fəth etməklə planetlərin sirlərini öyrənir. Qeyd etdiklərimizin hər birinin özünəməxsus xüsusiyyəti olsa da, onların fövqündə dayanan müqəddəs bir peşə - müəllimlik də var. İstər həkim, istər mühəndis, istərsə də kosmonavt yiyələndiyi sənətin incəliklərini məhz müəllimindən öyrənirlər. Çünki elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan varlıq müəllimdir. Müəllimlər həyatın enişli-yoxuşlu yollarında öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfə verirlər. Bütün bunlar dünyada müəllim əməyinin bənzərsiz olduğunu söyləməyə əsas verir.

Bəşəriyyətin yüksək inkişaf səviyyəsindən, elmi-texniki tərəqqidən söhbət açırıqsa, müəllimlərin rolunun əvəzsiz olduğu bir daha təsdiqlənir. Cəmiyyətin əzəli də, sonu da müəllim əməyi ilə xarakterizə olunur. Çünki insanlar məhz müəllimlərin sayəsində öyrənə-öyrənə kamilləşir, təbiətin sirlərinə yiyələnərək onu ram edir, yeni-yeni kəşflərlə öz həyatlarını asanlaşdırırlar. Müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Müəllimlər həyatını xalqının işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahibləridirlər.

Hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu gün UNESCO-nun qərarı ilə 1966-cı ildən bəri bütün dünyada qeyd edilir. Həmin il bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul olunub. Belə əlamətdar günün təsis edilməsi dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına zəmin yaradıb.

Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ulu öndər Heydər Əliyev hər zaman müəllimlik peşəsini yüksək qiymətləndirib, "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" deyib. Ümummilli lider bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təqdirəlayiq işlər görüb. Ulu öndərin hər tədris ilinin ilk günündə məktəblərdə olması, müəllim və şagirdlərlə görüşü, onları dinləməsi və öz müdrik tövsiyələrini verməsi bunu bir daha təsdiqləyir. Dahi lider, həmçinin müəllimlərin əməkhaqlarının artırılması, onlara fəxri adların verilməsi ilə bağlı sərəncamlar imzalayıb. Təkcə 70-ci illərdə 817 nəfər "Əməkdar müəllim" fəxri adı almış, 3 nəfər müəllim o dövrün ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.

Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son dövrlərdə müəllim nüfuzunun yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bunu Azərbaycan müəllimlərinin XIV Qurultayının iştirakçılarına təbrik məktubunda ölkə Prezidenti İlham Əliyevin dedikləri də bir daha təsdiqləyir: "Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır".

2004-cü ildə dövlətimizin başçısı "2005-2008-ci illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı" nın qəbul edilməsi ilə bağlı xüsusi Sərəncam imzalayıb ki, bu da müəllim peşəsinə verilən dəyərin göstəricisidir. Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin seçilməsi və işlə təmin edilməsi üçün dünyada sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi istiqamətində bir sıra əhəmiyyətli addımların atılması da bunu sübut edir.

Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, həmçinin Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzminin təzahürüdür. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İşğaldan azad edilmiş ərazilərimizdə də təhsil müəssisələrinin tikintisi bunu bir daha təsdiqləyir. İndi respublikamızda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları geridə qoyur. Digər bir sevindirici hal isə bu prosesin paytaxtla yanaşı, bütün bölgələri də əhatə etməsidir.

Nəzrin ELDARQIZI,

"Respublika".