ZEYNALOVLAR AİLƏSİNİN FACİƏSİ və ya bir zarafatın acı nəticəsi
Sosial həyat

ZEYNALOVLAR AİLƏSİNİN FACİƏSİ və ya bir zarafatın acı nəticəsi

Ailənin bir üzvünün qanunsuz həbsi, əsassız saxlanılması, daha sonra isə cəzalandırılması o ailənin bütün üzvləri üçün ağır faciə idi. Dörd oğlunun repressiyaya məruz qalmasından - üçünün güllələnməsindən, dördüncüsünün ilyarımdan artıq həbsdə saxlanılmasından ananın keçirdiyi iztirabları nəinki qələmə almaq, təsəvvür etmək belə mümkün deyil. Söhbət Zeynalov qardaşlarından gedir. İbrahim, Məbud, Zahid 1937-1938-ci illərdə güllələnmiş, İsfəndiyar isə uzun müddət həbsdə olmuşdur. Adları çəkilənlərdən başqa, Nəcabət xanımın İlyas və Rüfət adında oğlanları və Fizzə adlı qızı da olub.

İbrahim 1937-ci il iyulun 25-də Bakıda, Məbud iyulun 29-da Moskvada, Zahid isə sentyabr ayında Tiflisdə həbs edilmişdir. Bacıları Fizzə 1954-cü ildə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik nazirinə məktub ünvanlayaraq qardaşlarının məhkumluğunun səbəbinin araşdırılmasını xahiş etmişdir. Məktubda bildirilirdi: "Qardaşlarımın həbsindən öncə belə bir hadisə baş vermişdir. 1934-cü ildə ətriyyat istehsalında istifadə edilən ekstratın (neft emalı zavodlarının məhsulu) alınması məqsədilə TEJE trestinin rəisi Polina Semyonovna Jemçujina (həmin dövrdə SSRİ Xalq Komissarları Sovetinin sədri Molotovun həyat yoldaşı - M.M.) Bakıya gəlmişdi. Mən Polina ilə 1925-ci ildən, Moskvada, Xalq Təsərrüfatı İnstitutunda oxuduğum vaxtdan tanış olduğum üçün o, bizdə qalmışdı. Həmin gün Moskvada ezamiyyətdə olan İbrahimdən başqa ailəmizin bütün üzvləri nahar masası arxasında oturmuşdu. Söhbət neft hasilatından düşdü. O vaxt ölkədə neft planı yerinə yetirilmirdi. Mən zarafatla dedim ki, yaranmış vəziyyətlə bağlı Zaqafqaziya Partiya Komitəsinin katibi Beriya Bakıya gəlsə də, hasilat nəinki artmayıb, əksinə, aşağı düşüb. Bu söhbətdən təxminən 2 ay sonra qardaşım İbrahim çox pərişan halda bizə gəldi və Jemçujinanın yanında neft və Beriya haqqında nə danışdığımızı soruşdu. İşin nə yerdə olduğunu biləndən sonra söylədi ki, Bağırov onu yanına çağırıb və "Siz nə haqla demisiniz ki, yoldaş Beriyanın Bakı proletariatının yanında nüfuzu yoxdur. Beriya haqqında söhbətlərə görə sizin ailənizi yer üzündən siləcəyəm", - deyib.

Göründüyü kimi, Bağırov dediyini etdi. Bağırovla söhbətdən İbrahim müəyyən edib ki, Moskvaya qayıtdıqdan sonra yoldaş S.Orconikidzeni görən Jemçujina ona bizim evdə olan söhbəti danışıb. Ehtimal ki, yoldaş Orconikidze söhbəti Beriyaya çatdırmışdır. Bundan hiddətlənən Beriya bu söhbəti Bağırova danışmış, beləliklə, Bağırovda ailəmizə qarşı qəzəb yaranmışdır. Qeyd olunanları nəzərinizə çatdırmaqla qardaşlarımın həbsinin düzgünlüyünü yoxlamağı, təqsirləri olmadıqları halda, onları əmək sahəsinə qaytarmağı və ailəmizin reabilitasiyasını təkidlə Sizdən xahiş edirəm".

***

Məbud Zeynalov həbs olunan zaman Moskvada kifayət qədər məsul vəzifədə - Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Nəzarəti Komissiyasında (PNK) çalışırdı. O, 1920-ci ildə partiya sıralarına qəbul edilmişdir. Əmək fəaliyyətinin böyük bir hissəsi dövlət və partiya orqanlarında keçmiş, 1920-ci ildə Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəsi təyin edilmişdir. 1921-1923-cü illərdə Azərbaycanın, daha sonra isə Zaqafqaziya Federasiyasının Türkiyə nümayəndəliyində müxtəlif vəzifələrdə çalışmışdır. 1928-1931-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kütləvi-təşviqat şöbəsinin müdiri və büro üzvü olmuşdur.

Zaqafqaziya diyar komitəsinin 1931-ci il 30 avqust tarixli qərarı ilə Məbud Zeynalov AK(b)P-nin MK-sı və BK-sı əleyhinə mübarizə aparan dəstənin təşkilatçısı və rəhbəri kimi işdən azad edildi və Azərbaycandan uzaqlaşdırıldı. 1931-1935-ci illərdə o, Ural və Xarkov vilayət partiya komitələrində çalışmış, daha sonra PNK-da nəzarətçi vəzifəsində işləmişdir. 1937-ci il iyulun 3-də tutduğu vəzifədən azad edilmiş, 29 iyulda isə həbs olunmuşdur. M.Zeynalov Sovet hakimiyyəti əleyhinə silahlı üsyan etməklə Azərbaycanı SSRİ-dən qoparmaq məqsədi daşıyan əks-inqilabi millətçi təşkilatın üzvlüyündə, casusluqda, partiya və hökumət rəhbərlərinə qarşı terrorda, AK(b)P MK katibi Bağırova qarşı terrordan xəbərdar olmaqda, Azərbaycan, Gürcüstan və Ermənistan əks-inqilabi mərkəzlərilə bloklaşmada, əks-inqilabi millətçi təşkilata yeni üzvlərin cəlb edilməsində təqsirli bilinirdi. O, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar sessiyasının 3 iyul 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Matuleviçin sədrliyi ilə Bakıda qurulan "məhkəmə" saat 22.10-da başlanmış, 22.25-də bitmişdir.

SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 24 sentyabr 1955-ci il tarixli qərarı ilə 3 iyul 1938-ci il hökmü ləğv olumuş, cinayət tərkibi olmadığından işə xitam verilmişdir. Həbs olunmuş Azərbaycan SSR-nin sabiq xalq daxili işlər komissarı Borşov 1955-ci ildə Moskvada istintaqa verdiyi ifadəsində M.Zeynalovun M.C.Bağırovun göstərişi ilə həbs edildiyini bildirmişdir.

***

Neft trestinin rəisi İbrahim Zeynalov 1937-ci il iyulun 26-da həbs olundu. Ona qarşı Azərbaycan neft sənayesində fəaliyyət göstərən antisovet trotskiçi diversiya-ziyançı və terrorçu təşkilatın rəhbərlərindən biri, 1935-1936-cı illərdə neft sənayesində bir sıra aktların icracısı və AK(b)P rəhbərlərinə qarşı terror aktının hazırlanmasında iştirak ittihamı irəli sürülmüşdü. Maraqlıdır, 1931-ci ilin neft planının yerinə yetirilməsinə görə Qırmızı Əmək Bayrağı ordeni alan, 1935-ci ildə əldə etdiyi yüksək göstəricilərə görə SSRİ Xalq yanacaq sənayesi komissarlığı tərəfindən fərdi avtomobillə mükafatlandırılan şəxs birdən-birə necə "vətən xaini" oldu?

İyulun 28-də aparılan dindirmə zamanı İ.Zeynalov özünü təqsirli bilmir. Lakin artıq avqustun 3-də o, 1934-cü ildə əks-inqilabi təşkilata Azneftin rəisi Slutsski tərəfindən cəlb olunduğunu "etiraf" edir. Sentyabrın 13-də Slutsski ilə üzləşdirmə zamanı İ.Zeynalov əvvəl verdiyi ifadəsindən imtina edir. Amma sabahısı gün, yəni sentyabrın 14-də İ.Zeynalov XDİK-də yazdığı məktubda təqsirini yenidən etiraf edir. Həmin gün o, yenidən dindirilir və neft məhsullarının saxlanılmasında və nəqlində, Bakı-Batumi neft kəmərinin yenidən qurulmasında və s. sahələrdə ziyançılıq etdiyini "boynuna alır".

1937-ci il oktyabrın 10-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası İ.Zeynalovun "cinayət işinə" baxır. İşdə "cinayət"i sübuta yetirən faktların olmaması, ittihamın həbs və məhkum olunan şəxslərin istintaqa verdikləri ifadələr əsasında qurulması məhkəməni ədalətsiz hökm çıxarmaqdan çəkindirmədi. İ.Zeynalov ölüm cəzasına məhkum olundu. Hökm oktyabrın 11-də icra edildi.

***

Təəssüflər olsun ki, Zahid Zeynalov haqqında məlumat azdır. Belə ki, həbs anında o, Gürcüstan SSR-in Axalsıx Rayon Partiya Komitəsinin katibi olmuşdur və onunla bağlı sənədlər qonşu respublikanın arxivlərində saxlanılır.

Z.Zeynalov sağ antisovet təşkilatın fəal üzvlüyündə, dağıdıcı fəaliyyət aparmaqda və Sovet hökuməti rəhbərlərinə qarşı terror aktlarının hazırlamasından xəbərdar olmaqda təqsirli bilinərək 1937-ci il oktyabrın 26-da həbs edilmiş, güllələnməsinə Stalin razılıq vermişdir. 1937-ci il 22 noyabr tarixli Gürcüstana aid "Stalin siyahısında" Z.Zeynalovun da adı var.

Gürcüstan SSR XDİK-nın üçlüyünün qərarı ilə "vətən xaini" Zahid Zeynalova 3 dekabr 1937-ci il tarixdə ölüm hökmü oxunmuşdur.

***

Beləliklə, qısa zamanda bir ailənin üç üzvü güllələndi. Düzdür, ailənin bundan xəbəri yox idi. Həmin dövrün qaydalarına görə, siyasi məhbusların güllələnməsi barədə onların ailə üzvlərinə məlumat verilmirdi. Müraciət edənlərə bildirilirdi ki, həmin şəxs 10 il müddətinə azadlıqdan məhrum olunub və cəzaçəkmə yerinə göndərilib.

Görünür üç qardaşın ölümü Mir Cəfər Bağırovun qəzəbini soyutmamışdı. 1938-ci il avqustun 22-də Bakıda Zeynalovlar ailəsinin daha bir üzvü, İsfəndiyar həbs edildi. Bu vaxt o, "Əzizbəyovneft" trestinin texniki təhsil şöbəsində filial müdiri vəzifəsində çalışırdı.

İsfəndiyar Zeynalov Volodarski adına fabrikin Partiya Komitəsinin katibi Mojnovun məlumatı əsasında həbs edilmişdir. Mojnov barəsində sağ trotskiçi kimi istintaq işi açılmışdır. Müstəntiqin "kimləri təşkilata cəlb etmisən?" sualına cavab verərkən o, İ.Zeynalovun adını çəkir. Vaxtikən Bakı şəhəri İliç Rayon Komsomol Komitəsinin katibi olan Mojnov dindirmə zamanı deyib: "Əks-inqilabi təşkilata Zeynalovu 1936-cı ilin aprelində cəlb etmişəm. Mən ona gənclərin kommunist tərbiyəsi işini pozmaq, komsomol təşkilatının fəaliyyətini iflic etmək tapşırığı vermişdim. O, mənim tapşırığımı yerinə yetirmiş, kollektiv sərxoşluq məclisləri təşkil etmişdir".

Dəfələrlə dindirilən İ.Zeynalov heç bir antisovet təşkilatının üzvü olmadığını bildirirdi. Digər tərəfdən, bir müddət sonra Mojnov verdiyi ifadədən imtina edərək, İ.Zeynalova böhtan atdığını etiraf etmişdir. Lakin istintaq Zeynalovu heç cür azadlığa buraxmaq istəmirdi. O, Azərbaycan Xalq Daxili İşlər komissarı Yemelyanova, SSRİ Baş prokuroru Vışınskya ünvanladığı məktublarda həbsdə əsassız saxlanıldığını bildirmişdir. Çarəsiz qalan İ.Zeynalov 1940-cı ilin aprelində aclıq elan edir.

İstintaq çıxılmaz vəziyyətə düşmüşdü - işdə bir şahid var idi, o da ifadəsini dəyişmişdi. Bu halda işi məhkəməyə göndərmək olmazdı. Və istintaq çıxış yolu "tapır". 1939-cu ilin iyun ayında qərara alınır ki, İ.Zeynalovun işi baxılması üçün SSRİ XDİK yanında Xüsusi Müşavirəyə göndərilsin. Lakin Xüsusi Müşavirə işə baxmaqdan imtina edir və yenidən araşdırılması üçün geri qaytarır. Respublika prokurorunun köməkçisi Valitski hesab edir ki, İsfəndiyar Zeynalovun Azərbaycanın ərazisində qalması arzuolunmazdır. Azərbaycan SSR Xalq Daxili İşlər komissarı Yemelyanov SSRİ Xalq Daxili İşlər komissarı Beriyaya ünvanladığı məruzədə İ.Zeynalovun "xüsusi təhlükəli cani" olduğunu göstərmişdir. İş yenidən məruzə üçün Moskvaya, SSRİ Xalq Daxili İşlər komissarının müavini Merkulova göndərilir. Amma o da, istintaqın natamamlığını səbəb göstərərək, işi geri qaytarır.

7 iyun 1940-cı ildə Azərbaycan SSR XDİK İstintaq hissəsinin müstəntiqi Qnezdov qərara alır: "Məhkəməyə verilməsi üçün dəlillərin kifayət etmədiyindən İsfəndiyar Kərim oğlu Zeynalov həbsdən azad olunsun, işə xitam verilsin və arxivə göndərilsin". Beləliklə, 1 il 9 aydan artıq həbsdə qaldıqdan sonra İ.Zeynalov azadlığa buraxılır.

***

Üç övladının taleyindən bixəbər, bir övladı heç bir səbəb olmadan ilyarımdan artıq həbsdə saxlanılan Nəcabət ananı həyat daha bir sınağa çəkir - 1940-cı ilin əvvəlində böyük oğlu İlyas vəfat edir.

***

Həbs olunmasalar da, ailənin digər üzvləri - İlyas, Fizzə və Rüfət XDİK-nın nəzarətindən kənar deyildilər. Bu, Azərbaycan SSR Xalq Daxili İşlər komissarının müavini Markaryanın 1939-cu ilin fevralında imzaladığı "Repressiya olunmuş xalq düşmənləri Zeynalovların (qardaşlar) ən yaxın qohumları haqqında arayış"dan görünür. Sənəddə qeyd olunub ki, qardaşların böyüyü Zeynalov İlyas Kərim oğlu "bitərəfdir, taxıl tədarükü birliyinin Azərbaycan kontorunda çalışır, özünü sovet adamı təqdim edir. Ələ almaq üçün onun yaxın ətrafında namizəd axtarılır. Ailənin sonbeşiyi pedaqoji institutun (digər sənəddə universitetin - M.M.) tələbəsi Rüfət qardaşı İlyasın yanında işləyir, qardaşların həbsini gizlətmir. O da bacısı Fizzə kimi müşahidə olunur".

Mirabbas MƏMMƏDOV,

Dövlət Sərhəd Xidmətinin "Siyasi

repressiya qurbanları" muzeyinin rəisi.